Daha bir icra başçısı haqda ŞOK İDDİALAR... - İntihar edən təhsil işçisinin qardaşı Aqil Nəzərlini ittiham edir

Baxış sayı:
4255

Laçın rayonu, Şeylanlı kənd sakini, hazırda Ağcabədi rayonu Taxta Körpü ərazisində Şeylanlı obasında məskunlaşan Baxışov Ünsüyyət Baxış oğlu rayonun icra başçısı Aqil Nəzərlidən və Laçın Rayonu Təhsil Şöbəsinin müdiri Nicat Həsənovdan “Hürriyyət”ə şikayət edib. Həmin şəxslərlə problemin nədən yarandığına aydınlıq gətirən Ü. Baxışov qeyd edib ki, onun qardaşı Baxışov Müqabil Baxış oğlu Laçın Təhsil şöbəsində metodist, məsləhətçi işləyib, sonradan isə inspektor vəzifəsində çalışıb: “O vaxtı da indiki icra başçısı Aqil Nəzərli Laçın Rayon İcra Hakimiyyətində müavin vəzifəsində işləyirdi. Aqil Nəzərlinin diplomunun saxta olması və hərbi xidmətdən yayınması ilə bağlı mətbuatda, sosial şəbəkələrdə bir sıra yayım olunmuşdu. Aqil Nəzərli qardaşım təhsil şöbəsində işlədiyi üçün əlində əsas tutdu ki, bunları Baxışov Müqabil Baxış oğlu edib”. “Aqil Nəzərli elə başa düşdü ki, bunları mənim qardaşım yayımlayıb” “Ümumiyətlə, qardaşım haqsızlığa qarşı, icra başçılarının rayon sakinlərinə baxmaması ilə bağlı çıxışları olurdu, tənqid edirdi ki, rayon sakinlərinə baxılmır. Mənim qardaşım Təhsil şöbəsində işlədiyi və icra hakimiyyətinin işçilərinin təhsillə bağlı sənədləri onun əlində olduğu üçün Aqil Nəzərli elə başa düşdü ki, bunları mənim qardaşım yayımlayıb. Əslində, qardaşım onu yayımlamamışdı. Sonradan Aqil Nəzərli icra hakimiyyətinə başçı təyin olundu. Başçı təyin olunduğu gündən təxminən bir ay sonra qardaşımı şərlətdi, üzünə adam dirəndirib, qardaşımı həbs etdirdi”,-deyə şikayətçi əlavə etdi. “Qardaşımı həbs elətdirdilər” “Qardaşınızı nəyə əsaslanıb həbs elətdirdi” sualına Ü. Baxışov belə cavab verdi: “Guya, qardaşım Laçın Rayon Təhsil şöbəsində işlədyi dövrdə, yəni 2012-ci ildə sakinlərdən rüşvət alıb, kimlərisə işlə təmin edib. Halbuki, həmin sakinlər də məhkəmənin gedişində notarial qaydada təsdiq olunmuş rəsmi sənəd təqdim etdilər ki, biz işlə bağlı bu adama pul verməmişik, borc vermişik, borcu da qaytarıb, işlə bağlı müraciət olunmayıb, yəni heç nə sübut olunmamışdı. Buna baxmayaraq, Laçın Rayon Məhkəməsi bunu nəzərə almadı, qardaşımı həbs etdirdilər, məhkəmə ona 4 il iş verdi. Hörmətli prezidentimiz İlham Əliyev cənablarının sayəsində qardaşım 1 il 1 aydan sonra üstündə heç bir iş qalmamaq şərtilə azadlığa qovuşdu”. “Aqil Nəzərli dedi ki, ümumiyyətlə, mən Baxışovlara iş verməyəcəm” İcra başıçısının məqsədini açıqlayan Ü. Baxışov nəzərə çatdırdı ki, qardaşı ondan iş istəyib, o da iş verməyib: “İcra başçısı iş vermədi deyə qardaşımın sosial şəbəkədə belə açıqlaması olmuşdu ki, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin qaynatası ermənilərlə iş birliyi yapmışdı. O vaxtı ulu öndərimiz Heydər Əliyev Aqil Nəzərlinin qaynatasını cəzalandırdı. Bir məqamı da qeyd etmişdi ki, “Aqil Nəzərlinin anası erməni xislətli insandır”, fakt da ermənidir. Bunu qardaşım yazmışdı. Ondan da sonra Aqil Nəzərlinin qardaşıma qərəzli münasibəti yaranmışdı. Sonradan qardaşım həbsdən çıxandan sonra işlə bağlı müracət etdi, o da iş vermədi. Həbsdə olan da məcburi həbsdən çıxandan sonra islah olunmalıdır, müəyyən işlə təmin olunmalıdır ki, başqa cinayət törətməsin. Buna baxmayaraq, mənim qardaşım, 1,6- 2 il Laçın Rayon İcra Hakimiyyətinə müraciət etdi, ağsaqqallar, hətta mən özüm, qardaşlarım, atam, anam dəfələrlə qəbulunda olmuşuq, konkret olaraq bildirdi ki, mən sənə iş verməyəcəm. Aqil Nəzərli dedi, ümumiyyətlə, mən Baxışovlara iş verməyəcəm. Ondan sonra, qardaşım 1-2 dəfə Prezident Aparatında, Respubulika Prokorluğunda oldu, Hətta Ağcabədi rayonunda baş prokuror cənab Zakir Qaralovun, təhsil naziri Ceyhun Bayramovun qəbulunda oldu. Əlində Ceyhun Bayramovun rəsmi məktubu var idi ki, işlə təmin olunmalıdır. Əlində məktubu ola-ola həmin məktuba Aqil Nəzərli və Laçın Təhsil Şöbəsinin müdiri Nicat Həsənov buna məhəl qoymadı, qardaşımı işlə təmin etmədilər”. “Məktubu yazandan sonra, həmin gün də intihar edib” Qardaşını təhdid etdiklərini deyən Ü. Baxışov vurğuladı ki, qardaşına telefon vasitəsilə hədə-qorxu gəliblər: “Yanına adam göndərirdilər ki, ailəsinə, uşağına, özünə zərər yetirəcəyik, bizdən şikayət eləmə və bizdən iş tələb eləmə. Qaradaşım da məcburiyyət qarşısında qalıb, son ümid yerini intiharda gördü. Noyabrın 6-da başçının qəbuluna düşdük, çıxdıq. Ondan sonra, qardaşıma dedi ki, iş vermirəm, qardaşım orada başına benzin töküb birinci dəfə intihar etmək istədi. Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının və bizim öz vasitəmizlə intihar etməyə qoymadıq, qardaşımı dərhal oradan polis şöbəsinə apardılar, hazırda o cinayət işi gedir, iş Laçın Rayon Prokurorluğundadı. Sonuncu dəfə dekabr ayında “feysbuk” sosial şəbəkəsində canlı yayım açdı, cənab prezidentə müraciət etdi ki, “başıma bu hadisələr gəlib, mənə iş vermirlər, sonda mən intihar edəcəm”. Dekabrın ayının 4-də rəsmi bir məktub yazıb, onda da intihar etmək istədi, atam, anam yığışdıq, qardaşımın intiharına imkan vermədik. Dekabrın 6-da ikinci rəsmi məktub yazaraq qeyd edib ki, “mən Laçın rayon icra başçısı Aqil Nəzərli, Laçın Təhsil şöbəsinin müdiri Nicat Həsənov və Prezident Aparatında işləyən kurator Ağali Əhmədovun əlindən intihar edirəm, onlar mənə təzyiqlər göstərirlər, məni təhdid edirlər”. Məktubu yazandan sonra, həmin gün də intihar edib”. “Müqabil Baxışovun PKK-çı olduğunu yazıblar” “Bundan sonra, heç bir yerdən bizimlə maraqlanan olmayıb, hətta icra hakimiyyəti öz çirkin əməllərindən qalmayaraq, “feysbuk” sosial şəbəkəsində Müqabil Baxışovun PKK-çı olduğunu yazıblar. Guya, orada yazıblar ki, Azərbaycanda olan PKK terror təşkilatının təbliğatçısı kimi Müqabil Baxışov özünü asıb, intihar edib. Ölümündən qabaq qardaşım özü dəfələrlə 102 xidmətinə zəng edib ki, mən intihar edəcəm”,-deyə şikayətçi nəzərə çatdırdı. “Ailəmizin içinə qayıtmağa qorxuruq ki, ya biz orada həbs olunacağıq, ya da bizi öldürəcəklər” 7 qardaş olduqlarını deyən Ü. Baxışov özlərinin də həyatlarının təhlükədə olduğunu vurğuladı: “Biz bu günlərdə Prezident Aparatında olmuşuq. Hətta bu gün biz Laçın rayon icra başçısı Aqil Nəzərlinin və Təhsil Şöbəsinin müdiri Nicat Həsənovun əlindən Ağçabədi rayonuna, ailəmizin içinə qayıtmağa qorxuruq ki, ya biz orada həbs olunacağıq, ya da bizi öldürəcəklər. Bizim özümüzün də də taleyimiz təhlükə altındadı. Bizi o dərəcədə yox, qardaşımın oğlunu çox hədələyirlər. Mən buradan Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, hətta türk dilli dövlətin Azərbaycandakı səfirliklərinə səslənirəm ki, bizə kömək etsinlər, bizim qardaşımızın qanı yerdə qalmasın”. Hurriyyet.org