DƏHŞƏTLİ FACİƏ: Bakıda gəmi təmiri zavodunda 5 nəfər öldü

Baxış sayı:
4812

Qazdan zəhərlənən daha 2 nəfər isə xəstəxanaya yerləşdirilib

Dünən saat 17:00 radələrində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun 5 əməkdaşı qazdan zəhərlənib.
Bu barədə ASCO məlumat yayıb.
Qeyd olunub ki, üzən tərsanədə işləyən 4 işçidən səs gəlmədiyini görən növbədə duran Yolçuyev Namik Əli oğlu həmkarlarının arxasınca tərsanənin ballastının nasos bölməsinə daxil olub, lakin o da qazdan zəhərlənib.
Əraziyə FHN-in xüsusi briqadası cəlb olunub. Hadisənin baş verdiyi yerdən 5 nəfərin – Səfərəliyev Tural Şabəddin oğlu, Şahbazov Orxan Zaur oğlu, Yolçuyev Namik Əli oğlu, Ağayev Teyyub Eyyub oğlu, Məmmədov Samid Abdulvahab oğlunun meyiti çıxarılıb.
Hadisənin baş vermə səbəbləri haqqında araşdırmalardan sonra daha ətraflı məlumat veriləcək.
TƏBİB-dən bildirilib ki, Bakıda zavodda 5 nəfər qazdan zəhərlənərək ölüb, 2-si xəstəxanaya yerləşdiriib: “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 17:00 radələrində ASCO-nun “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində qazdan zəhərlənmə səbəbilə çağırış daxil olub. Hadisə yerinə dərhal 9 təcili tibbi yardım briqadası yönləndirilib.
5 nəfərin həkiməqədər ölümü qeydə alınıb. Zərərçəkən 2 nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub”.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilir ki, hazırda prokurorluq əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yeri müayinə olunur, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Muxalifet.az