​“Prezidentin yerli jurnalistlərə müsahibəsinin Əli Həsənovdan sonrakı dövrdə baş tutması...” - MARAQLI AÇIQLAMA

Baxış sayı:
3297

"Ölkə başçısının yeni parlamentin tərkibi ilə bağlı açıqlamaları ciddi dəyişikliklər olacağından xəbər verir" "Prezident İlham Əliyevin ilin yekunu ilə bağlı yerli jurnalistlərə geniş müsahibəsinə baxdım. İlkin təəssüratım və diqqətimi cəlb edən məqamlar bunlardır. Birincisi, bu tip format ilkin mərhələ üçün yaxşı və faydalı təşəbbüsdür". Muxalifet.az xəbər verir ki, bu fikirlər "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzə məxsusdur. Onun sözlərinə görə, jurnalist seçimi də məntiqlidir: "AzTV, İTV və ARB TV-dəki son müsbət dəyişikliklər, ictimai rəyə təsir imkanlarının genişlənməsi göz önündədir. ATV də özəllər içərisində nisbətən seçilir. Əlbəttə, gələcəkdə bu formatı genişləndirmək, internet media nümayəndələrini də dəvət etmək, sualları onlayn, sosial media üzərindən də qəbul etmək doğru olardı. İkincisi, maraqlı və diqqətçəkən məqam belə bir formatın Əli Həsənovdan sonrakı dövrdə baş tutmasıdır. Görünür ki, media sektorunun yeni kurasiyası prezidentin media əlaqələrinə və informasiya siyasətinin qurulmasına daha fərqli, liberal yanaşır". "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru bildirib ki, prezidentin cavablarının səmimi və açıq, hazırlıqlı olması təsirini bağışayıb: "Məmurlara qarşı hədsiz sərt çıxışları, onların bir çoxunun deqradasiyaya uğraması ilə bağlı açıqlaması bu xəmirin çox su aparacağından xəbər verir. Daha çox diqqətimi cəlb edən isə ictimai nəzarətin hədsiz zəif olması, hətta "ibtidai səviyyədə" olması ilə bağlı cavabları oldu. Tam doğru, reallığı tam əks etdirən yanaşma idi. Özümün də bu sektorda olmasını nəzərə alsaq, təəsüfləndirici məqamdır. İçi mən qarışıq, bir sıra ekspertlər tez-tez bu problemi səsləndirib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vətəndaş cəmiyyətinin inkişafı əvəzinə bütün resurslarını adi bir elektron xidmət olan "SƏLİS"in təqdimatına sərf etməsinin məntiqi sonu yalnız belə ola bilərdi. Ümid edirəm ki, QHT və media sektoru prezidentin bu istiqamətdə olan daha bir yeni çağırışına reaksiya verəcəklər. Kadr islahatlarının 5 il tez qeyri-mümkün və 2 il gec isə çox gec ola biləcəyi ilə bağlı fikirləri düşündürücü və maraqlıydı". Azərbaycan İnternet Forumunun prezidenti hesab edir ki, ölkə başçısının yeni parlamentin tərkibi ilə bağlı açıqlamaları ciddi dəyişikliklər olacağından xəbər verir: ""Şərq Tərəfdaşlığı" ilə bağlı suala verilən cavabları məndə müəyyən narahatçılıq dolu suallar yaratdı. Düşünürəm ki , daha da maraqlı-ictimai əhəmiyyət kəsb edən suallar da verilə bilərdi. Fikrimcə, gələcəkdə bu tip tədbirlər tez-tez olarsa, konkret mövzular, məsələn, ölkədəki rəqəmsal transformasiya, Asan2.0, konkret sosial problemlər, iqtisadi islahatlar və s. mövzularda müsahibənin olması daha maraqlı və faydalı olardı".