Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya CAVAB

Baxış sayı:
3193

Xəbər verdiyimiz kimi, sabiq səfir Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanlandığı məktubu ortaya çıxıb.

Elmira Axundova məktubunda tanınmış jurnalistlərin – Mirşahin Ağayevin, Ləman Ələşrəfqızının, Afət Telmanqızının adlarını çəkir, onları satqın adlandırır, onların barəsində tədbirlər görülməsi üçün addımlar atılmasını tələb edir. Mirşahin Ağayevə yenidən efir verilməsinə görə R. Mehdiyevi qınayır.

Məktubla bağlı Ləman Ələşrəfqızı paylaşım edib.

O, bildirib ki, Elmira Axundova yenə hakimiyyətdən nəsə umur:

“Çox güman ki, deputatlıq. Qulağına səs dəyib ki, aha, seçkilər var və oğulciyəzi Həbibin hoqqabazlıqlarını ancaq deputat mandatı ilə ört-basdır edə bilər. Amma 2018-ci ildə Ramiz Mehdiyevə yazdığı danos-məktubun bu gün mətbuata çıxması xanım əfəndinin əl-qolunu əminəm ki, yanına saldı. Adama xatırlatdılar ki, get, o tərəfdə oyna. Bəsdir, riyakarlığınla, yaltaqlığınla və s bu kimi məziyyətlərinlə neçə çağırış deputat və bir neçə il də səfir kürsüsündə oturdun. Hələ azmış kimi "xalq yazıçısı" adını da aldın. Hansı bədii əsərlərinə görə? Hansı qələminə görə? Hər halda, adi bir jurnalist öz təbirincə desəm "dostu və ağsaqqalı" Ramiz Mehdiyevin sayəsində sərvət, imtiyaz sahibinə çevrildi. Və bu sərvət-imtiyaz onu jurnalistikadakı keçmiş həmkarları haqqında hədyan danışmağa, iftira yazmağa, torba tikməyə sövq etdi. Əslində bu məktub Elmira Axundovanın öz əxlaqını, şəxsi keyfiyyət(sizliy)ini ortaya çıxarır. Oxuduqca heyrətə gəlirsən. Adam evli oğlunun məşuqəsi haqqında danışarkən dostu Mehdiyevi həm də şantaj edir: tək o gəzmir ki, hamınızın qeyri qanuni nikahdan övladlarınız var deyir. Deputat həmkarlarını şantaj edir, naziri şantaj edir, hər kəsi baqaja qoyur. Ayağında 8 milyon pul, bir gənc qızın ölümü olan oğlu Həbibi mühüm bir şəxsiyyət, az qala dövlət adamı kimi təqdim edir. Əlbəttə, heç kim öz ayranına turş deməz. Ərköyün, qudurğan, gəzəyən oğlunu göyə qaldırıb, başqalarını yerə çırpan Elmira Axundovaya deyən gərək ki, Mehdiyevə məktubunda torbasını tikdiklərini də bir ana doğub e. Özününkünə bəraət, o birinə həqarət olmur. Vallah olmur”.

Jurnalist Afət Telmanqızı isə qeyd edib:

“Rusiya-Ukrayna müharibəsi başlayan gün Ukraynada yaşayan azərbaycanlıları Allahın ümidinə buraxıb qaçan fərari səfir Elmira Axundova. Adımı çəkib o zaman Prezident Administrasiyasının rəhbəri olmuş Ramiz Mehdiyevə müraciət etmisən ki, tədbir görsün. Nəyə görə tədbir görməli idi? Dələduzluqla məşğul olan oğlunun qanunsuzluqlarını göstərdiyim üçünmü? Ana-bala dövləti talan etdiyini dediyim üçünmü? Satqın sözü sənə yaraşır. Hansı satqınlığımı görmüsən? Sənin kimi, oğlun kimi dövlətə, millətə xəyanət etməmişəm ki... Kimlərinsə haqqına girməmişəm ki... Kimlərinsə pullarını mənimsəməmişəm ki... Kimlərinsə ölümünə səbəb olmamışam ki... Utan. Sənin oğlun nə qədər ki cinayət törədib azadlıqda gəzəcək sən hamıya böhtan atacaqsan. Qaçaq səfir”.

Qeyd edək ki, Axundova Mehdiyevə yazdığı danos-məktubundan danışıb.

"Bəsdirin də, qurtarın bu işləri. Əşi, nə məktub yazmışam? Mən artıq pensiyaya çıxmışam. Qoyun, oturaq işləyək. Hansı məktubu yazmışam? Hə? Biz min dənə məktub yazırıq. Dəhşət. Off, mənim heç o məktub yadımda deyil. Yazırlar, yazsınlar. Heç nə deməyəcəyəm, nə deyə bilərəm? Onlar hər şey edə bilərlər. Bəlkə, özləri yazıb "qol" çəkiblər?", deə bildirib.

bakupost.az