Qaynaqçının qısa müddətdə 6 milyon manat vergi borcu necə yaranıb? – ŞOK AÇIQLAMALAR

Baxış sayı:
10321

Naxçıvan MR sakini Məmmədov Vüsal Məmməd oğlu “Hürriyyət”in redaksiyasına müraciət edib. Şikayətçi deyir ki, onun xəbəri olmadan 6 milyon vergi borcu yığılıb və ölkədən çıxışına stop qoyulub:

“Mən, Məmmədov Vüsal Məmməd oğlu, diqqətinizə çatdırıram ki, xəbərim olmadan adıma 6 milyon 500 min manat vergi borcu var. Özüm qaynaqçı işində işləyirəm, günə 15-20 manat qazanıram, harda iş desələr, gedib orda çalışıram. Belə olduğu təqdirdə mənim 6,5 milyon manat vergi borcum necə yarana bilər”?!

Vüsal Məmmədov deyir ki, əslində, onun özü bu məsələdə zərərçəkəndir və dələduzluğa məruz qalıb: “Bir gün Naxçıvan şəhər, Şərur rayon sakini olan şəxslə tanış oldum. O, mənə dedi ki, gəl, sənə yaxşı bir iş düzəldim, 1-2 saat işləyəcəksən, yüksək maaş alacaqsan. Mən nə iş olduğunu və konkret nə qədər maaş alacağımı soruşdum. Bildirdi ki, narahat olma, problemsiz işdir, özü də bu işdə çalışır. Və o, mənə ayda 1500 manat maaş alacağımı dedi. Həmin vaxtlar mən işsiz olduğumdan və bu səbəbdən də narkotik qəbul etdiyimdən, onun təklif etdiyi iş necə deyərlər, “göydəndüşmə” olmuşdu. Odur ki, razılıq verdim.

Bu söhbətdən sonra o, məni Elşən və İlkin adlı şəxslərlə görüşə apardı. Getdim, gördüm ki, oradakıların əksəriyyəti də narkomandır. Təxminən, 15 nəfər var idi. Narkomana gündəlik pul lazımdır və mənim kimilərə də bu iş xeyir edirdi. Lakin o zaman sonrasını fikirləşə bilmədim…

Orada narkotik istifadə etməyən yalnız İlkin və Elşən idi, onlar da bizim başımızda dururdular. Yəni bu işə onlar nəzarət edirdilər. Hər ikisinin də maddi imkanı yaxşı idi, bahalı maşınları - nömrəsinin sonu 888 olan ağ rəngli “İnfiniti”, BMW 540 və 103 nömrəli başqa bir “Cip” avtomobilləri var idi.

…Mən nə iş görəcəyimi soruşduqda dedilər ki, hər ay sənə 400 manat verəcəyik, qarşılığında sənin adına xaricdən ay ərzində 1 telefon gətirəcəyik. Razı oldum.

Amma sonradan mənə 200-300 manat pul verirdilər, heç vaxt 400 manat almadım. Daha dəqiq desəm, həftədə 20, 30, bəzən isə 40 manat verirdilər.

Razılıq verdikdən sonra şəxsiyyət vəsiqəmi götürdülər və bir neçə sənədə imza atdırdılar. Latınca oxumaq-yazmaq bilmədiyim üçün sənədləri oxumadım. Düzü, həmin vaxt sevindiyimdən heç axırını da düşünmədim.

Beləliklə, 2022-ci ilin ortalarından bu işdə işləməyə başladım.

Mən fikir verirdim ki, adlarına şirkətlər olan adamları sonradan özləri narkotiklə həbs etdirirlər və vergi borcu da üstlərində qalır. Artıq bu, məndə şübhə yaratmışdı. Adımda 2 şirkət var idi, biri “Enerji MMC”, digəri isə “R.V Yol İnşaat” MMC idi.

Axırıncı dəfə Elşən məni öz adamlarına qoşaraq, “Koroğlu” metrostansiyasının yaxınlığındakı “Asan Xidmət”ə göndərdi. O, mənimlə birgə olan şəxsə nömrə vermişdi ki, sənədlərin üstünə bu nömrəni yazarsan, lazım olduqda bu nömrə ilə əlaqə saxlasınlar. “Asan Xidmət”in əməkdaşı orada məndən nömrə istədikdə öz nömrəmi də verdim.

2-3 ay bundan qabaq mənə zəng gəldi ki, sənin vergilərə bu qədər borcun var… Qəbula getdim, bunlardan xəbərsiz olduğumu bildirdim.

Bir müddət keçdikdən sonra Nizami Polis İdarəsinin əməliyyatçısı Tural müəllim mənə zəng vurdu ki, saat 4-də şöbəyə yaxınlaş. Getdim, məni qəbul etdilər. Mənə baxan kimi dedilər ki, bu qədər borc sənin deyil, bu, görünüşündən açıq- aşkar görünür. Dedilər ki, danış görək nə məsələdir?!

İzahatımı verdim, bundan sonra həmin Elşən və İlkini polis idarəsinə çağırdılar. Bu vaxt icraçı mənə dedi ki, Elşənin 103 nömrəli maşını var? Dedim hə, artıq əmin oldum ki, bunlar başımıza oyun açıblar.

Elşən 1 saatdan sonra idarədən çıxdı. Necə çıxdı, bilmədim, sonradan başqa bir nəfər mənə dedi ki, Elşənin bacısının yoldaşı polisdir, kimə nə qədər lazımdır pul verir, azadlığa çıxır. Bunların hamısını mənim kimi bu işin qurbanları olan şəxslərdən eşitmişəm…

Mənim o vaxt etibarnamə verdiyim şəxs - Musayev Suleyman Sultan oğlu da bu işin içindədir. O, Xaçmaz rayon sakinidir, 22.02.1985-ci il təvəlüddlüdür. Bu şəxs həbsdən təzə çıxıb, onu da narkotiklə tutmuşdular. Hal-hazırda Elşənin yanındadır.

Mənim fikrimcə, Elşən pul verib Süleymanı həbsdən azad etdi. Ona görə, yenidən iş başındadırlar.

Elşənə deyirdim, adıma bu qədər vergi gəlib, cavab verirdi ki, darıxma, həll edəcəm. Belə gördüm ki, bunlar anacaq saxta işlərlə məşğuldurlar.

…Elşən polisdən çıxandan sonra mənə dedi ki, Vüsal, niyə gedib izahat veribsən? Dedim, bəs neynəməliydim, deyirlər ki, adına bu qədər borc var. Mənim vergiyə bu qədər borcum ola bilməz axı? Mənə dedi ki, mən yoluna qoyacaqdım…

Elə həmin gündən məndən qaçır, gah deyir ki, əməliyyat olunmuşam, gah da başqa bəhanələr. Bir sözlə, üzə çıxmır, bəlkə də artıq qorxur.

Hörmətli redaksiya!

Sizdən xahiş edirəm ki, bu işin üstünün açılmasına kömək edin”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.