"PARLAMENT SEÇKİLƏRİ ƏVVƏLKİ KİMİ OLMAYACAQ" - Keçmiş nazirdən açıqlama

Baxış sayı:
3157

Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov növbədənkənar parlament seçkilərində iştirak etməyəcək. Muxalifet.az xəbər verir ki, bu barədə Yenisabah.az-a keçmiş nazirin özü bildirib. “Belə bir fikrim yoxdur. Çünki bu bir ayrı fəaliyyət növüdür, mənim peşəmdən uzaqdır. Ona görə də maraq göstərmirəm”, - deyə Tofiq Zülfüqarov bildirib. Keçmiş nazir hesab edir ki, növbədənkənar seçkilər nəticəsində formalaşacaq parlament əvvəlkindən fərqlənəcək: “Hər halda əvvəlki kimi olmayacaq. Doğrudur, narazı qalanlar da, razı qalanlar da olacaq. Bu da təbiidir. Əsas odur ki, ictimai-siyasi proseslərlə bağlı diskussiyalar, mübahisələr parlament müstəvisində aparılsın. Hesab edirəm ki, parlament bu baxımdan fəal ola bilər. Fikrimcə, yeni parlamentdə iqtidar-müxalifət klassik bölümü olmasa da, Qarabağla bağlı hansısa qruplaşma, fraksiya yaradılmalıdır və bu məqsəduyğundur. Baxın, Ermənistanda Qarabağ mövzusu ilə bağlı ictimai faktorlar daha çox önə çıxarılır. Bu da xarici müşahidəçilər tərəfindən ciddi qarşılanır. Ona görə də Azərbaycanda da Qarabağ mövzusu ilə bağlı ictimaiyyətin səsi diqqətə çatdırılmalıdır”. Keçmiş nazir sonda bildirib ki, siyasi qüvvələrin istənilən halda seçkiyə qatılması məqsədəuyğundur. “Siyasi iddiası olan qüvvələr seçki prosesində iştirak etməlidir. Bu siyasətin qanunudur”, - deyə Tofiq Zülfüqarov vurğulayıb.