ADP İSA QƏMBƏRİ TƏBRİK ETDİ - Yenidən Müsavat başqanı seçilməsi münasibətilə

Baxış sayı:
3139

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda ölkədə və dünyada baş verən bir sıra ictimai-siyasi hadisələr müzakirə predmeti olub.
Toplantıda ilk öncə son günlər Ermənistanda kilsəsinin keşişləri və bir qrup radikal qüvvələrin Paşinyan hakimiyyətinə, onun Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiya istiqamətində atdığı rasional addımlara qarşı həyata keçirdikləri kütləvi aksiyalar, ixtişaşlar ətrafında müzakirə aparılıb. Baş verən hadisələr qətiyyətlə pislənilib, bu hadisələrin Cənubi Qafqazda sülhə və təhlükəsizliyə ciddi təhlükə yaratdığı, eyni zamanda beynəlxalq ictimaiyyətin bu hadisələrdə Ermənistan hakimiyyətinin yanında olmasının vacibliyi qeyd edilib.
İdarə Heyəti Rusiya Federasiyası tərəfindən Ukrayna Prezidenti V.Zelenski haqqında cinayət işinin açılması və axtarışa verilməsi ilə bağlı məsələyə də münasibət bildirib. İdarə Heyəti bu hadisənin siyasi etikaya zidd olduğunu və bu faktın arxasında Ukraynanın Rusiyanın işğalçı siyasətinə qarşı apardığı mübarəzənin durduğunu bildirib.
İdarə Heyəti cari ilin noyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulan COP29 beynəlxalq tədbiri ərəfəsində Azərbaycan hakimiyyətinin İsrail-Fələstin və Rusiya-Ukrayna arasında atəşkəsə və sülhə nail olunması təşəbbüsü ilə çıxış etməsini alqışlayıb və bu təşəbbüsün beynəlxalq miqyasda sülhə və təhlükəsizliyə xidmət etməsi ilə yanaşı, ekoloji tarazlığın qorunub saxlanmasına da xidmət etdiyini qeyd edib.
İdarə Heyəti ötən həftə “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin rəhbəri Anar Məmmədlinin həbs olunması və bu həbs məsələsi ilə bağlı beynəlxalq reaksiyalar ətrafında müzakirə aparıb. Müzakirələrdə qeyd edilib ki, bu il ölkədə keçirilməsi nəzərdə tutulan parlament seçkiləri öncəsi həyata keçirilən bu həbs haqlı olaraq istər ölkə, istərsə də beynəlxalq ictimaiyyət tərəfindən birmənalı dəyərləndirilməyib. Eyni zamanda, bu tipli həbslərin bu il ölkədə keçirilməsi nəzərdə tutulan parlament seçkilərinə şübhələrin yaranmasına və beynəlxalq institutların Azərbaycana qarşı iradlarına gətirib çıxaracağına səbəb olacağı qeyd edilib və hakimiyyət bu addımlardan çəkinməyə dəvət edilib.
İdarə Heyəti son zamanlar ictimai müzakirələrdə Azərbaycanla Avropa və Qərb instituları arasında münasibətlərə kölgə salan fikirlərin səsləndirilməsinin Azərbaycan dövlətinin milli maraqlarına cavab vermədiyini, əksinə, bu sahədə əməkdaşlığın dərinləşdirilməsinin, Avropa və Qərb dövlətləri ilə ikitərəfli əlaqələrin yüksək səviyyəyə qaldırılmasının vacibliyini bildirib.
İdarə Heyəti “Sərhədsiz Reportyorlar” beynəlxalq təşkilatının dünyadakı media azadlğı ilə bağlı yaydığı illik hesabatında Azərbaycanla bağlı bölməsində səsləndirdiyi iradları obyektiv dəyərləndirmə kimi qiymətləndirib və Azərbaycan hakimiyyətini demokratik sahədə mövcud olan nöqsanları aradan qaldırmağa və ölkədəki media azadlığı sahəsində ciddi islahatları həyata keçirməyə çağırıb.
Toplantının sonunda İdarə Heyəti İsa Qəmbəri yenidən Müsavat Partiyasının Başqanı seçilməsi münasibəti ilə təbrik edib. Bu hadisənin demokratik düşərgənin yenidən təmərküzləşməsinə və inkişafına stimul verəcəyinə əminlik ifadə edilib.
Muxalifet.az