“BAYDEN TƏZYİQ GÖSTƏRDİ…” - Trampın keçmiş müşaviri İsrailin HƏMAS-la anlaşmasının əleyhinədir

Baxış sayı:
8634

Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton İsrailin HƏMAS ilə girov mübadiləsi anlamasını və çərşənbə axşamı əldə olunan atəşkəsi tənqid edərək, bunu "İsrail üçün çox pis razılaşma" adlandırıb.
Bu barədə “The Hill” məlumat yayıb.
"Bu, İsrail üçün çox pis razılaşmadır", - deyə Bolton bildirib.
O qeyd edib ki, Tel-Əviv artıq İsraili əvvəlki qədər güclü dəstəkləməyən Bayden administrasiyasının "təzyiqləri" səbəbindən razılaşmanı qəbul edərək "təslim olub".
"Bunun İsrailə hansı strateji fayda gətirəcəyini görmürəm. Əminəm ki, İsrail Müdafiə Qüvvələri fasilədən müəyyən fayda əldə edəcək, amma mahiyyət etibarı ilə burada vaxt HƏMAS-ın xeyrinə işləyir", - ABŞ-ın BMT-dəki keçmiş səfiri əlavə edib.
“Mən humanitar narahatlıqları başa düşürəm, lakin 220 girov və 9 milyon İsrail vətəndaşı var ki, onlar təkcə HƏMAS tərəfindən deyil, həm də “Hizbullah”, əsasən də İran tərəfindən təhdid edilir”.
Xatırladaq ki, HƏMAS və İsrail 50 israilli girov və İsrail həbsxanalarında cəza çəkən 150 fələstinli qadın və uşağın azad edilməsi müqabilində Qəzza zolağında dörd günlük atəşkəsə razılaşıb. Hər on nəfərlik girov qrupunun azad edilməsindən sonra İsrailin atəşkəsi 24 saat uzadacağı planlaşdırılır. Azad ediləcək girovların siyahısı onlar azad edilməzdən bir gün əvvəl axşam İsrailə veriləcək. Vasitəçi Qırmızı Xaç olacaq.