Ermənilərin “Böyük Ermənistan” yaratmaq planları necə pozuldu?

Baxış sayı:
8553
“...Doğrudan da Qara dənizdən Aralıq dənizinə, Qarabağ dağlarından Ərəb səhralarına qədər olan torpaqlarda neçə-neçə milyon türkün və digər erməni olmayan xalqların arasında bircə nəfər erməni yoxsa, Ermənistan dövləti yaratmaq kimi başqa gülünc ideya ola bilərmi?”  

                                                                                 

S.Q.Pirumyan

 
 
Heç kəsə sirr deyil ki,  bu gün ermənilər son zamanlar  xəyali “Böyük Ermənistan” adlı dövlət yaratmaq ideyasını gündəlik erməni təbliğatına çevirmişlər və Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan ərazilərini də bu “dövlətin” tərkibində görürlər. Bir ucu Qaradənizə, bir ucu Aralıq dənizinə, digər bir ucu isə Xəzər dənizinə, yəni Bakıya çıxışı olan bu “dövləti” qurmaq planları Ermənistan cəmiyyətini “məşğul etməkdədir”. “Yerkir”  adlı ermənicə qəzetdə bununla bağlı xəritə verilib. Bu xəritə, buna bənzər “Böyük Ermənistan” xəritələri Ermənistanda hər kəsin başının üstündə asılır “yerkir” qəzetinin bu  yazında da da deyilir ki, “...ermənilər  Birinci Dünya müharibəsi illərində buna çox yaxın idilər, yəni “Böyük Ermənistanı” qurmağa yaxın idilər.  Təbii ki müharibənin nəticələrindən çox şey asılı olacaqdı.  Çünki o zaman ermənilərdən ibarət   Osmanlı dövləti ilə savaşa girən 7 böyük ordu var idi və Rusya ordularının tərkibində 250 min erməni savaşçı vardı. 1915-ci il 27 may “Sevk və iskan “( Təhcir) qərarı ilə erməni əhali Şərqi Anadoludan Osmanlı dövlətinin digər bir ərazisinə köç etdirildikdən sonra bu plan dəyişdi”. Erməni qəzeti belə yazır.
Bu xəritədə isə başqa bir əsrdə,başqa bir “erməni” dövlətinin xəritəsi cızılıb.  Qara dənizdən Xəzər dənizinə qədər uzanan ərazi Böyük Hayka aaidmiş. Ondan qərbdə Kiçik Haykın torpaqları yerləşirmiş. Aralıq dənizinin sahilində isə Kilikiya Ermənistanıymış...
Artıq Şərqi Anadoluda dövlət yaratmaq ideyasının iflas olunduğunu görən ermənilər də Cənubi Qafqaza üz tutdular. Rusiyada baş verən inqilablar (1917-fevral, 1917-oktyabr) nəticəsində baş verən qlobal dəyişikliklər bu məsələyə yeni yanaşma tələb edirdi.  Mustafa Kamal Atatürkün deyimi ilə “Şərqdə ermənilərin Kızılırmağa qədər tecessüsü hazırlıqlarına və indidən hüdudlarımıza qədər qətliam siyasətinə başlaması”(4 sentyabr 1919. Sivas konqresini açarkən) və bu bölgələrdə siyasi mənada heç nə əldə etməməsi onları daha da azğınlaşdırmışdı. 1915-ci ildə ermənilərin Şərqi Anadoludan köçürülməsi erməni siyasi təşkilatlarının burada aktiv fəaliyyət göstərmək imkanını azaltmışdı. Bu bölgədə “ermənilərin gözlədiklərinin əksinə olaraq 1916-cı il iyunun 8-də II Nikolay Türkiyənin işğal edilməsi haqqında əsasnaməni imzalayarkən “bu ərazilərdə yaradılmış 29 dairənin hərbi rəislərindən yalnız birini ermənilərdən təyin etmişdi . Rusiya həmin dövrdə öz geosiyasi mənafeyini təmin etmək üçün ermənilərdən  yenə də alət kimi istifadə edir və Türkiyəyə xəyanət edən ermənilərdən çox da sədaqət gözləmirdi. “Daşnaksutyun” partiyasının liderlərindən olan Hovhannes Kaçaznuni də bu fikrə  gəlmişdi ki, ruslar onları aldatdılar və satdılar. O qeyd etmişdi ki, Rusiya “Ermənistan”ı boşaltmaq və oraya kazakları yerləşdirmək xəttini tutdu. Knyaz Lobanov- Rostovskinin məşhur “Ermənisiz Ermənistan” layihəsi həyata keçirildi”    
Hovhannes Kaçaznuni Ermənistan Respublikasının baş naziri, “Daşnaksutyun”  partiyasının liderlərindən biri olub. Partiyanın 1923-cü ildə Buxarestdə keçirilən XI Konqresində söylədiyi fikirlə bir daha göstərmişdi ki, erməni şovinizmi heç öz xalqına da xoşbəxtlik gətirməmişdir: “Daşnaksutyun” (məni səhv anlamayın, bir partiya olaraq) keçmişin bir artığıdır, orqanizmin ehtiyac duymadığı lazımsız bir orqandır”. Bu fikri söyləməyə Kaçaznunini vadar edən apardıqları siyasətin iflasa uğraması idi, demək onun uzun illər – 1890-cı ildən bəri apardığı siyasət mənasız fəaliyyət olmuşdu. Liderin gəldiyi qənaəti bölüşməyən partiya üzvləri olsa da, bir şey qaçılmaz idi ki, terror və qan tökməyi siyasi fəaliyyət adlandıranların sonu çatmışdı. “Erməni İnqilabi Federasiyası – Daşnaksütyunun artıq edəcəyi bir şey qalmadı. Partiyamız edilməsi lazım olan nə vardısa hər şeyi etmiş və özünü tükətmişdir”. Bu, məğlub olmuş, özünü bitirmiş bir insanın etirafları idi. Daha sonra isə o deyirdi: “Mən “Daşnaksutyun”un edəcək bir işi qalmadığını söylədim. Səhv demişəm. Onun bütünlüklə ermənilərin, xüsusən də özünün siyasi keçmişi qarşısında edə biləcəyi son bir işi var: Partiya, öz qərarıyla öz varlığına son verməlidir”.
S.Q.Pirumyan da özünün “Daşnaklar xaricdə” kitabında qeyd edir ki, “doğrudan da Qara dənizdən Aralıq dənizinə, Qarabağ dağlarından Ərəb səhralarına qədər olan torpaqlarda neçə-neçə milyon türkün və digər erməni olmayan xalqların arasında bircə nəfər erməni yoxsa, Ermənistan dövləti yaratmaq kimi başqa gülünc ideya ola bilərmi?” 
Doğrudan da ermənilərin bu xülyası, “Böyük Ermənistan” dedikləri sərsəm ideyaya görəsən, onların özlərindən başqa bir kimsə inanırmı? Yenə də Kaçaznuniyə müraciət etmək məcburiyyətindəyik. Onun dövlət başçısı olduğu dövrdə, yəni 1919-cu ilin baharında Ermənistan Respublikasının nümayəndələri ilə (daşnaklar) milli nümayəndələr (ramkavarlar) bir yerdə sülh konfransına tələblərlə getmiş və müttəfiq dövlətlərə memorandum təqdim etmişdilər. “Həmin memoranduma görə aşağıda adları qeyd olunan torpaqların Ermənistan dövlətinin sərhədləri içərisinə daxil edilməsi tələb olunurdu:
a) Sərhədləri genişləndirilmiş Cənubi Qafqaz respublikası
b) Türkiyənin yeddi vilayəti
c) Kilikiyada dörd sancaq» .
Demək ermənilər həmin xülyadan əl çəkmirdilər. “Qara dənizdən Aralıq dənizinə, Qarabağ dağlarından Ərəb səhralarına uzanan Böyük Ermənistan tələb edilməkdə idi”. 
Bölgədə hərbi vəziyyətdən narahat olan və heç cürə müharibənin olmasını istəməyən Sovet hökuməti məsələlərə müdaxilə etdi. 1920-ci ilin 3 iyununda Sovet hökumətinin xarici işlər naziri Çiçerin məşhur məktubu peyda oldu. Çiçerinin məktubunda göstərirdi ki, Sovet hökuməti Üç sancağı (Qars, Ərdəhan, Batum) Türkiyəyə vermək məsələsini fikirləşir... Ankaraya da həmin vaxtlar Şərqdə hərbi əməliyyatlar aparmaq sərf etmirdi, üstəlik yunanların Qərbdə “dinc durmadıqları” barədə məlumatlar alınırdı. Ona görə də Ermənistana qarşı müharibə bir qədər təxirə salınmış oldu. 10 avqust 1920-ci ildə Ermənistanla Sovet hökuməti arasında müqavilə imzalandı. Ermənilər Türkiyənin sülh siyasətini öz ölkələrindən qorxaqlıq hesab edərək yenə də işğalçılıq siyasətlərindən əl çəkmirdilər. Avqustun 12-də Oltu bölgəsində müdafiəsiz əhaliyə hücuma keçdilər, 13 sentyabrda isə hərbi əməliyyatlarını genişləndirərək Şərqi Bəyazidi işğal etdilər. Ankara hökumətinin artıq səbri tükəndi və ermənilərə qarşı hərbi əməliyyatlara başlamaq əmri verdi. Şərq Cəbhəsi Komandanlığı sürətli bir hərəkətlə 27–28 sentyabrda hücuma başlamış, 29 sentyabrda Sarıqamışı, 30 sentyabrda Merdeneki (Gölə) azad etmişdi. Müəyyən hazırlıq görəndən sonra 28 oktyabr 1920-ci ildə Qars üzərinə hücuma keçilmişdir, 30 oktyabrda Qars ermənilərdən azad edilmişdir. Bu  Yeni Türkiyənin Qurtuluş müharibəsinin ən böyük zəfərlərindən biri sayıla bilər. Bu hadisələrə qədər Qars və onun ətraf rayonlarında hansı faciələrin yaşandığı, ermənilərin silahsız, köməksiz əhaliyə hansı zülmlər verdiyi tarixi sənədlərdə öz əksini tapmışdır. Ermənicə çıxan “Hayrenik” qəzetində belə bir məlumat getmişdi ki, güya Kazım Qarabəkir paşa ermənilərin Qars Toplantı Kuruluna məktub göndərərək onlara müstəqillik yollarında uğurlar diləyib. Bu informasiyanin özü bir erməni yalanıdır, Kazım Qarabəkir paşa həqiqətən bu toplantıya məktub göndərib. 29 mart 1918-ci il tarixli həmin məktubda Kazım paşa yazmışdı: “Əfəndilər, Qafqazda övlad və ailənizin, xüsusən özünüzün əmniyyət içərisində yaşaması Osmanlı dövlətinin ən böyük arzusudur. Bu şərtlə ki, altıyüz ildən bəri birlikdə yaşadıqları bir millətin qadın və uşaqlarına qarşı müxtəlif işgəncə və zülmlər edən canavar Osmanlı ermənilərinin aldadıcı sözlərinə inanmayasınız. Ermənilərin əlləri qanlı, üzləri ləkəlidir... Keçdikləri yerlərdə nə həyat, nə namus, nə də mal buraxmamışlar”. Budur Kazım paşanın yazdıqları. Əlbəttə, paşa məktubunda ermənilərə “Osmanlı millətinin fərdləri olaraq xoşbəxt bir həyata daxil olmalarını” arzu edib, amma erməniləri haqlı hesab edən, onların mübarizəsini dəstəkləyən hər hansı fikir  olmayıb . 
Bütün sadalanan planların, gizli razılaşmaların heç biri baş vermədi, Rusiyada 1917-ci ilin fevralında, daha sonra oktyabrda baş verən inqilablar bütün  gizli erməni planlarını pozdu. 3 mart 1918-ci ildə Brest-Litovskda müqavilə bağlandı, Rusiya müharibədən çıxdı, Şərqi Anadoludan da qoşunlarını çıxardı. Amma rus ordusu öz silahlarını onun tərkibində Türkiyəyə qarşı vuruşan ermənilərə verməsi faktı gerçəkdir və ermənilər sandılar ki, rus silahı ilə həmin planı gerçəkləşdirə biləcəklər. Ermənilər bu silahlarla Şərqi Anadoluda, daha sonra isə Cənubi Qafqazda türk-müsəlman əhaliyə qarşı əsl soyqırımına başladılar.Cənubi Qafqazda da heç vaxt ermənilərin sayı türk-müsəlman əhalinin sayından çox olmayıb. Rusiyanın Qafqazı istilasına qədər bu bölgədə ermənilər əhalinin çox cüzi hissəsini təşkil edirdilər. İndi ermənilərin özlərinə paytaxt elədikləri İrəvan şəhəri Azərbaycanın ən böyük siyasi və mədəni mərkəzlərindən biri olmuşdur. Digər bir mənbə də təsdiq edir ki, XX əsrin əvvəllərində Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən bir milyonu gəlmədir, ruslar tərəfindən köçürülərək yerləşdirilmişdir. Zaqafqaziya Statistika Komitəsinin 1886, 1897, 1902, 1915, 1917-ci illərdə verdiyi məlumatlara görə yüz ilə  yaxın bir dövrdə 25 min erməni yaşayan İrəvan vilayətində ermənilər artıb-çoxalmışdır. “Kavkazski Kalendar”a görə 1917-ci ildə yenə də burada türk əhali çoxluq təşkil etmişdir, bütün vilayətin əhalisinin 40 faizi türk olmuşdur. Şərur, Dərələyəz, Sürməli, Naxçıvanda əhalinin əksəriyyəti türk olmuşdur. İrəvan vilayətində Ermənistan Respublikası qurulandan sonra 1918-ci ildən başlayaraq türk-müsəlman əhalinin kəskin şəkildə azalması baş vermişdir. “1918-1920-ci illərdə Ermənistanda terrorçu daşnak hökuməti türk- müsəlman əhaliyə qarşı soyqırımı törətmişdir, indiki Ermənistan ərazisində yaşayan 575 min türkdən 565 mini sürgün və soyqırımına məruz qalmışdır .
Bunu erməni tarixçi-tədqiqatçı Zaven Qorqodyan da etiraf etmişdir. O özünün ermənicə yazdığı “Sovet Ermənistanının əhalisi son yüz ildə 1831-1931” adlı əsərində (İrəvanda 1932-ci ildə çap olunub) bildirir ki, daşnaklardan Sovet Ermənistanına 10 mindən bir az çox türk qalmışdır”.
Bakıda 1918-ci ilin martında ermənilərin qələbəsi Şaumyanı ölkənin içərilərinə doğru irəliləməyə ruhlandırmışdı, Şamaxıda Şaumyanın göstərişi ilə bu qətllər davam etdirilməli idi, çoxlu quldur dəstəsinə nəzarət etməsinə baxmayaraq, hələ o kənardan da dəstək almaq barədə düşünürdü, digər erməni cəlladbaşı Andranik Ozanyana yazdığı teleqramda bu istəyini gizlətmir, qaniçən bir cəlladı xalq qəhrəmanı adlandıraraq onu “qələbələr” munasibətilə təbrik edirdi: “...Sizin 574 nömrəli teleqramınızı aldım, eynilə həmin teleqram Moskvaya – Mərkəzi hökumətə xəbər verildi” deyərək V. İ. Leninin bu işlərdən, erməni vəhşiliklərindən xəbərdar olduğunu bildirirdi, həm də Stepan Şaumyan  Andranikə bu vəhşilikləri davam etdirməsinə işarə vururdu: “...Öz tərəfimdən sizin qəhrəmanlığınızı təbrik edirəm. Əgər cənab Kaçaznuni və başqaları sizin kimi olsaydılar, erməni kəndlilərinin başlarına indi yeni fəlakətlər gəlməzdi... Bütün qəhrəmanları təbrik edin. Hər bir zəhməti qəbul etməklə bərabər hürriyyət bayrağını yıxmamağa dəvət edirəm. Bakı zəhmətkeşləri Rusiya hökumətinin köməyi ilə Kürdəmir və cəbhəsində türk bəylərin dəstəsinə mərdanə mübarizə etməkdədir”.
Ermənilərin bu vəhşiliyini V. İ. Leninə müjdə kimi xəbər verən S. Şaumyan yazırdı: “1918- ci ilin yazında Bakı proletariatının yardımı və zəhmətkeş kütlələrin fəal iştirakı ilə Azərbaycanın Şərq qəzalarında Sovet qoşun dəstələri aprelin 14-də Lənkəranı azad etdi, aprelin  17-19-da Şamaxı sovet şəhərinə çevrildi...”  Lənkəranı tutarkən ermənilər buradakı əhaliyə – talışlara da soyqırımı etmişlər, şahidlərin dediklərinə görə onlar Qafqazda bir nəfər də olsun müsəlmanın qalmayacağı barədə şəhər meydanında  danışır, əhalini dağlara çəkilməyə məcbur edirdilər.
Andranikə vurduğu teleqramda da Şaumyan “bütün Qafqazı” özünə tabe etməyə çalışdığını bildirirdi, onu da bu istiqamətdə iş aparmağa səsləyirdi: “Biz sizə kömək edə bilsəydik, çox şad olardıq. Ola bilər ki, siz bizimlə əlaqəyə girmək üçün bir tədbir arayasınız”. Andranikdən cavab gözləmədən “xalq qəhrəmanı Andranikin” öz tərəflərinə çəkilməsinin vacib olduğu barədə “proletariatın dahi rəhbərini” – Lenini məlumatlandırırdı.
Amma tarixi gedişat və Qafqaz islam Ordusunun qərarlılığı ermənilərin “ Böyük Ermənistan” planında əsas yer alan Bakı planının da baş tutmasına mane oldu.  Ermənistanda bu fikri tez- tez səsləndirirlər ki, böyük güclər bizi aldatdılar. Rusiyaya qarşı çox kəskin suçlamalar olur. Amma  bu sərsəm ideya qanlarına hopub.
 Günümüzdə yenə həmin sərsəm ideya ortaya atılmışdır. Onlar öz məğlubiyyətləriniə imza atdıqları Gümrü, Qars, Moskva müqavilərinin ləğv edilməsi kampaniyasına start vermişlər. Onların fikrincə bu anlaşmalar ləğv olunarsa, “Böyük Ermənistan”ın yolu açılacaq. Və  eyni zamanda  Sevr müqaviləsinin şərtlərinin yenidən keçərliliyini  istəyirlər.  İlk baş nazirləri nə demişdi?  Kaçaznuni bu “müqaviləni” heç nəyə lazım olmayan kağız parçası adlandırmışdı. Nəticə çıxarmırlar. Bu müqaviləyə və Amerika prezidenti Vudro Vilsonun prinsiplərinə görə Şərqi Anadolunun böyük bir bölümünü əhatə edən ərazilər guya ermənilərə verilməliydi.  İndi Ermənistan höküməti qərar qəbul edib ki, Vilsona İrəvanda  heykəl qoysunlar... Amerikadan erməni diasporası da pul göndərəcək.  Prezident Trampı da açılışa dəvət edəcəklər... Gülməlidir.  Hələ də bu ermənilər  başqalarının əllərində alət olduqlarını anlamırlar.
 
Prof. Qafar Çaxmaqlı