"BU, ALİ BAŞ KOMANDANI GERİ ÇƏKİNDİRMƏK ÜÇÜN QURULMUŞ BİR ƏMƏLİYYAT İDİ" - Deputatdan “Tərtər işi” ilə bağlı şok açıqlama

Baxış sayı:
2740

Sumqayıt Məhkəmə Kompleksində "Tərtər işi" ilə bağlı təqsirləndirilən şəxslərə hökm oxundu. Hökmə əsasən, Ruslan Mikayılov 6 il 10 ay, Sənan Maşıyev 4 il 10 ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev 5 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli sürülmüşdü. Onlar istintaq zamanı hərbçilərə işgəncə verməkdə, onları qanunsuz azadlıqdan məhrum etmədə təqsirli biliniblər.

Bəziləri isə hesab edir ki, həmin şəxslərə bu cür cəza adekvat deyil.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə "Turan"-a bildirib ki, Baş Prokurorluğun istintaqın yenilənməsi və məsələnin Prezidentin nəzarəti altında olduğunu nəzərə alaraq bir çox insanlara bəraət verilməsi, həmçinin o dövrə qədər barələrində cinayət təqibi seçilməyən adamlarla bağlı addımların atılması özü müsbət bir dönüş idi: "Hətta bu prosesi uzun illərdi kontrolda saxlayan və bir sıra hallarda bu fəlakəti sanki sümürən qüvvələr də o anda məsələni xeyli müsbət dəyərləndirmişdilər. Amma sonrakı dövr onların tələbləri ayrı istiqamətdə yön aldı və yenə də bir sıra hallarda hüquq və mühakimə sisteminin sona çatmadığı kimi bir qənayət yarandı".

Deputat qeyd edib ki, paralel şəkildə hökm çıxarılan şəxsləri istintaq zamanı kimsə vadar etmişdi ki, "hansısa ranqlı adamların tabeçiliyində olmuşuq, icraçıyıq, digər qərarverici şəxslər də məsuliyyətə cəlb olunsunlar" kimi açıqlamalar verdilər: "Bu da məhkəmə qərarın ədalətli olmadığı qənaətinin yaranmasına səbəb oldu".

Z.Oruc hesab edir ki, 2016-cı ildə Ermənistana vurulan zərbələrdən sonra dövlətin içində orduya qarşı guya xəyanət var duyğusu ilə yanlış işlər başladı və onun nəticəsində aşağı strukturlarda linçləmələr baş verdi:"Bundan isə ən çox udan tərəf Ermənistan oldu. Həmin zaman işgəncələrə məruz qalanların mühüm bir hissəsi əgər 2020-ci ildə döyüşlərdə iştirak etsəydilər, biz Ermənistana daha böyük zərbələr vurardıq. Faktiki olaraq Ermənistana cəsusluq iddiası ilə süni qurulmuş bir səhnədə nəticə etibarilə dövləti zəiflətmək və 2020-ci ilin savaşında millətimizi, Ali Baş Komandanı geri çəkindirmək üçün qurulmuş bir əməliyyat idi. Onlar baş tutmadı, biz savaşdıq və qalib gəldik".

Onun fikrincə, bu hadisənin çözümü üçün elə addımlar atılmalıdır ki, bu qara və amansız səhifənin qapanması üçün bütün ziyançəkən qüvvələrin ədalətli qaydada haqqı verilsin: "O cümlədən də cinayət törətmiş şəxslərlə bağlı birdəfəlik elə addımlar atılsın ki, bu mövzu ətrafında kimsə istismarçı rolunu oynamasın".