Azərbaycanlı siyasi məhbusa və ailəsinə qarşı işgəncələr davam edir

İranda azərbaycanlı siyasi məhbus, tanınmış jurnalist və insan haqları müdafiəçisi Səid Mətinpurun özü və ailəsinə təzyiqlər davam edir.

4 ay öncə məcburi şəkildə Tehranda Zəncan həbsxanasına köçürülən azərbaycanlı siyasi məhbusun vəziyyəti daha da ağırlaşıb.

Bu barədə onun həyat yoldaşı Ətiyyə Tahiri GünAz TV-yə açıqlama verib. Onun sözlərinə görə, siyasi məhbus və onun ailəsinə qarşı işgəncə planları hazırlanır: “Bir neçə ay öncə Səid Zəncan zindanına köçürüldü. 2 ay öncə bizə bildirdilər ki, məzuniyyət və şərti azadlıqla bağlı ərizə yazaq. Biz də bir daha onlara inandıq və deyilənə əməl etdik. Lakin yenə də heç bir nəticəsi olmadı. Onlar bununla bir daha göstərdilər ki, yalnız siyasi məhbuslara və onların ailəsinə işgəncə etmək istəyirlər. Məlum oldu ki, bu iki ay müddətində bizim Novruz bayramı gecəmizi pozmaq üçün plan hazırlayıblar.

Neçə ildir ki, məsullardan bir dəfə də olsa, doğru söz eşitmədik. Düşünürdük ki, bu il Novruz Bayramında Səid buraxılar, lakin bu da olmadı.

Zəncan zindanına köüçürülən zaman onun azad ediləcəyi barədə şayiələr yayıldı. Lakin bütün bunlar onun həbs şəraitini ağırlışdırmaq üçün imiş... Səid Evin zindanının 350-ci hissəsində siyasi məhbuslarla birgə saxlanılırdı. Amma bildiyimə görə, o, Zəncan zindanında təkcə siyasi məhbusdur və digər cinayətlərə görə həbs edilən məhbuslarla birgə saxlanılır. Onun həbs şəraiti getdikcə daha da pisləşir.

Səid 7 ildir ki, məhbus həyatı yaşayır və bu müddətdə 9 ay tək nəfərlik məhbəsdə saxlanılıb. Onun vəziyyəti gün keçdikcə biraz da pisləşir. Biz artıq bu nəticəyə yetişmişik ki, siyasi məhbus və onun ailəsinin işgəncə görməsi üçün hər an plan cızılır. Bir il, iki il deyil, 7 ildir ki, vəziyyət belədir”.

Xatırladaq ki, Səid Mətinpur 2007-ci il mayın 25-də Güney Azərbaycanın Zəncan şəhərində həbs edilib. O, İran sisteminin əleyhinə təbliğat etmə ittihamı ilə 8 il azadlıqdan məhkum edilib.

Beynəlxalq insan haqları təşkilatları Səid Mətinpur da daxil olmaqla, həbsdəki digər fəalların dərhal azad edilməsi tələbi ilə bir neçə bəyanat verib və İran rəsmilərinə dəfələrlə müraciət edib.

Qeyd edək ki, “Amnesty International” beynəlxalq insan hüquqları təşkilatı Səid Mətinpuru vicdan məhbusu elan edib.