Troya: hər daşından “tarix yağan” antik şəhər – FOTOLAR
Troya. Türkiyənin Çanaqqala şəhəri yaxınlığında, Aralıq dənizi (Ağ dəniz) sahillərində keçmişdə möhkəm qala divarları ilə əhatə olunmuş qədim yaşayış məskəni. Bu şəhərin tarixi haqqında yazılı mənbələrdə müxtəlif təzadlı fikirlər mövcud olsa da, Troya dünyanın ən qədim şəhərlərindən biri kimi qəbul edilməkdədir. Zənnimizcə, Çanaqqalaya gələn turistlərin antik şəhərə daha çox maraq göstərməsi də məhz bununla bağlıdır. O cümlədən, bu şəhər haqqında çoxsaylı rəvayətlərin mövcud olması, əsərlər yazılması və filmlər çəkilməsi də təsadüf deyil.
Troya şəhəri haqqında məlumat ilk dəfə qədim yunan şairi Homerin “İlliada” əsərində verilir. Qeyd edək ki, yunanlar Troya şəhərini İlion adlandırıblar. “İliada” poemasının adı da buradan götürülüb. Həmin poemada Troya müharibəsindən bəhs olunur. Dastanda haqqında bəhs olunan Troya müharibəsinin e.ə. XII əsrdə baş verdiyi ehtimal olunur. Müharibənin baş vermə səbəbi Sparta hökmdarı Menelayın arvadı Yelenanın Troya hökmdarı Priamın oğlu Paris tərəfindən qaçırılmasıdır. Buna cavab olaraq Menelayın qardaşı Arqos hökmdarı Aqamemnonun başçılığı ilə axeylər Troyaya hücum edirlər. Müharibə zamanı Troyanın şahı Pryam, onun övladları Hektor və Paris döyüşdə həlak olublar. Həmçinin, 50 min nəfərlik ordu ilə hücuma keçən Aqamemnon və qoşunun böyük hissəsi məhv edilib.
“Axillesin dabanı” və “Troya atı”
Tarixdə mövcud olan “Axillesin dabanı” və “Troya atı” ifadələri də məhz bu müharibə ilə bağlıdır. Belə ki, yunan mifologiyasına görə, yunanların qəhrəmanı Axillesin anası Fetida (su ilahəsi) onun dabanından tutub yeraltı suda çimizdirərmiş. Bu səbəbdən, onun bədəninə qılınc və nizə batmasa da, anasının əli ilə tutduğu dabanı zəif imiş. Odur ki, bu müharibədə qardaşı Hektorun qisasını alan şahzadə Paris oxla Axillesin dabanından vurur və bu, onun ölümünə səbəb olur. Həmin dövrdən insanın zəif yerini “Axilles dabanı” adlandırırlar.
Müharibə haqqında rəvayətlərdən biri də odur ki, Troyanı qılınc gücünə ələ keçirə bilməyən yunanlar hiyləyə əl atırlar. Belə ki, Odissey Troyanı tutmaq üçün taxtadan nəhəng at düzəltdirir və içərisinə yunan döyüşçülərini doldurur. Troyalılar bu atı “Tanrının onlara hədiyyəsi” kimi qəbul edib, çəkib şəhərə aparırlar. Döyüşçülər gecə atdan çıxıb darvazaları açır, minlərlə yunan əsgəri şəhərə daxil olub Troyanı zəbt edirlər. Buradan da “Troya atı” ifadəsi meydana gəlir.
Homer dövrü
Ümumiyyətlə, yuxarıda da qeyd etdiyimiz kimi, yunanlar Troya müharibəsi haqqında çoxlu əfsanələr yaradıblar. Kor şair Homer bu əfsanələr əsasında e.ə. VIII əsrdə “İliada” və “Odisseya” epik poemalarını yaradıb, onlar e.ə. VI əsrdə yazıya alınıb. Yunanların adət-ənənələri, etiqadları, həyat tərzi haqqında geniş məlumat verən bu poemaların əhəmiyyəti tarix üçün o qədər böyükdür ki, e.ə. XI-IX əsrlər Homer dövrü adlanır. Yunanıstanın erkən qədim tarixini öyrənmək üçün Homerin poemaları etibarlı mənbə sayılır. Çünki arxeoloji qazıntılar nəticəsində Homerin “İIiada” və “Odisseya” poemalarında təsvir olunmuş hadisələrin tarixən olduğu sübut edilmişdir.
Troyanın strateji əhəmiyyəti
Tarixi mənbələrdə Troya müharibəsinin başılca səbəblərindən biri kimi, buranın qızılla zəngin bir şəhər olması göstərilir. Həm də bu şəhərin yerləşdiyi mövqe hər zaman diqqət çəkib. Çünki Asiyada ən strateji mövqedə – Bosfor boğazının (İstanbul boğazının) girişində yerləşən Troya ticarət üçün də əhəmiyyətli şəhər olub.
Haşiyə: Bosfor boğazı Mərmərə dənizi və Dardanel boğazı (Mərmərə dənizini Ege dənizi ilə bağlayan Çanaqqala boğazı – müəl.) ilə birlikdə Türk boğazlarının siyahısına daxil edilmişdir. Bu boğaz Qara dəniz və Mərmərə dənizini bir-birləri ilə əlaqələndirməklə yanaşı, İstanbul şəhərini Avropa və Asiya tərəfi (Anadolu tərəfi) olmaqla iki hissəyə ayırır. Beynəlxalq dəniz nəqliyyatının həyata keçirilə biləcəyi ən dar keçid xüsusiyyətinə sahib olan Bosfor boğazının üzərində 15 iyul Şəhidlər, Fateh Sultan Mehmet və Yavuz Sultan Səlim adlı asma körpülər mövcuddur. Bu körpülər İstanbulun hər iki tərəfini əlaqələndirir, həmçinin Avropa tərəfi və Asiya tərəfi arasında keçid nöqtəsi yaradır. İstanbul xalq nəqliyyatının əsas nöqtələrindən biri olan Bosfor boğazında qitələrarası nəqliyyat dəniz avtobusları, yük, maşın və sərnişin aparan bərələr, şəhər xətləri dəniz paroxodları və sərnişin motosiklləri ilə əlaqələndirilir.
Tarixi mənbələrdə qeyd olunur ki, troyalılar boğazdan keçən gəmilərdən vergi toplayaraq çox zənginləşiblər. Bu səbəbdən də, Troyanın ordusu şərqdə ən güclü ordulardan birinə çevrilib. Onun başçısı isə kralın böyük oğlu Hektor olub. Hansı ki, yunan mifologiyasına görə, Hektor Axilleslə təkbətək savaşda məğlub olaraq, öldürülüb.
Antik Troya şəhərinin qalıqları…
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və Turizm, Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə Azərbaycandan və daha 5 ölkədən – Ukrayna, Xorvatiya, Bosniya-Herseqovina, Serbiya və Monteneqrodan (Çernoqoriya, ya da Qaradağ) media nümayəndəsinin qardaş Türkiyəyə səfəri zamanı antik Troya şəhərinin qalıqları jurnalistlərin daha çox marağına səbəb olmuşdu. Görünür, buranı bizim üçün daha cəlbedici edən şəhərin tarixi haqda az-çox məlumatlı olmağımız idi. Üstəlik, qrup rəhbəri olan xanım antik şəhərin keçmişi haqda daha geniş bilgilər verdikcə, hər daşından “tarix yağan” Troya media nümayəndələrinin diqqətini tamamilə özündə cəmləmişdi. Bu şəhərin qalıqları arasında gəzdikcə, sanki bir anlıq keçmişə qayıdır, bu qədim yaşayış məskəninin “sakini”nə çevirilirdik. Bələdçi xanımın Troyanı gəzərkən, “bura teatr olub”, “bu isə hamamdır” deyə göstərdiyi yerlərə diqqət etdikdə isə, troyalıların təxminən 2500 – 3000 il əvvəl mövcud olan həyat tərzi insanı heyran qoymaya bilməzdi…
Troya muzeyi
Antik Troya şəhərinin qalıqları ilə yanaşı, Çanaqqalada yerləşən Troya muzeyi də ziyarətçilər üçün olduqca cəlbedicidir. Bu muzeydə əsasən Troya şəhərinin qazıntısı zamanı tapılan sənət əsərləri, sənətkarlıq nümunələri ilə yanaşı, Troya müharibəsinin qəhrəmanları haqqında maraqlı faktlar və troyalıların həyat tərzini nümayiş etdirən bir neçə dəqiqəlik 3D filmlərlə tanış ola bilərsiniz. İnanırıq ki, nə zaman yolunuz Çanaqqalaya düşsə, istər antik Assos şəhəri (bu haqda ötən yazımızda məlumat vermişik – müəl.), istər Troya şəhəri ilə tanışlıq, istər də Troya muzeyinə baş çəkməyiniz həyatınızda silinməz izlər buraxacaqdır. Ümumilikdə isə, Türkiyənin turizm üçün əvəzsiz ölkələrdən biri və burada Çanqqalanın da özünəməxus yeri olduğunu əminliklə qeyd edə bilərik!
A.HƏSƏNLİ,
Hurriyyet.org
P.S. Sonda onu da qeyd edək ki, Hollivudun “Varner Brazers Entertayment” kinostudiyasının çəkdiyi, tanınmış aktyorlar Bred Pitt və Erik Bananın baş rollarda oynadığı tarixi “Troya” filmi üçün hazırlanan 12 ton ağırlığındakı Troya atının maketi 2004-cü ildə Türkiyəyə hədiyyə olunmuşdur. İndi Çanaqqalanı ziyarət edən turistlər əfsanəvi atın maketi ilə də tanış ola bilərlər.