VERGİ YOXLAMALARI QIZIL SATANLARI BİRLƏŞDİRDİ – Sahibkarlar müflisləşməkdən belə xilas olurlar

Baxış sayı:
6100

Xəbər verdiyimiz kimi, son bir neçə gündə paytaxt Bakıdakı iri ticarət mərkəzlərində yerləşən qızıl satışı nöqtələrində kütləvi vergi yoxlamaları müşahidə olunur.

Sahibkarların dediyinə görə, vergi orqanı onlardan satdıqları qızıl-zinət əşyalarının maliyyə sənədlərini, gömrük bəyannamələrini tələb edirlər. Lakin hamıya məlumdur ki, demək olar heç kimdə bu malların sənədi yoxdur. 

Çünki xaricdən qızıl idxalı inhisarlaşdırılıb, onu gətirənlər isə satıcı-sahibkarlara heç bir sənəd təqdim etmirlər. Hətta daxili bazarda da qızılı topdan satanlar sahibkarlara əksər hallarda sənəd vermirlər. Uzun illərdir ki, Azərbaycana qızıl bazarı bu cür işləyir. Yəni, satış nöqtəsindəki sahibkar istəsə də, ona aldığı malla bağlı rəsmi sənəd verən yoxdur! Bunu gömrük orqanında da, vergidə də hamı çox yaxşı bilir. Lakin müvafiq qurumlar bu vəziyyəti yaradan köklü səbəbləri və “səbəbkarları” bir kənara qoyaraq, bütün “qəzəbini” pərakəndə satışı həyata keçirən qızıl nöqtələrinin üzərinə yönəldirlər, onları cərimələyirlər, maliyyə sanksiyaları tətbiq edirlər və s. Sahibkarların isə üz tutacağı,dərdlərini deyəcəyi kimsə yoxdur...

“AzPolitika” qızıl bazarına yaxın mənbələrə istinadla xəbər verir ki, qızıl satışı ilə məşğul olan sahibkarlar külli miqdarda vergi cərimələrini ödəyə bilmək üçün bir növ qeyri-rəsmi “həmkarlar ittifaqı” yaratmaq məcburiyyətində qalıblar. 

Belə ki, ayrı-ayrı sahibkarlara yazılmış böyük məbləğdə cərimələr həmin ticarət mərkəzlərindəki digər sahibkarlar arasında bölüşdürülür. Bu praktikadan son bir neçə ildə “Xalqlar dostluğu” metrosu yaxınlığındakı “Laçın” ticarət mərkəzində geniş istifadə olunduğu bildirilir. Məlumata görə, iki gün əvvəl vergi orqanı bu ticarət mərkəzində qızıl satışı ilə məşğul olan 10-a yaxın sahibkara böyük məbləğdə cərimələr yazıb. Cərimələrin ümumi məbləğinin bir neçə yüz min manata çatdığı qeyd olunur. 

Qızıl satışı seksiyasında 200, bəlkə də daha çox sayda kiçik satış nöqtələri var və artıq bir neçə ildir “Laçın” rəhbərliyinin qoyduğu qeyri-rəsmi qaydalara görə, cərimə məbləği bütün qızıl satan sahibkarlar arasında bərabər şəkildə bölüşdürülərək, toplanılır və cərimə bu yolla ödənilir ki, heç bir sahibkara güc düşməsin. Çünki vergi orqanının “yoxlama qılıncı”nın altına istənilən sahibkar düşə bilər. Bu zaman isə digərləri birləşib, vergi orqanının “yaxaladığı” sahibkarları müflisləşməkdən xilas edirlər.

Göründüyü kimi, sahibkarları müdafiə etməli, onlara hüquqi yardım göstərməli, dayaq durmalı olan müvafiq qurumlardan əlini üzən “sahibsiz sahibkarlar” vəziyyətdən çıxmaq üçün bu cür üsullara əl atmaq məcburiyyətindədirlər...

R.Əliyev