​Nərimanov məhkəməsində mülki işlərə gecə baxılır?

Baxış sayı:
1043

Nərgiz Tağıyeva hakim adını gecə növbətçiliyinə dəyişib
Azərbaycanda məhkəmə hüquq sistemi elə hala salınıb ki, aşağı instansiya Ali Məhkəmənin Plenum qərarlarını “ləğv edir”, apellyasiya instansiyasının ləğv etdiyi işlərə aşağı məhkəmələr onlarla illərdir yenidən baxmır. Məhkəmə qərarlarının icra olunmamasının “yaşı” isə Ginnesin “ Rekordlar kitabı”na düşməyə layiqdir. Eyni hakimin (məhkəmə tərkibinin) eyni işə 9-10 dəfə təyin edilməsi halları yetərincədir. Belədə hansı məhkəmə təminatı hüququndan danışmaq olar?
Nərimanov rayon məhkəməsinin,  hakim Nərgiz Tağıyevanın ərizəçi 1-ci dərəcəli Qarabağ əlilinə qarşı qərəzinin nədən qaynaqlandığı hələ də gizlin qalır. Qərəzə baxın, mülki məhkəmə icraatının əsas funksiyasının, vəzifəsinin fiziki və hüquqi şəxslərin qanunla nəzərdə tutulmuş hüquq və azadlıqlarının, qanuni mənafelərinin məhkəmədə təsdiq olunması olsa da, məhkəmə , əksinə, bu hüquqa qadağa qoyur. Yalnız şəxsiyyət vəsiqəsi ilə müəyyən olunan yaşayış yeri üzrə Nərimanov məhkəməsinə hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi qurumların verdiyi sənədlərin şəxsə məxsus olması faktının müəyyən olunmasına ərizə verən ərizəçinin “qara bəxtinə” son 15 gündə 3 dəfə eyni hakim (Nərgiz Tağıyeva) düşüb. Və bu hakim də şablon qərardadlarla qanunvericilikdə nəzərdə tutulmayan ədasla- “EYNİ TƏLƏBLƏ olduğundan məhkəməyə müraciət etmək hüququnu YOLVERİLMƏZ” sayıb. Sonuncu yol ərizəçinin ərizəsi 21.01.2025-ci ildə məhkəməyə daxil olub, 22.01.2025-ci ildə qeydiyyata alınıb və... 27.01.2025-ci ildə gecə 9 radələrində qərardadla geri qaytarılıb. MPM-in 151.3 maddəsinin pozulmasını, yəni geri qaytarmanın 5 gün müddətində yox, 7 gün müddətində olmasını bir yana qoyaq, axı məhkəmə mülki işlərə gecə baxmır? Yoxsa Nərimanov məhkəməsinin öz(əl) qaydaları mülki işlərə gecə növbəsi təşkil edib?  Nərgiz Tağıyeva yüksək HAKİM ADINI, ANDINI gecə növbətçiliyinə dəyişib?
Məhkəmə Hüquq Şurası mülki işlərə gün işığında yox, gecə qaranlığında “baxılmasına” qiymət verməkdə çətinlik çəkməz yəqin...

Məğrur BƏDƏLSOY