İRANIN CASUS ŞƏBƏKƏSİNİ KİM(LƏR) MALİYYƏLƏŞDİRİB? - Azərbaycanda SEPAH-a bağlı iş adamları varmı?
Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər müəyyən edilərək saxlanılıb. Saxlanılan şəxslər özlərini dindar kimi qələmə verərək sosial şəbəkələr üzərindən İran lehinə təbliğatlar apararaq ölkəmizdəki dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün İran xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetiriblər.
Bundan başqa, bu şəxslər cəmiyyətdə məzhəb ayrı-seçkiliyi salmaq, qarşıdurma yaratmaq məqsədilə Azərbaycan vətəndaşlarının qatıldıqları dini mərasimlərdə və sosial şəbəkələrdə İrana aid atributlardan, eləcə də üzərində fars dilində müxtəlif yazılar olan qara bayraqlardan istifadə etməklə cəmiyyətdə çaşqınlıq yaradaraq topladıqları məlumatları tapşırıq aldıqları xüsusi xidmət orqanlarına ötürüblər. Azərbaycanda İran casusları zaman-zaman ifşa olunsalar da, belə görünür ki, bu istiqamətdə görüləcək iş çoxdur. Qısa zaman içində 39 nəfərin ifşa olunaraq, həbs olunması da, bu fikiri təsdiqləyir. Lakin bəzi məlumatlar görüləcək çox işin olduğundan xəbər verir.
Belə ki, Türkiyənin “Haber7.com” xəbər portalında yayımlanan bir məqalədə 1996-cı ildə “Azərbaycan Masası” adlı xüsusi bir qurum yaradan İranın Azərbaycana 3 500 casus göndərdiyi iddia olunur. Məqalədə bu olay tarixdə örnəyi (bənzəri) olmayan əməliyyat kimi dəyərləndirilir.
İddia olunur ki, Azərbaycan xüsusi xidmət orqanları 1997-2011-ci ildə xüsusi bir proqram çərçivəsində gerçəkləşən sızmanı təsbit edib və sorğulanan İran casusları cinayətlərini etiraf edib. İranın sızma hərəkatının aşkar olunması ilə 700 nəfər İran casusu Azərbaycandan qaçdığı müəyyən olunub. Məqalədə qeyd edilir ki, Tehranın Azərbaycana casus yerləşdirmə əməliyyatı İran kəşfiyyat xidməti “Şaziman-ı İttilaat” və SEPAH-ın nəzarəti altında həyata keçirilib.
Casus şəbəkəsinin fəaliyyəti ilə bağlı ən ibtidai bilgilərə malik olanlar bilir ki, maliyyə mənbələri olmadan heç bir casus şəbəkəsi fəaliyyət göstərə bilməz.
Daxili İşlər Nazirliyi tərəfindən İranın casus şəbəkəsinə qarşı keçirilmiş xüsusi əməliyyat zamanı İran və Rusiyada biznes fəaliyyəti ilə məşğul olan Mətləb Bağırov adlı şəxsin də həbs olunduğu qeyd edilir. Mətləb Bağırov “SalamNews” informasiya agentliyi və “İnteraz”ın faktiki rəhbəri hesab olunur. Yayılan məlumatlardan belə qənaət hasil olur ki, Mətləb Bağırov əsasən bu iki kanalın maliyyələşdirilməsi ilə məşğul olub. Əgər gerçəklik bundan ibarətdirsə, İranın casus şəbəkəsinin başqa maliyyə mənbələri olmalıdır?
“Yeni Sözçü” qəzetinin Analtik Qrupu bununla bağlı araşdırma aparmağa çalışır. İlkin qənaətlərə görə, İran casus şəbəkəsi bir deyil, neçə nəfər tərəfindən maliyyələşdirilir. Bu bir neçə məqəsədlə edilib. İlk məqsəd casus şəbəkəsinin onu maliyyələşdirən şəxsin diqqət çəkərək ifşa olunmamasıdır. İkinci səbəb də təhlükəsizliklə bağlıdır. Bir neçə mənbədən maliyyələşmə casuslardan biri və ya bir neçəsi ifşa olunacağı halda, digərlərinin gizliliyini qorumağa da imkan verir. Üçüncü səbəb maliyyə mənbələrinin həddindən artıq yüklənməməsidir.
Analtik Qrupun digər qənaətinə görə, İranın casus şəbəkəsini maliyyələşdirənlər əsasən tikinti, tikinti malları, avtomobil hissələrinin idxalı və satışı, eləcə də qida məhsullarının idxal və satışı ilə məşğul olurlar. Bu onlara casus şəbəkəsini işlə təmin etmək, ən əsası diqqət çəkməmək imkanı yaradır. Digər tərəfdən Azərbaycanda bu sahələr daha gəlirli biznes sahələri olduğu üçün İrandan əlavə pul almadan Azərbaycanda qazandıqları pullar hesabına qarşılarına qoyulan vəzifələri həyata keçirə bilirlər. Sanksiyalar altında olan İran ölkə daxilində sosial-iqtisadi vəziyyətin pisləşməsinə görə, ölkə xaricindəki əməliyyatlara əvvələr olduğu qədər maliyyə ayıra bilmir. Ona görə də casus şəbəkəsindən əvvəl onun maliyyə mənbələri yaradılır. Bu isə bir neçə iş adamı vasitəsilə həyata keçirilir. Həmin iş adamları SEPAH-a bağlı olmaqla bu qurumun himayəsi altında olur. Bu isə onlara bir çox üstünlüklər və imkanlar yaradır. Bu üstünlük və imkanlardan yararlanaraq böyük pullar qazanılır və gəlirin böyük hissəsi casus şəbəkəsinin maliyyələşdirilməsinə yönəlir.
Analtik Qrupun qənaətinə görə, həmin maliyyə mənbələri ifşa edilib zərərsizləşdirilməyənə qədər İranın casus şəbəkəsi ilə mübarizədə uğur qazanmaq mümkün olmayacaq. Təhlükəsizlik orqanlarının əməliyyatları zamanı aşkar olunaraq zərərsizləşdirilən casusların yerinə başqaları cəlb olunacaqlar.
İran cəsaus şəbəkəsiniin ifşa olunmasında informasiya və təbliğat işinə də böyük önəm vermək lazımdır. Çünki bütün totalitar ideologiyaların təbliğatı kimi, İranın din pərdəsi altında apardığı təbliğat insanların sağlam düşüncəsini öldürür. Sağlam düşünmək qabliyyətini itirən insan isə ona təlqin edilən istənilən işi görə bilir.
Azərbaycan çox ağır prosesin içərisindən keçir. Burada hər bir sağlam düşünmək qabliyyətinə malik vətəndaşın üzərinə vəzifələr düşür. Bu vəzifələrin önündə isə İranın din pərdəsi altında apardığı anti-Azərbaycan təbliğatının ifşa olunması durur.
Arzuman Loğmanoğlu
“Yeni Sözçü” qəzeti