“Artıq ət”dən xilas yolu! - ELDƏNİZ QULİYEV YAZIR

Baxış sayı:
3436

Heç ağlımızın ucundan da keçməzdi ki, bizlər gəlib Nobel mükafatının bircə addımlığına çata bilərik?..
Dünya şişir. Şişir və ağırlaşır... yəni dünyada insanlar köklükdən, şişmanlıq, gombulluq və artıq çəkidən əziyyət çəkir. Yox, bu, artıq əziyyət yox, bəşəriyyətin probleminə, bəlasına çevrilib... Bunun "niyə"si ayrı söhbətin mövzusudur; amma o da bir faktdır ki, bütün ölkələrdə bunun çarəsini arayırlar - cürbəcür arıqlamaq üsulları, "artıq ət"-dən  xilas olmağın müxtəlif kreativ yolları, dərmanları təklif olunur. Ancaq təəssüf ki, bütün bu çarələr, əlaclar və sairələr, bir qayda olaraq müsbət nəticə vermir...
Dünya elə şişə-şişə, ağırlaşa-ağırlaşa fırlanır...
İdarə edə bilməyib hökmranlıq eşqinə düşmüş bizim doğma iqtidarımız "dəstədən geridə qalmamaqçün - kimin qlzınnan əskiyiyk ki?,- bu qlobal problemin əsaslı həlli üçün, elə orjinal və elə misilsiz bir addım atıb ki, adlı-sanlı pəhriz ustadlarının, dietoloq və alimlərin matı-qutu quruyub, gözləri bərələ, ağızları da açıla qalıb... (Əlbəttə ki, paxıllıqdan!..)
Bəs dediyimiz o "addım" (bunu dahiyanə "ixtira"və ya "icad" adlandırsaq daha doğru olar), nədən ibarətdir?  Bəli, buna səbəb, yuxarıda qeyd etdiyimiz əziz-xələf televiziya kanallarımızdır! Hər evin, hər ailənin içinə icazəsiz-filansız girən televiziya kanalları. O kanallar ki, ölkənin efir məkanında “at oynadır” və heç kimdən də utanıb-çəkinmir. Üstəlik, küllü məmləkət əhlinə şappadan: "burda mənəm, Bağdadda kor xəlifə!" mesajını da verir. Əcəb də eləyir! Niyə?
Çünki baxırsan, görürsən, düşünürsən və axırda əmin olursan ki, gözünə döndüyüm həmin TV-lər, bir qara qəpik də xərclətmədən, heç bir kimyəvi-filanlı dərman qəbul etdirmədən, əziyyətsiz-zadsız insanların... əvvəl, qram-qram, sonra isə kilo-kilo ət tökməsinə yardımçı olur!.. Evrika! Bundan böyük "xeyirxahlıq" olar?..
Yəqin bunun necə baş verməsi hamını maraqlandırır. Diqqət yetirin:
Baxırsan...İnformasiya əvəzinə nə görürsən? Əlbəttə;
- aşkar feyk, qəşəng-qəşəng saxtakarllqlar və çeşidli dezinformasiyalar;
- tok-şou yerinə şit, ucuz və əttökən bazar söhbətləri eşidirsən;
- müğənni əvəzinə abırsız stiptiz və zövqsüz moda nümayişindən təngə gəlirsən;
- ağılları, diksiya, eləcə də etik davranış qaydaları “pampers” səviyyəsində olan abırsız aparıcılara baxırsan... anadan əmdiyin süd burnundan gəlir;
- musiqi-konsert, yaxud əyləncəli veriliş yerinə... vedrə danqıltısı və köhnə qapı cırıltısını xatırladan həftəbecər kakofoniya bataqlığına düşürsən;
- tamaşaçıların qulağından əriştə asan siyasi, ya qeyri-siyasi ekspertləri dinləyirsən... tüklərin biz-biz olur, istər-istəməz yaltaqlıq-yalaqlıq yarışının şahidinə çevrilirsən;
Diskussiyalara, bədii verilişlərə baxırsan... intellekt, müdrik, ağıllı söz yerinə zəvzəklik, səfehlik və nadanlıqları həzm etmək məcburiyyətində qalırsan;
- maarifçilik əvəzinə yalanın allı-güllü konfet kağızına bükülərək sənə şokolad kimi sırışt edilməsinə dözməyə məhkum olunursan... və sairə və ilaxır (siyahını sonsuzluğa qədər uzatmaq  olar),
Hər gün, hər saat əcaib-qəraib proqramlar, verilişlər yaylım atəşinə dönüb, sənin, mənim, - bizim dünyagörüşümüzü, ruhumuzu, zövqümüzü, əxlaqımızı və mənəviyyatımızı param-parça edir... Ətimiz tökülür! Qram-qram, kilo-kilo... Və bizlərin, qaynar tavaya düşmüş su damcısı tək, atılıb düşə-düşə cızdağı çıxır - əriyirik!..
Bəli, bütün bunların nəticəsi olaraq, adam yarım aya, uzaq başı bir aya, mum kimi yumşalır, üzülür, buxarlanır, şam kimi əriyib də gedir,- ARIQLAYIR, ARIQLAYIR... Daha nə istəyirsiniz, bundan da böyük kəşf, ya ixtira olar?.. Bəşəriyyət qlobal problemlərin birindən - izafi çəkidən, yəni köklükdən, şişmanlıqdan, gombulluqdan, toppuşluqdan bilmərrə xilas olur, vəssalam.
Eşq olsun noxtalı-xaltalı televiziya kanallarımıza! "Əhsən" deyən diliniz var olsun!
Nobel mükafatına layiq görülənlərin buynuzu-zadı olmur ki!..
Yəni, Allah ətinizi töksün!!!
Eldəniz QULİYEV