Bu hakimiyyətlə vidalaşmağı bacarmalıyıq...

Azərbaycanda sürətlə davam edən kəskin qütbləşmə azlıq təşkil edən bir zümrənin ifrat varlanmasına, çoxluğun günü-gündən miskin vəziyyətə düşməsinə səbəb olur. Bir qrup varlandıqca, harınlıq gətirən sərvətə yiyələndikcə daha böyük hegemonluq iddiasına düşür. Bir tərəfdə arxasında halal zəhmət, gərgin və işgüzar həyat dayanmayan ucuz gəlirlər əldə edənlərin mənəvi pozğunluğu, digər tərəfdə misilsiz zəhmət müqabilində gün çörəyini ödəyə bilməyənlərin vəziyyəti Azərbaycanın ictimai mühitini narahat vəziyyətdə saxlayır, onu eybəcər hala salır.
Bütün dünyada COVID-19 pandemiyasının bitdiyi rəsmən elan olunmasından 1 ildən artıq vaxt keçməsinə baxmayaraq Azərbaycan hakimiyyəti hələ də ölkənin quru sırhədlərini bağlı saxlayır və bundan özünün iqtisadi və siyasi məqsədləri üçün istifadə edir. Ölkəni rəsmən qapalı bir məkana çeviriblər. Daxildə də özünün opponentlərinə qarşı repressiya siyasəti yürüdülür. Artıq bu hadisələrlə bağlı beynəlxalq qurumlar və Avropa və Qərb dövlətləri Azərbaycan hakimiyyətinə çağırışlar edir.
Bildiyiniz kimi bu günlərdə ABŞ Dövlət katibi Blinkenin İlham Əliyevlə telefon danışığı baş tutub. Azərbaycan hakimiyyətinin yaydığı açıqlamada Antoni Blinkenin İlham Əliyevlə siyasi məhbus mövzusunu da müzakirə etməsi ilə bağlı heç bir məlumat verilmədi. Lakin, Azərbaycanın rəsmi media orqanlarının açıqlamasından sonra ABŞ Dövlət Departamenti də telefon danışığı haqda məlumat yaydı. Həmin məlumatda Dövlət katibinin Azərbaycanda insan hüquqlarının vəziyyətini də İlham Əliyevlə müzakirə etdiyi vurğulanıb. ABŞ Dövlət Departamentinin rəsmi açıqlamasında qeyd edilir ki, “Antoni Blinken Azərbaycanın insan hüquqları və təməl azadlıqlarla bağlı beynəlxalq öhdəliklərinə əməl etməsinin vacibliyini bir daha vurğulayıb və əsassız həbs edilənlərin azad edilməsinə çağırıb”.
Lakin, Azərbaycan hakimiyyəti bu çağırışlara heç bir əhəmiyyət vermədən ölkədə müxalif düşüncəli insanlara qarşı diskriminasiya siyasətini davam etdirməkdədir. Bu gün Azərbaycanda siyasi məhbusların sayı az qala hər gün artmaqdadır. Son aylarda onlarla jurnalistin barəsində qondarma cinayət işi açılaraq həbs edilib. Onlar arasında gənc xanım jurnalistlər də var. Ölkədə siyasi məhbusların sayı artıq 300 nəfərə yaxınlaşır.
Bu gün müxalifət partiyaları birlikdə ölkəni bu vəziyyətdən xilas edə bilər. Əks halda hakimlərin təkəbbürü, quduz məmurluq Azərbaycanı bəladan xilas etmək zorunda deyil. Demokratiyanın qəhrini çəkmək hər gün iqtidarın repressiv maşını altında əzilməyə məhkum edilən müxalifətin tək işi deyildir. Bunun üçün xalq müxalifət partiyalarının ətrafında sıx birləşməli və təşkilatlanmalıdır. Biz hakimiyyətdən xalqın maraqlarına yönəlik hər hansı bir addımın atılmasını gözləməməliyik. Çünki, görünən odur ki, bir iqtidar kişisi özündə təpər tapıb, cəmiyyətimizin sabitliyini pozan, ictimai fikri narahatlıqlar girdabında saxlayan didişmələrə, daxili parçalanmalara son qoymaq, ölkədə hamının istəyincə olan demokratik sistemin yaradılmasına heç bir ciddi səy göstərmək istəmir.
İqtidar nümayəndələri demokratik dəyərlərin oturuşmasına, bu dəyərlərin gündəlik həyat tərzinə çevrilməsinə maraq göstərmir. Əksinə, avtoritar rejimin onlara yaratdığı rüşvət və korrupsiya mühitinin inkişaf etdirilməsi üçün bu gün sosial sifarişə çevrilən və demokratik cəmiyyətin əsas şərti sayılan qarşılıqlı dialoqa hər vəchlə əngəl törədirlər. Əyri yolla, rüşvətlə qazanılan sərvəti itirmək qorxusu onları daimi xofda saxlayır və əllərində olan bütün vasitələrlə demokratiyanın boğulmasına cəhd göstərirlər.
Bizi köləcəsinə idarə еtmək istəyənlərə qarşı dirəniş göstərməliyik. Biz pis olan şeylərə, cəmiyyətimizi və millətimizi aşağılayan naqisliklərə cəmi bir dəfə, təpərlə, kişi kimi yox deməyi bacarmalıyıq. Biz bir-birimizdən güc alıb, hamımızın güclü olması prinsipinə əsaslanıb bu hakimiyyətlə vidalaşmağı bacarmalıyıq.
Pərvin Mədətzadə