“Azərbaycanın itkiləri 20 milyard dollara yaxınlaşır” - “İqtisadi inkişaf 10 ildir yerində sayır, neft gəlirləri isə...”

Baxış sayı:
7072

Azərbaycanda son illər iqtisadi artımın minimuma enməsi, qeyri-neft sektorunda hər hansı ciddi irəliləyişin əldə edilməməsi, əvəzində isə neft-qaz sektorunun resurslarının ilbəil zəifləməsi ölkə iqtisadiyyatının perspektivlərilə bağlı təcili tədbirlər görülməsini tələb edir. Lakin hökumətin iqtisadi komandasının fəaliyyəti və ümumilikdə baş verənlərə baxış fəlsəfəsi təəssüf ki, yaxşı nəsə gözləməyə əsas vermir.

Azərbaycanın sabiq Maliyyə naziri, professor Saleh Məmmədov ölkə iqtisadiyyatındakı durumu xarakterizə edən maraqlı paylaşım edib. 

O, dünya ölkələri iqtisadiyyatlarının böyümə tempini göstərən cədvəli təqdim edərək, Azərbaycanın bu siyahıya düşmədiyini və bunun ölkənin iqtisadi potensialından səmərəli istifadə edilməməsilə əlaqədar olduğunu vurğulayıb: “Bu siyahı 2024-cü ildə dünyanın 24 ən sürətlə böyüyən iqtisadiyyatının təsvirini göstərir. Bu ölkələr içərisində Qayana 32% iqtisadi artımla siyahaya başçılıq edir. Çin, Hindistan, Gürcüstan, Ermənistan, Özbəkistan, Tacikistan, Uqanda, Türkiyə, Misir və başqaları çox məhdud resurslar şəraitində böyük artım ala bilirlər. Butun siyahıda göstərilən ölkələrdə artımın əsasən bir amili görünür - əsas kapitala investisiyaların artımı. İnvestisiyasız heç bir iş görmək mümkün deyil. Bu ölkələrdə ÜDM-də əsas kapitala investisiyaların payı 30-50% həcmindədir. Azərbaycan resursların həcminə görə (nisbi göstərici) bütün sadalanan ölkələrdən irəlidədir. Hazırda Azərbaycan Respublikasında maliyyə resurslarının həcmi bu göstəricinin 100%-ə qaldırılmasına imkan verir. Amma 2014-cu ildən etibarən əsas kapitala yönəldilən investisiyaların ÜDM-də payı 13%-i keçmir. Hətta 2024-cu ilin keçən dörd ayı ərzində də vəziyyət dəyişməyib. Bu göstərici həm dünya ölkələri içərisində, həm də Azərbaycan tarixində (1960-ci ildən bu yana) ən aşagı gostəricidi.

Belə yanlış planlaşdırma və proqnozlaşdırma nəticəsində iqtisadi inkişaf 10 ildir ki, yerində sayır. 2024-cu ildə hələ də 2014 -cu ilin səviyyəsi bərpa edilməyib. Neftdən gələn böyük miqdarda resurslar isə beynəlxalq monetar sistemin liberallaşdırılması, özəl valyutaların meydana çıxması nəticəsində baş verən qlobal inflyasiyanın (dollar, evro, funt sterlinq və s. inflyasiyasi) qurbanına çevrilir.

Keçən 10 il ərzində qlobal inflyasiyadan Azərbaycanın itkiləri 20 milyard dollara yaxınlaşır. Ölkədə istehlakçı iqtisadi siyasət formalaşdırılir, yaradıcılıga qətiyyən yer verilmir. Xüsusilə elm-texnologiya investisiyaları Afrika ölkələri səviyyəsindədir”./azpolitika