“POLİS İDARƏSİNDƏ MƏNƏ DEDİLƏR Kİ, BU SƏNƏ SON XƏBƏRDARLIQDIR” - Rüfət Səfərov sərbəst buraxılıb / YENİLƏNİB

Baxış sayı:
2836

Keçmiş müstəntiq, hazırkı ictimai fəal Rüfət Səfərov sərbəst buraxılıb.
Bu barədə onun özü məlumat verib. Səfərovun sözlərinə görə, onu axşam saatlarında evdən çıxanda mülki geyimli şəxslər saxlayıb. "İki nəfər yaxınlaşdı, qolumu burdular, otuzdurdular maşına. Əvvəl Bakı Şəhər Baş Polis İdarəsinin yanına gətirdilər. Orada təxminən 3 saat  maşında saxladılar, hədə-qorxu etdilər. Sonra isə Binəqədi Rayon Polis İdarəsinə apaardılar. Orada mənə "xoşagəlməz çıxışları" dayandırmağı tələb etdilər, lakin hansı çıxışları nəzərdə tutduqları barədə heç nə demədilər. Daha sonra bildirdilər ki, bu mənə olan son xəbərdarlıqdır və sərbəst buraxdılar".
Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Turana bildirdi ki, məsələ ilə bağlı məlumatı yoxdur və məsələ araşdırılandan sonra məlumat veriləcək.
 
*** 22:26
 
Rüfət Səfərov saxlanıldığı bildirilir
 
Keçmiş müstəntiq, hazırkı ictimai fəal Rüfət Səfərov fevralın 18-də mülki geyimli şəxslər tərəfindən saxlanılıb və naməlum istiqamətə aparılıb.
Bu barədə onun atası Eldar Sabiroğlu məlumat verib.
Onun sözlərinə görə, hadisə saat 17 radələrində baş verib və saxlanılmasından sonra oğlu ilə əlaqə saxlaya bilmir.
Məlumata görə, fevralın 16-da Rüfət Səfərovun yaşadığı evin qarşısında postlar qurulmuşdu.
Bəzi sosial şəbəkələrdə Səfərovun saxlanılmasının səbəbi kimi onun yazdığı statuslarla bağlı ola bilər.
Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Turana məlumatı olmadığını bildirdi.
Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı məlumat almaq mümkün olmayıb.