Petrosyan ABŞ səfirliyinə təcili mesajlar göndərib - “Vikiliks”

Baxış sayı:
6244
Petrosyan mitinqlərdə başqa bir bəyanat versə də, təmamilə fərqli bir tələblə ABŞ səfirliyinə müraciət edib.

 

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hələ 2008-ci il fevralın 20-də Ermənistan prezidentliyinə namizəd Levon Ter Petrosyan Matenadaranın qarşısındakı meydanda mitinq keçirib. Yürüşündən sonra baş tutan mitinqdə 1991-ci ildə Ermənistanın müstəqilliyini bəyan edən Aram Manukyan Petrosyanı Ermənistanın yeni prezidenti elan edir. 

Xatırladaq ki, elə həmin anda mitinq iştirakçıları oğurlanmış qələbənin möhkəmləndirilməsi üçün Petrosyanın rəhbərliyi ilə tədbirlər keçirilməsini tələb edirdilər. Bu tələblər daha öncə azadlıq meydanında keçirilən mitinqdə də səsləndirilirdi. Lakin sonda çıxış edən Petrosyanın mitinq iştirakçılarına vəziyyəti ətraflı izah etdiyi bildirilir. O, məsələnin aydın olduğunu, xalqın qalib gəldiyini və bu qələbəyə sahib çıxmalı olduğunu qeyd edir. 

Petrosyan bildirir ki, onun yanında heç kim olmasa belə o, sonadək mübarizə aparacaq. O, aydın fəaliyyət planına malik olduqlarını və ardıcıl fəaliyyət proqramı ilə ölkədə qanunun hakimliyinə nail olacaqlarına əmin olduğunu bildirir. Lakin mitinq iştirakçıları hər şeyin həmin gün baş verməsini tələb edirdilər. 

O qeyd edir ki, Ermənistanda keçirilən prezident seçkilərinə beynəlxalq müşahidəçilərin və Avropa səfirlərinin verdiyi qiymətləndirmə onlar üçün alçaldıcı vəziyyət yaradır. 

Petrosyan fevralın 21-də saat 15:00-da etirazçıları azadlıq meydanında mitinqə dəvət edir və sonadək mübarizəyə səsləyir. 

Lakin illər sonra məlum olur ki, o ABŞ səfirliyinə təcili mesajlar göndərib və təmamilə başqa tələblər təqdim edib. “Vikiliks”in açıqladığı sənədlərə görə, təcili mesajlar bir sıra görüşlər və digər tapşırıqları nəzərdə tutub, o cümlədən prezidentliyə namizəd Petrosyanın müşaviri fevralın 21-də Pol Ceif ilə görüş tələb edib. Elektron yazışmaların aşkar edilməsini nəzərə alaraq Petrosyanın müşaviri Pol Ceifə sadəcə Levonun bəyanatını deməklə mesaj ötürüb. 

Erməni KİV-ləri həmin bəyanatın tam tərkibini açıqlayıb. Məktubda insanların təəccübləndiyi və həlledici fəaliyyətlərə əl atmağa məcbur edildikləri qeyd edilib. 

Petrosyan isə bildirir ki, hərəkatın qanun çərçivəsində fəaliyyətini təmin etmək və bu yolla davam etmək niyyətindədirlər. Lakin müəyyən məqamda vəziyyətin nəzarətdən çıxa biləcəyindən ehtiyatlanırlar. Yaranmış vəziyyətdən yeganə çıxış yolu kimi, prezident seçkilərinin ikinci mərhələsinin keçirilməsini görürlər. Həmçinin təklif olunur ki, dinc yürüşlərə və mitinqlərə mane olunmaması üçün iqtidara təzyiq göstərsinlər.

Bütün bunlardan məlum olur ki, Petrosyan mitinqlərdə başqa bir bəyanat verib, lakin təmamilə fərqli bir tələblə ABŞ səfirliyinə müraciət edir. ABŞ-ın isə daxili vəziyyətə qarışmaqdan yayınması təəccüb doğurur. 

“Vikiliks”in açıqlanan sənədlərində qeyd olunur ki, ABŞ tərəfi daxili məsələlərə müdaxilə etmək niyyətində deyil. Lakin Petrosyanın buna ümid etdiyi aydındır.