Avropa İttifaqı Azərbaycanla ambissiyalı yeni hərtərəfli saziş bağlamaq istəyir... - BİZ BUNA HAZIRIQ?

Baxış sayı:
3693
Ötən gün xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclası çərçivəsində Brüssel şəhərində Avropa İttifaqı, eləcə də Belçika Krallığının rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi mühüm əhəmiyyət kəsb etsə də, Avropa İttifaqının (Aİ) Azərbaycanla Əməkdaşlıq Şurasının iclası ilə bağlı yekun bəyanatı xüsusilə diqqəti çəkir. 

Yekun bəyanatda qeyd olunub ki, Aİ-Azərbaycan arasında Əməkdaşlıq Şurasının iclasında birgə razılaşdırılmış Aİ-Azərbaycan tərəfdaşlıq prioritetlərinin icrası, Azərbaycanın islahat gündəliyi, yeni ikitərəfli sazişin perspektivləri, koronavirus pandemiyası və onun təsirləri, Dağlıq Qarabağ ətrafındakı genişmiqyaslı hərbi əməliyyatlarından sonrakı vəziyyət nəzərdən keçirilib. Bəyanatda koronavirus pandemiyası və onun təsirləri, Dağlıq Qarabağ ətrafındakı genişmiqyaslı hərbi əməliyyatlardan sonrakı vəziyyət nəzərdən keçirildiyi qeyd olunsa da, aydın görünür ki, birgə razılaşdırılmış Aİ-Azərbaycan tərəfdaşlıq prioritetlərinin icrası, Azərbaycanın islahat gündəliyi hələ də Aİ-ni qane etmir. Çünki Şuranın iclasında çıxış edən  Aİ-nin ali nümayəndəsi Cozep Borrell bildirib ki, Aİ Azərbaycanla demokratiya, insan hüquqları və əsas azadlıqlarına əsaslanan ambissiyalı yeni hərtərəfli saziş bağlamaq istəyir.  Amma təəssüf ki, bu gün biz hələ də demokratiya, insan hüquqları azadlıqları pozulan ölkələr sırasındayıq və Azərbaycanın Avropa Şurasına üzv ölkələr arasında məhkumların sayına görə üçüncü yerdə olması bunu bir daha təsdiq edir. Eyni zamanda 100-dən çox siyasi məhbusun olmasının özü ölkədə insan hüquqları azadlıqlarının hansı səviyyədə olmasının əyani göstəricisidir. Doğrudur, ötən ay bu ilin iyulunda Tovuz rayonundakı döyüşlərdən sonra Bakıda Milli Orduya dəstək yürüşünə görə həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 15 fəalından 12-si azadlığa buraxıldı, amma bu, Azərbaycanda siyasi məhbus probleminin birdəfəlik həll olunması demək deyil. Məhz buna görə də bəyanatda Aİ  tərəfdaşlıq prioritetlərinin icrasını nəzərdən keçirərkən Azərbaycanın enerji sektorunda çox uğurlu əməkdaşlığı qeyd olunsa da, Əməkdaşlıq Şurasının iclasında demokratiya, qanunun aliliyi, insan haqları və fundamental azadlıqlar, xüsusən birləşmək azadlığı və Azərbaycanda medianın ifadə azadlığı ilə bağlı problemlərə toxunulduğu yer alır. 
Yeri gəlmişkən,  xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi ilə görüşündə Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni sazişin işlənib hazırlanması ətrafında fikir mübadiləsi aparılması və  Varhelyinin bölgədə aparılmış hərbi əməliyyatlardan əziyyət çəkən insanlara Aİ-nin yardım etmək istəyini qeyd etməsi də göstərir ki, Avropa İttifaqı Azərbaycanla bu sazişi imzalamaqda çox maraqlıdır, ancaq Azərbaycan hökuməti tərəfdaşlıq prioritetlərini, islahat gündəliyini hələ də tam icra etməyib, yaxud edə bilmir. Əslində, islahat gündəliyində duran məsələlərdən kadr islahatı artan xətt üzrə aparılır. Artıq hakimiyyət düşərgəsində yer alan Rusiyapərəst qüvvələrin “vurulması” ardıcıllıqla həyata keçirilir ki, bu da düşmən Ermənistana qarşı birliyimizi, gücümüzü qoruyur. Amma ölkədə kadr islahatı nəinki Rusiyapərəst qüvvələrin “təmiz”lənməsi, eyni zamanda qohumbazlığa, yerlibazlığa arxalanan səriştəsiz, işini bacarmayan kadrların işinin mütəxəssisi olan, işinə məsuliyyətlə, vicdanla yanaşan kadrlarla əvəzlənməsi ilə nəticələnməlidir ki, dövlət də, xalq da bunun səmərəsini görsün. Təəssüf ki, əksər dövlət orqanlarında kadrları hələ də işinin mütəxəssisi olduğu və ona vicdanla yanaşdığı üçün deyil, kiminsə qohumu, dostu-tanışı olduğu üçün işə qəbul edirlər. Buna görə də bu gün cəmiyyət olaraq bunun acısını çəkirik. 
Əslində Avropa İttifaqının islahat gündəliyində duran məsələlərdən biri də Avropa ailəsinə üzv olan ölklərin şəffaf və hesabatlı olmasıdır. Düzdür, Azərbaycanın hələ ki, Avropa ailəsinə üzv olması çətin məsələdir. Amma  C.Borrellin təbirincə desək, Aİ-nin Azərbaycanla demokratiya, insan hüquqları və əsas azadlıqlarına əsaslanan ambissiyalı yeni hərtərəfli saziş bağlaması   üçün də dövlətimizin şəffaf və hesabatlı olması vacibdir.  Əslində, ölkədə yaranan problemlərin kökü, xüsusən də  korrupsiyanın geniş yayılması əksər dövlət orqanlarının şəffaf və hesabatlı olmamasından qaynaqlanır. Burada da yenə kadrların yerlibazlıqla, qohumbazlıqla, yaxud rüşvətlə təyin olunması öz sözünü deyir. Çünki öz biliyi, bacarığı hesabına vəzifəyə təyin olunmayan şəxsin heç vaxt şəffaf və hesabatlı fəaliyyəti ola bilməz. Biliyi, bacarığı olan, eyni zamanda şəffaf və hesabatlı fəaliyyət göstərən vətəndaşa isə əksər dövlət qurumlarında işləməyə imkan verməzlər. Çünki ayağından başınacan korrupsiyaya bulaşmış şəxs ətrafındakıları da öz vəziyyətində görmək istəyər ki, məqamı gələndə kimsə onun üzünə ağ ola bilməsin və vəziyyəti onunla bölüşsün. Avropa İttifaqının rəhbərləri məhz Azərbaycanda bu “hörümcək toru”nda çabalayan kadrları, eyni zamanda korrupsiyanın miqyasını yaxşı bildikləri üçün “şəffaf” və “hesabatlı” sözünün də bizə yad olduğunu yaxşı dərk edirlər. 
Doğrudur, kimsə deyə bilər ki, Avropa İttifaqına üzv olan bəzi ölkələr, xüsusilə də Fransa Ermənistanla münaqişədə Azərbaycana qarşı ədalətsiz davranır, eyni zamanda beynəlxalq hüququ tapdalayır. Bu, həqiqətən belədir. Amma Avropa İttifaqına daxil olan hər bir ölkədə şəffaflıq və hesabatlılıq əsas göstəricidir ki, bu da həmin ölkələrin vətəndaşlarının yaşam səviyyəsini özündə ehtiva edir. Biz də insan kimi yaşamaq istəyiriksə, şəffaf və hesabatlı cəmiyyətin formalaşması üçün çalışmalıyıq və dərk etməliyik ki, biz bunu Avropa ailəsinə daxil olmaq üçün yox, özümüz üçün edirik. Amma təəssüf ki, bu gün biz hələ bu yolun başlanğıcında iməkləyirik...
Əməkdaşlıq Şurasının iclasında qanunun aliliyinə toxunulması özü də Avropa İttifaqının rəhbərliyinin ölkəmizdə hüquq-məhkəmə sisteminin hansı səviyyədə olmasına işarəsidir. Bəllidir ki, ölkədə hüquq-məhkəmə sistemi iflic vəziyyətdədir. Belə ki, insanların ədalət məhkəməsində ədalətsizlikə üzləşməsinə dair yüzlərlə faktlar var. Bəzi insanların şikayətlərini sosial şəbəkələrdə, mətbuatda ictimailəşdirməsindən də aydın görünür ki, məhkəmə sistemi sifarişlə işləyir. Avropa İttifaqının rəhbərliyi də bütün bu naqislikləri bildikləri üçün Azərbaycanla tərəfdaşlıq prioritetlərinin icrasından məmnun deyillər.
Eyni zamanda Şuranın iclasında ökədə birləşmək və medianın ifadə azadlığına bağlı xüsusi diqqət yetirilməsi də tərəfdaşlıq prioritetlərinin icrasından narazılığın ifadəsidir.  İlin əvvəlində hələ dəfələrlə AXC-Müsavat cütlüyünün mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlərinə baxmayaraq, heç bir halda buna imkan verilmədi, hansı ki, toplaşmaq azadlığı ölkə vətəndaşlarının Konstitusion hüququdur. Şübhəsiz ki, Avropa İttifaqının rəhbər şəxsləri bütün bunları yaxşı bilir, amma buna baxmayaraq, yenə də Azərbaycan tərəfdaşlıq prioritetlərini yerinə yetirdiyi təqdirdə yeni hərtərəfli saziş bağlamaq istəyir. Amma biz buna hazırıqmı?! Təbbi ki, yox. 
Aİ-nin Qonşuluq və Genişlənmə məsələləri üzrə Komissarı Oliver Varhelyinin “Humanitar yardım üçün 10 milyon avro ayırmağa və münaqişənin daha əhatəli həlli üçün və daha uzunmüddətli sosial-iqtisadi inkişafa nail olmaq üçün sizinlə çalışmağa hazırıq" fikirləri də onu deməyə əsas verir ki, Aİ Azərbaycanla yeni hərtərəfli sazişi bağlamaqda çox maraqlıdır ki, 10 milyon avro humanitar yardım etmək istəyirlər. Amma sadəcə Azərbaycanda demokratiya, qanunun aliliyi, insan haqları və fundamental azadlıqlar, xüsusən birləşmək və medianın ifadə azadlığının olmaması onları razı salmır. Medianın ifadə azadlığının olmamasından söz düşmüşkən, ölkədə azad medianın olmaması birmənalıdır. Əksər hakimiyyətyönlü media orqanlarında “yuxarı”dan göndərilən tezislər əsasında yazılar dərc olunur. Yəni tezisdən kənar bir cümlə də yazsan, o yazılar dərc olunmayacaq, hətta müəllifə də bununla bağlı irad bildiriləcək ki, sən hökumətin siyasətindən kənara çıxırsan.  Doğrudur, hər bir yazar öz yazılarında dövlətinin, xalqının mövqeyini mütləq nəzərə almalıdır, amma Rusiya kimi işğalçı bir ölkənin əleyhinə olan yazıların dərc edilməsinə qadağaları anlamaqda çətinlik çəkirsən ki, mənim xalqımın, dövlətimin parçalanmasının səbəbkarı olan bir dövlət haqqında yazmağa belə, məhdudiyyət qoyulur. Müxalifətyönlü, yaxud özünü müstəqil media qurumu kimi cəmiyyətə təqdim edən media orqanlarında isə  qismən azad sözə  yer verilsə də, onların da kimlərinsə maraqlarını ifadə etdiyi sözsüzdür. Çünki ölkədə azad, rəqabətli iqtisadiyyat olmadığı üçün medianın reklam bazarına çıxış yoxdur və bu, o deməkdir ki, heç bir media orqanı özünün xərclərin qarşılamaq iqtidarında deyil. Məlumdur ki,  hansısa media orqanının saxlanılması üçün pulu kim xərcləyirsə, onun da sifarişi ilə yazılar dərc olunur. Buna görə də müstəqil medianın yolu azad, rəqabətli iqtisadiyyatdan keçir ki, bu da bizdə hələ monopolist, oliqarx məmurların nəzarətindədir. Ona görə də təəssüf ki, Aİ ilə yeni hərtərəfli sazişin bağlanmasına da uzun illər lazımdır. Yəni biz hələ onlar üçün əsas olan  prioritetləri yerinə yetirmək əzmində deyilik...
Şamo Emin,
Mediadunya.com