"Türk Axını"nın klapanları yanvarda açılır

Baxış sayı:
3190

Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayacaq “Türk axını” layihəsinin işə düşməsi üçün yalnız klapanları açmaq qaldı. Yanvar ayının əvvəlinə qaz kəmərinin və yerüstü qurğuların tikintisi başa çatdı və layihə üzərində sınaqlar keçirildi. Türk Axını qaz kəmərinin təbii qaz tədarükünə başlaması üçün, iki liderin komanda verməsi gözlənilir. 8 yanvar 2020-ci ildə Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin iştirakı ilə Türk Axını qaz kəmərinin rəsmi açılış mərasimi keçiriləcək. Türk mediası nümayəndələrinə Kiyiköydə artıq hazır olan qəbul terminalı göstərildi. Rusiyanın Anapa şəhərindən başlayaraq və bütün Qara dənizdən keçən, uzunluğu 930 kilometr olan iki sıra qaz kəmərini birləşdirən yerüstü terminalı İstanbuldan 100 kilometr məsafədə yerləşir. Kiyiköy terminalı, Türkiyənin enerji sektorundakı gələcəyi üçün baza olacaq. Avropanın enerji təhlükəsizliyini təmin edən Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin tamamlanmasından sonra Türkiyə qısa müddətdə Türk Axını ilə qaz almağa başlayacaq. Qaz kəmərinin istifadəyə verilməsi ilə Türkiyə Cənubi - Cənub-Şərqi Avropa üçün enerji körpüsü olacaq və regional enerji bazarındakı strateji mövqeyini gücləndirəcək. Bundan əlavə, Türkiyə bir tərəfdən öz enerji təhlükəsizliyini gücləndirəcək, digər tərəfdən isə Avropaya qaz tranziti üçün ödəniş ala biləcək. Ümumi axın gücü 31,5 milyard kubmetr olan Türk Axını qaz boru kəmərinin dəniz hissəsinin hər bir hissəsinin uzunluğu 930 kilometrdir. Boru xəttinin inşası gözləniləndən daha tez başa çatdı. Əvvəlcə gündə 2,5 kilometr boru çəkmək planlaşdırılırdı, amma sonra kəmərin çəkilmə sürəti gündə 5 kilometrə çatdı. İldə 15 milyon orta ev təsərrüfatının ehtiyaclarını qarşılayacaq boru kəmərinin quru hissəsinin inşasında iştirak edən baş mühəndis Erol Yazıcı, Bolqarıstana gedən boru kəmərinin hazır olduğunu vurğuladı. Ölkələr razılaşarsa, təbii qaz Bolqarıstanın daxili bazarına da verilə bilər. "Sabah" Tərcümə Muxalifet.az-ındır.