Roqozinin əvəzinə Oreşkin gəldi: Dəyişiklik olacaq?

Həmsədrlərin dəyişdirilməsi yaxşı oldu. Muxalifet.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Maksim Oreşkinin Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri vəzifəsinə təyin edilməsinə münasibət bildirərkən qeyd edib. O bildirib ki, Moskvadakı təyinatdan 3 gün sonra Prezident İlham Əliyev də Azərbaycan tərəfdən hökumətlərarası komissiyasının həmsədrini dəyişdi: "Rusiyada yeni həmsədr inkişaf naziri olduğundan Azərbaycanın da yeni həmsədri iqtisadiyyat naziri təyin olundu. Buna qədər Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının həmsədri baş nazirin birinci müavini Yaqub Eyyubov idi". Politoloq vurğulayıb ki, Roqozin bu illərdə Azərbaycanla sıx əlaqələr qurmuşdu: "Azərbaycan məhz Roqozinlə əməkdaşlıq sayəsində Rusiyadan milyardlarla dollar həcmində silah və hərbi texnika aldı. Ancaq Roqozinin Oreşkinlə əvəzlənməsi də pis deyil. Onsuz da Rusiyadan hansı silah və hərbi texnika almaq mümkün idisə alındı, indi əməkdaşlığı iqtisadi müstəviyə keçirmək lazımdır". Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın Baş naziri Dmitri Medvedyevin sərəncamı ilə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri vəzifəsinə təyin edilib.