“Azərbaycan işğal altında olan torpaqlardakı terror yuvalarını dağıtmalıdır” –MÜXALİFƏT HAKİMİYYƏTİ PARTİZAN HƏRƏKATI YARATMAĞA ÇAĞIRDI

Baxış sayı:
6349

Bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Patiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasn, iclasda ötən həftə ölkədə və dünyada baş verən mühüm siyasi hadisələrə münasibət bildirilib.
İlk növbədə MDB dövlət başçılarının Aşqabad toplantısına diqqət yetirən partiya yetkililəri prezident İlham Əliyevin Ermənistan barəsində verdiyi obyektiv bəyənatı təqdir edib, amma əlavə olaraq qeyd edilib ki, bu cür bəyanatların real əhəmiyyəti düzgün qiymətləndirilməli, şişirdilərək cəmiyyətə təqdim edilməməlidir. Eyni vaxtda baş nazirin müavini Əli Əhmədovun Qarabağla bağlı xalq hərəkatı yaradılması təklifinə də diqqət çəkən ADP İH bu təklifin yanlış olduğunu qeyd edib.
Belə ki, iqtidar Qarabağla bağlı siyasi bəyanatlar əvəzinə hərbi tetarda ciddi rol almağa çalışmalı, siyasi ritorikada son zamanlar etdiyi dəyişiklikləri hərbi addımlara çevirməyi bacarmalıdır.
İH-də qeyd edilib ki, hakimiyyət Azərbaycan xalqının öz torpaqlarını azad etməyə sərbəst iradə nümayiş etdirməsinə mane olmamalı, torpaqlarımızın erməni işğalından azad edilməsi üçün partizan hərəkatının formalaşmasına dəstək verməli, müxtəlif səbəblərdən həbsdə saxlanılan sabiq OMON-çuları, cəbhədə vaxtilə könüllü olaraq ləyaqətlə döyüşmüş vətəndaşlarımızı azad edərək onların partizan hərəkatına qoşulmasına şərait yaratmalıdır.
Daha sonra baş nazir dəyişikliyi məsələsinə münasibət bildirən İH bu dəyişikliyi ölkə üçün pozitiv əhəmiyyəti olmayan hadisə kimi dəyərləndirib. Qeyd olunub ki, Əli Əsədov sələfindən fərqli olaraq tam rusiyapərəst siyasi fiqur və əvvəlki vəzifəsində, xüsusilə də bayraq meydanı tikintisində ağlasığmaz korupsiyada adı hallanan biri kimi tanındığına görə bu təyinatın ölkəyə real bir fayda gətirməyəcəyi indidən bəllidir.
Əhalinin yeni siyahıya alınması ilə bağlı yayılmış məlumatlara diqqət çəkən partiya İH üzvləri çox əhəmiyyətli olan bu dövlət tədbirinin formal, əsasən kağız üzərində, saxtakarlıqla həyata keçirilməsini ciddi qanun pozuntusu kimi dəyərləndirib. Qeyd edilib ki, siyahıyaalmanın saxtakarlıqla keçirilməsi gələcəkdə seçkilərin yenə də saxtalaşdırılması üçün əsasdır və demoqrafik vəziyyətin dəqiq qiymətləndirilməsinə mane olan bu addımın gələcəkdə sosial-iqtisadi sahələrdə korrupsiya həcminin daha da artırılmasına xidmət edəcəyi şübhə doğurmur. Eyni zamanda ADP İH hüquq-mühafizə orqanlarını bu proses zamanı ayrılmış böyük miqdarda vəsaitin korrupsiya yolu ilə mənimsənilməsi ilə bağlı yayılmış məlumatları ciddi araşdırmağa çağırıb.
MSK sədri M.Pənahovun, keçirilməsi planlaşdırılan bələdiyyə seçkilərində xarici müdaxilə ehtimalı ilə bağlı bəyanatına da diqqət yetirən İH bu bəyanatı seçkilərin seçki komissiyaları tərəfindən saxtalaşdırılmasına növbəti hazırlıq kimi qiymətləndirib.
ADP İH-də Türkiyənin  “Sülh çeşməsi” adlı əməliyyatına da münasibət bildirilib. Qeyd edilib ki, Türkiyənin bölgədə sabitlik və təhlükəsizlik üçün ciddi mane olan terrorizmə qarşı həyata keçirdiyi hərbi əməliyyatlar hər cür təqdirə layiqdir və bu qətiyyətli addım bütün dünya, xüsusilə də müsəlman dövlətləri tərəfindən dəstəklənməlidir.
ADP İH Azərbaycan hakimiyyətini qardaş ölkəni rəsmi olaraq müdafiə etməyə, lazım olan hər cür dəstək verməyə çağırıb. Bu əməliyyatın planlaşdırılması və həyata keçirilməsi zamanı qardaş ölkədə olan siyasi fikir birliyinə diqqət yetirən  İH üzvləri iqtidarı Azərbaycanın işğal altında olan torpaqlardakı terror yuvalarını dağıtmağa, əraziləri azad etməyə iradə nümayiş etdirməyə çağırıb. Həmçinin Azərbaycan iqtidarının anoloji addım atacağı təqdirdə müxalif siyasi güclərin hər cür dəstək verməsinin labüdlüyü də qeyd edilib.
Muxalifet.az