ƏƏSMN-in Əlillik siyasəti şöbəsinin “şantaj siyasəti”
68 yaşlı Qarabağ əlili əlillikdən məhrum edilməklə hədələnir
Onuncu aydır 1-ci dərəcəli Qarabağ əlili kimi pensiyama 6 il qabaq - 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı məhkəmə qərarı ilə əlavə olunan 110 manatın dələduzluqla kəsilməsinə qiymət verilmir. Ali dövlət hakimiyyəti, hüquqqoruma orqanları şikayəti qanuna zidd olaraq barəsində şikayət edilən DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərir və təbii ki, özbaşınalıq sürür. Təsəvvür edin, Bakı İnzibati Məhkəməsi (hakim Günel xanım Sevdimalıyeva ) 5 ay borclu Filialdan məhkəmə qərarının icrası haqqında məlumat tələb edib, 5 aydan sonra yazıb ki, məhkəmə qərarı 2021-ci ilə kimi - “ Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsi ləğv olunana kimi icra olunub.(?)
İnzibati məhkəmə icraatında, İPM-in 116-120 maddələrinə uyğun olaraq, məhkəmə qərarlarının icrasını təmin etməli olan məhkəmənin belə “icraçılığı” Ombudsman Aparatının, Prezident Administrasiyasının ləğv edilən qanun maddəsinin məhkəmə qərarını da, Konstitusiyanı da ləğv etməsi cavabına heyrətlənməyə yer qoymur. Neyləyək, hüquq dövlətinin əsas prinsipi, heç demə, borclunun dövlətin adından çıxarılan məhkəmə qərarını ləğv etməsi, tələbkardan borc tələb etməsi absurdluğu imiş!
Belə qeyri-prosessual ilgidən sonra bu özbaşınalığa son qoyacaq qurumun prokurorluq olması şübhə doğurmur. Nə yazıq, Konstitusiyanın 133-cü maddəsi əsasında qanunların icrasına nəzarət etməli olan prokurorluq da üzərinə qoyulan görəvi yerinə yetirməkdən imtina edir. Qanunların icrasına nəzarət(sizliy)ə, korrupsiyaya qarşı mübarizə(sizli)yə baxın, 161- korrupsiyaya qarşı mübarizə “qaynar xətti” 961- qanunların icrasına nəzarət xəttinə və əksinə müraciət etməyi məsləhət görür, heç biri də şikayəti qeydə almır. Beləcə dövlətin, məhkəmə qərarının, Konstitusiyanın məmurun cibindən aşağıda tutulması özbaşınalığı 10-cu aydır hökm sürür.
Axırı, media işə qarışandan sonra baş prokurorluqdan şikayətin nəzarətə götürüldüyü bildirilib. Di gəl, hələ də, özbaşına kəsilən 110 manatın bərpası gerçəkləşmir. Hələ də özbaşınalıq sürür. ƏƏSMN-in tabeliyindəki, yanındakı qurumlar yeni-yeni planlar, özbaşınalıqlar düzənləyir.
Dekabrın 22-də 1-ci vitse-prezident, Heydər Əliyev Fondunun prezidentinin qəbulundan çıxandan sonra Qarabağ əlilinə ƏƏSMN-in Əlillik siyasəti şöbəsindən 0502851873 nömrəsi ilə zəng edən anonim xanım prokurorluğun müraciəti əsasında 68 yaşlı 31 ilin 1-ci dərəcəli Qarabağ əlilinin əlillik vəziyyətinin qiymətləndirilməli olmasını bildirib. Özbaşınalığı göz önünə gətirə bilirsiniz? Məhkəmə qərarı ilə pensiyaya əlavəni kəsirlər, bərpa etmək yerinə, əlillik dərəcəsini kəsməklə şantaj edirlər!(?) Bəyəm əlillik siyasəti şöbəsinin, reabilitasiya qurumunun işi əlilliyi olan şəxsləri şantaj etməkdir? Prokurorluq bu şantaj cinayətinə qiymət verməyə borcludur. Elə həmin gün, həmin saat 161 qaynar xəttinə bilgi verilib...
Məğrur BƏDƏLSOY
P.S. 1993-cü ilin Novruz bayramı günlərində Ağdərə döyüşlərində ağır baş beyin taravması almışam, 5 qabırğamı artilleriya zərbəsi aparıb(Hamısı ƏƏSMN-də var, hətta yenidən təqdim edilib). 27 ildir Səhiyyə Nazirliyi ölkədən qıraqda müalicəmə rəy verir, ƏƏSMN adi yol xərcini belə ödəmir, öz kəsilən pensiyamın hesabına MDB ölkələrindəki dost-qohumlarlımın tibbi yardımına gedirəm. Son illərdə burdan-bura Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzində ağır astmadan müalicəm də qərəzlə təşkil olunmur. Adi yol xərcinin belə ödənilməsindən imtina edilir. Kəsilən pensiyanın bərpasını tələb edəndə isə əlilliyinin kəsiləcəyi ilə şantaj edilirsən. Budur əlillər barəsində dövlət siyasəti?