Restoran işçiləri vergiyə cəlb olunur, yayınanlar cərimələnəcək

Baxış sayı:
6523

“Yarım saata 10 min manat alanlar var ki, gündə 4 toya gedirlər, həmin vəsaitin vergisini verməlidirlər”

Gələn il yanvarın 1-dən şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə, o cümlədən foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərinin müştərilərinə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə cərimələr tətbiq ediləcək.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb. Bu şəxsləri “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edən işəgötürənə (vergi orqanında uçotda olan sifarişçiyə) hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. Qanun layihəsi Milli Məclisin 12,13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.

“Xəmsə” şadlıq evinin sahibi  Mürvət Həsənli mövzunu “Yeni Müsavat” üçün şərh edərkən bildirdi ki, o özü bu barədə ilk təklifi 2006-cı ildə verib: “Orada əsas söhbət müğənnilərdən gedirdi. Çünki istənilən müğənni gəlib hər hansı toyda yarım saat oxuyur və 6-10 min manat arasında pul alır. Mən o zaman bildirmişdim ki, onların hər toydan nə qədər pul alması qeyd edilməlidir və ona uyğun vergiyə cəlb olunmalıdır. Əgər vergi verilmirsə, restoran rəhbəri cərimələnməlidir. Ancaq orada bir məqamda problem yaranır. Tanınmış müğənnilər əsasən bahalı  restoranlara gedirlər. Bir çox hallarda isə müğənnilər müştəri , yəni toy sahibi tərəfindən dəvət edilir. Qiymətlər də restoran sahibi tərəfindən danışılmır. Biz qiyməti bilmədiyimiz üçün nəzarəti də həyata keçirə bilmirik.

Mürvət Həsənli ile ilgili görsel sonucu

Restoran müğənnisi, tamadası, rəqs qrupu, foto-video çəkənləri ya restoran işçi kimi işə qəbul etməlidir ki, onlara maaş verilsin və həmin maaşdan vergi tutulsun. Və ya özləri VÖEN alsınlar, özləri aldıqları pula görə vergi ödəsinlər. Burada çox böyük vergi itkisi var idi, mən o qərarı alqışlayıram. Mənim 13 il öncə verdiyim təkliflərlə bağlı nəhayət ki, bu gün qərar verdilər. Biz şəxsən öz təcrübəmizdə çalğıçıları, tamada və rəqqasları, eləcə də digərlərini işə götürürük, işçi formasında vergisini verirdik”.

M.Həsənli onu da vurğuladı ki, gündə 20-30 manat pul qazanan  işçilər vergiyə cəlb olunursa, günlük qazancı 20-30 min manat olan müğənnilər də gəlir vergisi ödəsinlər: “Ancaq söhbət təkcə bununla bitmir, toya gələn müğənnilər vergiyə cəlb olunmalıdır. Yarım saata 10 min manat alanlar var ki, gündə 4 toya gedirlər. Onlar həmin vəsaitin vergisini verməlidirlər. Günə 20-30 min manat qazananlar da vergini verməlidirlər. Ancaq heç bir vergi vermirlər. Onlar birbaşa toy sahibi ilə danışırlar. Restoran müdiri onu toya buraxmaya bilər ki, get, vergi ilə bağlı qəbzi gətir sonra restorana daxil ol. Rəqqasə və ya çalğıçı günə 15-20 manat pul alır, əsas yüksək məbləğ tanınmış müğənnilərdir. Onlar günə 30 min manata yaxın pul qazanırlar, onun 14 faizi vergiyə cəlb olunsa, 3-4 min manat edir. Nəyə görə onlar vergi ödəməməlidirlər?”

Fikrət Yusifov ile ilgili görsel sonucu

İqtisadçı alim Fikrət Yusifov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, konstitusiyaya uyğun olaraq hər bir vətəndaş dövlət qarşısında öhdəsinə düşən vergini ödəməlidir: “Qanunçuluğun bərqərar olması və bütün tələblərinin yerinə yetirilməsi baxımından kimin hansı həcmdə vergi ödəməsindən asılı olmayaraq, o əgər vergi ödəyicisi sayılırsa, ödəniş etməlidir. Bu mənada şadlıq evlərində çalışanların hər birinin vergiyə cəlb edilməsi, onların vergidən yayınmasının qarşısını almaq üçün belə bir səddin çəkilməsi yaxşı haldır. Məsələnin ikinci tərəfinə gəlincə, sual oluna bilər ki, niyə onlardan daha çox qazanan başqa təbəqələr vergiyə normal qaydada cəlb edilmirlər. Mən hesab edirəm ki, bu sahədə son illər Vergilər Nazirliyi çox işlər görüb. Ancaq kimsə bundan yayınırsa, bu yolverilməzdir. Dövlət başçısının keçirdiyi iqtisadi müşavirədə də vergidən yayınanlara qarşı daha sərt şəkildə mübarizə aparılması gündəmə gətirildi. Bu gün dövlət həqiqətən də vergi islahatları aparmaqla, fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq, hər bir kəsə normal fəaliyyət meydanı yaratmaq istəyir. Məqsəd iqtisadiyyatı kölgədən çıxartmaq, iqtisadiyyatı şəffaflaşdırmaq, onları qanuni fəaliyyət müstəvisinə çıxartmaqdır. Vergi ödənilmirsə, burada cəzalandırma olmalıdır, o baxımdan cərimələri düzgün hesab edirəm. Ödəməyənlər və fəaliyyətini gizlədənlər isə qanun qarşısında məsuliyyət daşıyacaq”.//musavat