"BU, XALQIMIZIN MİLLİ NAİLİYYƏTİDİR" - ADP Müstəqillik günü ilə bağlı Azərbaycan xalqını təbrik etdi

Baxış sayı:
4303

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, toplantıda ölkədə və dünyada baş verən bir sıra ictimai-siyasi hadisələr müzakirə predmeti olub.
İdarə Heyəti Ermənistanda kilsəsinin keşişləri və bir qrup radikal qüvvələrin Paşinyan hakimiyyətinin Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiya istiqamətində atdığı rasional addımlara qarşı həyata keçirdikləri kütləvi aksiyaları və ixtişaşları ətrafında müzakirə aparılıb. Müzakirələrdə kilsənin İsa peyğəmbərin dəvətinə uyğun olaraq sülh tərəfdarı kimi deyil, müharibə tərəfdarı kimi çıxış etməsi qətiyyətlə pislənilib, bu hadisələrin Cənubi Qafqazda sülhə və təhlükəsizliyə ciddi təhlükə yaratdığı, eyni zamanda beynəlxalq ictimaiyyətin bu hadisələrdə Ermənistan hakimiyyətinin yanında olmasının vacibliyi qeyd edilib.
İdarə Heyəti cari ilin aprel ayının 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası üzrə komissiyalarının arasındakı razılığa əsasən Qazax rayonunun işğal altında olan 4 kəndinin ötən həftə rəsmən Azərbaycanın nəzarətinə keçməsini təqdir edib. İtkisiz, dinc danışıqlar yolu ilə 4 kəndimizin geri qaytarılmasını Azərbaycan dövlətinin ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində əldə etdiyi növbəti nailiyyət kimi dəyərləndirib.
İdarə Heyəti ötən həftə ölkə başçısı tərəfindən verilən əfv fərmanını humanist addım kimi dəyərləndirib, eyni zamanda bu əfv fərmanı ilə siyasi motivli həbs olunan vətəndaşlarımızın azadlığa buraxılmamasından təəssüfləndiyini bildirib. İdarə Heyəti Azərbaycan hakimiyyətini beynəlxalq qınaqların da olduğu indiki dövrdə siyasi məhbus kimi tanınan şəxslərin və media əməkdaşlarının da növbəti əfv fərmanları ilə azadlığa buraxılması istiqamətində humanist addımlar atmağa çağırıb.  
İdarə Heyəti Rusiya-Ukrayna arasında davam edən qanlı münaqişənin son durumu ilə bağlı da müzakirələr aparıb. Müzakirələrdə 44 günlük İkinci Qarabağ savaşı zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə və Bərdə şəhərlərinə endirilən raket zərbələri kimi ötən həftə Rusiya hərbi birləşmələri tərəfindən Ukraynanın Xarkov şəhərinə endirilən raket zərbələri nəticəsində çoxsaylı mülki insanların həlak olması ilə əlaqədar olaraq Ukrayna xalqına başsağlığı verilib. İdarə Heyəti dünya ictimaiyyətini müharibələr zamanı mülki insanların və obyektlərin hədəf seçilməsi ilə bağlı baş verənlərə seyrçi mövqedə qalmamağa, Rusiya-Ukrayna arasında davam edən qanlı müharibənin tez bir zamanda dayandırılması və Rusiya işğalının cilovlanması üçün beynəlxalq hüquq mexanizmlərinin daha ciddi şəkildə işə salınmasına çağırıb.
İdarə Heyəti ötən həftə İrlandiyanın, Norveçin və İspaniyanın Fələstini dövlət kimi tanımasına da münasibətini bildirib. İdarə Heyəti bu mühüm hadisəni 1947-ci ildə Fələstinin dövlət kimi tanınması ilə bağlı BMT tərəfindən qəbul edilən qətnamənin icrasına töhvə kimi dəyərləndirib, eyni zamanda bu hadisənin Yaxın Şərqdə uzun illərdir sürünən qanlı münaqişənin bitməsinə, sülhün və təhlükəsizliyin təmin olunmasına da töhvə verəcəyinə ümidvar olduğunu bildirib. İdarə Heyəti Yaxın Şərqdə sülhüm və əmin-amanlığın təmin olunması naminə digər dünya dövlətləri tərəfindən Fələstinin dövlət kimi tanınmasının vacibliyi qeyd edilib. Müzakirələrdə bildiriblər ki, Fələstinin radikal qüvvələrinin İsrail dövlətinə qarşı apardığı mübarizəyə son qoyulmalı, bundan sonra İsrail və Fələstin dövlətinin arasındakı münasibətlər dinc danışıqlar yolu ilə nizamlanmalıdır.  
İdarə Heyəti sonda Azərbaycan Xalq Cumhürriyyətinin (AXC) 106-cı il dönümü ilə bağlı Azərbaycan xalqını, hər bir vətəndaşımızı, Azərbaycandan kənarda yaşayan bütün soydaşlarımızı təbrik edib.
İdarə Heyəti hesab edib ki, 28 may 1918-ci il tarixində əldə etdiyi “Müstəqillik günümüz” xalqımızın milli nailiyyətidir. Uzun əsrlər dövlətçilik tarixinə malik xalqların respublikaçılığa keçiddə ciddi problemlər yaşaması ilə müqayisədə ötən əsrin əvvəllərində müstəqil dövlətçiliyimizin məhz respublika əsasında yaradılması xalqımızın demokratik ruha və böyük böyük potensiala malik olması ilə bilavasitə bağlıdır. Azərbaycan Demokratik Cumhürriyyəti dünya respublikaçılıq təcrübəsindən və şimallı-cənublu Azərbaycan xalqının azadlıq ideyalarından bəhrələnmişdir.
Təəssüf ki, hazırkı iqtidarın yüksək eşalonunda təmsil olunan bir çox məmurlar respublikaçılıq ənənələrini real olaraq dərk edə bilmir və tətbiq etməkdən yayınır, Azərbaycan Xalq Cümhuriyyətinin tarixdəki rolunu kiçiltməyə çalışır, ölkədə yüksək vətəndaşlıq şüurunun formalaşdırılması üçün zəruri olan siyasi, hüquqi, iqtisadi, sosial və s. sahələrdə islahatları gecikdirir.  
ADP İdarə Heyəti hesab edir ki, qarşıda duran bütün milli problemlərin həlli üçün respublikaçılıq və hakimiyyət bölğüsü, qanunların və hüququn aliliyi prinsipləri daim yüksəkdə tutulmalı, bu prinsiplər əsasında Şərqdə ilk Respublika qurmuş tarixi şəxsiyyətlərimiz daha geniş təbliğ edilməli, insanımızda yüksək vətəndaşlıq şüuru formalaşdırılmalıdır. ADP İdarə Heyəti insanlarımızı həqiqi vətəndaş olmağa, respublikaçılığı qorumağa, babalarımızın bizə miras qoyduğu dövləti yaşatmağa və azad, demokratik, hüquqi Azərbaycan Respublikası uğrunda fəal mübarizəyə qoşulmağa çağırıb.
Muxalifet.az