Amerikalılar tələsik Menbiçdən çıxdı, şəhəri ruslara ötürdü - SURİYA QAMBİTİ

Baxış sayı:
6000

Vaşinqton Hələb əyalətinin şimalındakı Menbiç şəhərinin Rusiya ordusunun nəzarətinə verilməsi barədə Moskva ilə anlaşıb. Virtualaz.org xəbər verir ki, bu haqda “Newsweek” jurnalı Pentaqondakı mənbəyə istinadən yazıb. Menbiçdə ABŞ-ın təxminən min nəfərlik hərbi kontingenti yerləşirdi və şəhər kürdlərin nəzarətində idi. Lakin Suriyanın şimalında təhlükəsiz zona yaratmaq üçün hərbi əməliyyatlara başlayan Türkiyə ordusu bu mühüm məntəqəni tutmağa çalışır. Mənbə deyib ki, həmin rayonda “uzun vaxt keçirən” amerikalı hərbçilər Rusiya qoşunlarının əvvəllər təhlükəsiz olmayan zonalardan sürətlə keçməsinə və Menbiçə daxil olmasına kömək ediblər. “Mahiyyətcə bu, nəzarətin təhvil verilməsidir. Lakin söhbət qoşunların sürətlə çıxarılmasından gedir, hansı ki, burada təlimatlandırma və digər bu kimi tədbirlər nəzərdə tutulmur. Hər şey ona yönəlib ki, mümkün qədər çox inventar saxlanılsın və daşınması mümkün olmayan istənilən mühüm avadanlıq məhv edilsin”,-mənbə deyib. Bildirilir ki, bundan əvvəl kürdlərlə anlaşma əldə edib onların nəzarətindəki bölgəyə daxil olan Suriya ordusu hissələri Menbiçi tərk edən Amerika hərbi kalonunun “quyruğunu görməyə” imkan tapıb. ABŞ prezidenti Donald Tramp elan edib ki, Suriyadakı hərbi kontingent çıxarılır, amma bölgəyə yaxın yerdə yenidən dislokasiya ediləcək və İŞİD-in fəallaşacağı təqdirdə hərəkətə keçəcək.