VÜQAR MƏMMƏDOVUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN OLUNMADI – Hakimi Mirzəli Abbasov növbəti dəfə sifarişli qərara imza atdı

Baxış sayı:
39553

Bu gün “Hürriyyət” qəzetinin, eləcə də eyniadlı “Hurriyyet TV” və Hurriyyet.az saytının baş redaktoru Vüqar Məmmədovun apellyasiya şikayətinə baxılıb. Bu barədə Hurriyyet.az-a açıqlama verən vəkil Bəhruz Bayramov xatırladıb ki, iyulun 24-də Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun baş redaktor barəsində çxıardığı 1 aylıq həbs qərarına etiraz olaraq Apellyasiya Məhkəməsinə müraciət olunub.

Bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə keçirilən məhkəmə prosesi zamanı Nərimanov Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Bəhruz Bayramov

Bəhruz Bayramov deyib ki, Vüqar Məmmədovun hüquqlarının müdafiəsi ilə bağlı bundan sonra da bütün hüquqi addımlar atılacaq.

Məhkəmə prosesində iştirak edən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da Hurriyyet.az-a açıqlama verib. Partiya sədri hesab edir ki, hakim Mirzəli Abbasov sifarişli qərar verib. Onun sözlərinə görə, apellyasiya şikayəti ilə bağlı heç bir araşdırılma aparılmaması və məhkəmə prosesində iştirak edən Vüqar Məmmədovun onun həbsinə səbəb olan hansı “dövlət sirrini” yaydığı ilə bağlı hakimə ünvanladığı sualların cavabsız qoyulması deyilənlərin bariz nümunəsidir.

Sərdar Cəlaloğlu

Sərdar Cəlaloğlu onu da deyib ki, Vüqar Məmmədovun apellyasiya şikayətinə baxılmasının məhz Mirzəli Abbasova həvalə edilməsi də təsadüf deyil. Çünki sözügedən hakim onun barəsində də bir neçə dəfə ədalətsiz qərar çıxarıb. Hansı ki, bu qərarların ədalətsiz olması Avropa Məhkəməsi tərəfindən də təsdiq olunub və M.Abbasovun sifarişli hökmü ilə əlaqədar olaraq Azərbaycan dövləti cərimələnib.

Hurriyyet.az