Saakaşvili Ukraynaya qayıdır - nələr olacaq?

Baxış sayı:
5887

Politoloq: “Zelenskinin ona dövlət vəzifəsi verəcəyi də istisna deyil...” Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Kiyevə geri qayıdır. Varşavada olan Saakaşvili Ukrayna vətəndaşlığının ona qaytarılmasından danışıb və bununla bağlı videomüraciət yayıb. Eks-prezident bildirib ki, heç yerdə reklam etmədən, prezident administrasiyasına vətəndaşlığının qaytarılması üçün məktub yazıb. O, eyni zamanda bu qayıdışdan heç bir şəxsi məqsəd güdmədiyini, sırf Ukraynanın inkişafı və ayağa qalxması üçün çalışacağını elan edib. Saakaşvili ölkə prezidenti Zelenskiyə də təşəkkür edib. “Bu qədər müddət mənə inandığınız və dəstəklədiyiniz üçün sizlərə təşəkkür edirəm. Kiyevdə görüşmək üzrə. Yaşasın Ukrayna” deyib. Amma bu informasiya xüsusən də Rusiya mediasında birmənalı qarşılanmayıb. Hətta Saakaşvilinin qısa müddət sonra Zelenskiyə qarşı çıxacağı versiyasını səsləndirənlər var. Daha bir komplo teoriyası Zelenskinin sırf Putinin direktivi əsasında Saakaşvili barədə qərar verməsindən ibarətdir. Politoloq Şahin Cəfərli isə hesab edir ki, Zelenski Saakaşvilinin Ukrayna vətəndaşlığını bərpa etdi və ona dövlət vəzifəsi verəcəyi də istisna deyil. Onun fikrincə, bu, maraqlı gedişdir: “Saakaşvilinin hazırda Ukraynanın ən güclü adamları Avakov və Kolomoyski ilə münasibətləri yaxşı olmayıb. Düzdür, mühacirətdə ikən Kolomoyski ilə Saakaşvili görüşdülər, bəlkə də müəyyən razılığa da gəldilər. Amma hər halda, Saakaşvili oliqarxın çaldığına oynayacaq biri deyil. Mən düşünürəm ki, Zelenski bu gedişlə Avakov və Kolomoyskinin artan təsirini müəyyən qədər məhdudlaşdırmağa və balans yaratmağa çalışır”. Ş.Cəfərli hesab edir ki, Zelenskinin qərarı Gürcüstan hökumətinin xoşuna gəlməyəcək. Onun sözlərinə görə, Gürcüstan yavaş-yavaş 2020-ci ilin parlament seçkiləri kampaniyasına daxil olur və bu ərəfədə Saakaşvilinin ölkəyə yaxınlaşması və təsir imkanlarının artması İvanişvilinin xoşuna gəlməyəcək. Müsahibimiz deyir ki, qərardan məmnun olmayacaq başqa bir mərkəz isə Moskvadır. Bu arada Odessanın eks qubernatoru Saakaşvilinin partiyası 21 iyulda Ali Radaya keçirilməsi nəzərdə tutulan növbədənkənar seçkilərə qatılacaq. Bu barədə “Apostrof” adlı nəşrə müsahibəsində partiyanın liderlərindən olan David Sakvarelidze məlumat verib. “Bizim seçkilərdə azad şəkildə iştirakımız qanunidir. Biz partiya olaraq bu seçkilərə gedəcək və siyasi güc olaraq gerçəkləşmək istədiyimiz fəlsəfə və layihələri həyata keçirəcəyik”. Partiyanın növbədənkənar seçkiləri dəstəkləyib-dəstəkləmədiyinə gəlincə, Sakvarelidze bildirib ki, prezident Zelenski düzgün addım atıb. Çünki Radanın hazırkı heyəti legitim deyil. Saakaşvilinin rəhbərlik etdiyi “Yeni qüvvələrin hərəkatı” partiyası 2017-ci ilin fevralında yaradılıb. Bu partiya həmin vaxt dövlətə rəhbərlik edən Poroşenko hakimiyyətinə müxalif mövqedə dayanırdı./musavat