"Aqrolizinq" ASC-nin sədrinin atası dindirildi - EVİNDƏN 51 MİNLİK OĞURLUQ EDİLİB

Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrolizinq" ASC-nin rəhbəri Seymur Mövlayevin atasının evindən oğurluq edən şəxslərin məhkəməsi keçirilib. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Vurğun İbrahimov, Emin Şirinov, Vurğun Həsənov və Yunus İsmayılovun cinayət işi üzrə məhkəməsi davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttiham aktına əsasən, Vurğun İbrahimov, Emin Şirinov, Vurğun Həsənov və Yunus İsmayılov Bakı şəhər Nəsininrayon ərazisində yerləşən evlərdən oğurluq etməkdə təqsirli bilinirlər. Onlar Aydın Mövlayevin qızıl-zinət əşyaları da daxil olmaqla ümumilikdə 51 min manat, İlham Həsənovla Türkan İbadovanın 9470 manat, Gülbikə Əhmədovanın 6890 manat, İqbal Xəlilovun 3850 manat, Rauf Əliyevin 5300 manat və Nərgiz Abdullayevanın isə 2050 manat pulunu oğurlayıb. V.İbrahimovla E.Şirinov ittihamla özlərini qismən təqsirli biliblər. Digər iki şəxs isə özünü təqsirli bildiklərini deyib. Həbs edilənlərdən Emin Şirinovun vəkili Ceyhun Yusifov vəsatət qaldıraraq bildirib ki, Nəsimi rayon ərazisində 3-4 min manat dəyərində qızıl-zinət əşyası oğurlayıb, lakin istintaq orqanı isə məbləği 51 min manata çatdırıb. Vəkilin dediyinə görə, zərərçəkmiş Aydın Mirzəyev yox, onun oğludur. Vəkil buna görə də cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyib. Məhkəmə vəsatəti baxılmamış saxlayıb. Prosesin davamında zərərçəkmiş Aydın Mövlayev ifadə verib. O, Nəsimi rayonundakı evindən oğurluq edildiyini söyləyib: "Oğlum zəng etdi ki, evə giriblər. Evə çatanda yataq otağının darmadağın olduğunu gördüm. Pəncərəni açıq qoyub getmişdik deyə, onlar da oradan daxil olub. Tez polisə məlumat verdik. Pul evdə döşəyin altında idi". Zərərçəkmiş suallara cavabında bildirib ki, evindən qızıl-zinət əşyaları da daxil olmaqla ümumilikdə 51 min manatlıq oğurluq edilib. Vəkil Ceyhun Yusifov zərərçəkmişə sual verərkən deyib ki, A.Mövlayev ilkin ifadəsidə qızılların evdə yox, Mingəçevirdə olduğunu söyləyib. A.Mirzəyev isə belə bir ifadə vermədiyini söyləyib. Vəkil C.Yusifiov A.Mövlayevin həyat yoldaşını əlavə şahid qismində dindirilməsini tələb edib. Lakin dövlət ittihamçısı etiraz edərək bildirib ki, əsas şahidlər ifadə verəndən sonra qadın dindirilə bilər. Təqsiləndirilən V.İbrahimov ifadəsində Aydın Mövlayevin evinə oğurluğa Emin Şirinovla getdiyini, oradan 4 min manat dəyərində qızıl-zinət əşyası apardığını bildirib. Həbs edilən şəxslər barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 180-ci (soyğunçuluq) maddələri ilə ittiham irəli sürülüb. Qeyd edək ki, zərərçəkmiş A.Mövlayev Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında "Aqrolizinq" ASC-nin rəhbəri Seymur Mövlayevin atasıdır. S.Mövlayev bu il may ayının əvvəlində nazir İnam Kərimovun əmri ilə "Aqrolizinq" ASC-yə sədr təyin edilib.