“Ölkədə “canavar mühiti” yaradılıb, vəziyyət acınacaqlıdır” - ƏVƏZ ZEYNALLI

Baxış sayı:
15325

“Azərbaycanda müstəqil medianın əhatə dairəsi genişləndirilməlidir. Sözə, tənqidi fikrə önəm verən bir mühit yaradılmasa, ölkədəki acınacaqlı vəziyyət davam edəcək” Son vaxtlar Azərbaycanda televiziyaların, mətbuatın, eləcə də social şəbəkələrin fəaliyyəti ilə bağlı ciddi iradlar var. Hətta televiziyalara rəhbərlik edən şəxslərin özləri də etiraf edirlər ki, bir sıra verilişlər, seriallar əxlaqsızlığı təbliğ edir. Maraqlıdır ki, milli-mənəvi dəyərlərin aşınmaya məruz qalması nə ilə bağlıdır? “Hürriyyət”in bu və digər suallarını "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı cavablandırıb: - Bu, geniş və illərlə davam edən bir məsələdir. Bu, dövləti idarə edənlərin mətbuat siyasətinin nəticəsində yaranmış hadisədir. Yəni onu konkret hansısa telekanala şamil etmək, hansısa telekanalın milli-mənəvi dəyələr əleyinə təbliğat apardığını iddia etmək doğru olmaz. Dövlətin mətbuat siyasəti budur və mətbuat siyasətinə görə də Azərbaycan televiziyaları 24 saatı nəiləsə doldurmalıdırlar. Bunlar da daha təhlükəsiz, siyasi olmayan, problemsiz yayınları efirə gətirirlər. Siyasət, ciddi diskussiya, araşdırma yox, məsələlərə ciddi yanaşma yox, bəs televiziya neynəməlidir? Ona görə də mənalı, mənasız bizim şou əhlini, milli-mənəvi dəyərlərdən uzaq insanları ora doldurmalıdırlar, vaxtı da doldurmaq üçün əyləncə verilişlərini verməlidirlər. Ciddi mətbuat siyasəti olmayanda da belə bir panorama yaranır. Hər kəs ağlına gələni danışır, deyir və dövlətin də mətbuat siyasəti axırda milli mənəvi dəyərlərin aşınmasına gətirib çıxarır. - Deyirsiniz ki, milli mənəvi dəyərlərin aşınması dövlətin mətbuat siyasətinin nəticəsidir. Bəs, televiziyalarda, mətbuatda ciddi müzakirə ortamını yaratmamaqda və şou əhlinin təbliğində məqsəd nədir? - Şou əhlini təbliğ eləmək əsas məqsəd deyil. Əsas məqsəd Azərbaycanda ictimai-siyasi aktivliyin qarşısını almaq üçün ciddi proqramların efirə verilməməsidir. Həmin o mətbuat siyasəti nəticəsində canlı yayımlar, problemlər, tənqidi səs yoxdur. Ölkə rəhbərliyi tənqid eşitmək istəmir. Bütün bunların nəticəsində bu dediyiniz məsələ ortaya çıxır. Bu, şou əhlinin xüsusi təbliği deyil. Sadəcə, ortada şou əhlindən başqa bir adam qalmayıb. Nə qədər serial, mənasız dublyaj olunmuş kinolar və yaxud rəsmi xəbərlər vermək olar?! Ortada əhalini maarifləndirəcək bir məsələ verməlisən, axı. Bu məsələ də olmayınca, məcbur ortada kim qalır? Məcbur ortada qalır, Röya, yaxud Namiq Qaraçuxurlu, falçılar, gic-gic verilişlər. O da enində-sonunda milli-mənəvi dəyələrin aşınmasına gətirib çıxarır. Yəni bu ölkənin mediası hərtərəfli çalışmalıdır, işləməlidir, tənqid hissəsi də olmalıdır, problemlər müzakirə olunmalıdır. Problemlər meydana çıxarılıb, üzərində müəyyən dəyərlərləndirmələr aparılmalıdır ki, onu da ölkə rəhbərliyi istəmir. Ona görə, vəziyyət gəlib bu həddə çıxıb. Azərbaycanda baş verən hadisələrin hamısı aparılan dövlət siyasətinin nəticəsidir. Yəni heç kim bunu xüsusi istəyərək etmir. Sadəcə, dövlət siyasəti bu istiqamətdədir. İnsanlar ciddi adamları, siyasətçiləri, jurnalistləri efirə çıxarda bilmir, tənqidçi səs eşidilmir. Ona görə, televiziya aparıcıları da məcburdur ki, əllərində olan siyahı ilə hərəkət etsinlər. O siyahı ilə də hərəkət edəndə vəziyyət bu həddə çatır. - Bəzən belə fikirlər də səslənir ki, televiziyalar özlərinin mövcudluğunu qorumaq üçün şou xarakterli verilişlərin sayını artırmağa məcburdu. Çünki cəmiyyətdə şouya maraq göstərilir. Sizcə, Azərbaycan cəmiyyətində bu cür səviyyəsiz verilişlərə maraq göstərilməsi haqqında deyilənlər həqiqətdirmi? - “Televiziyalar öz mövcudluğunu qorumaq üçün şouya meyllənir” fikri məncə, yanlış fikirdir. Televiziyalar kimdir ki, öz mövcudluğunu qorusun. Onların öz mövcudluğunu qoruması üçün Azərbaycan hakimiyyətinin iradəsi lazımdır. Hər televiziya kanalı da Azərbaycanda ən yüksək zirvələrdə oturan adamlar üçündür. Yəni bu gün bizim ölkə rəhbərliyində kimsə hansısa telekanalın olmasını istəmirsə, bunlar dərhal bir günün içində öz fəaliyyətlərini dayandırarlar. Biz bunu dəfələrlə gördük. Biz zaman “APA” birdən-birə fəaliyyətini dayandırdı, “ANS”-in, “ABA”-nın, “SARA TV”-nin fəaliyyətini dayandırdılar. Yəni burada televiziyaların özlərinin rolu yoxdur. Televizyalar kimdir ki, deyək, özlərinin müəyyən siyasəti olsun. Burada, dediyim kimi, dövlət siyasəti var və cəmiyyət də bu mənasız, yersiz, şit verilişlərə baxmır. O yalan söhbətdir ki, Azərbaycan cəmiyyəti şouya maraq göstərir. Onu televiziyalarda özünü müəyyən qədər ictimai tənqidlərdən qorumaq üçün deyirlər, guya ki, “biz daha neynəyək, filan verilişin reytinqi budur. Biz ciddi verilişlər veririk, ona baxmırlar. Reytinq cədvəlində filan verilişlər var”. Bunun hamısı mənasız, cəfəng şeylərdir. Azərbaycan xalqı son dərəcə səviyyəli xalqdır. Bizim vətəndaşlarımız son dərəcə səviyyəlidir, onlara səviyyəli proqram təqdim edəndə onlar baxırlar. Ona görə də mən bu iddianı çox mənasız hesab edirəm. - Təəssüf ki, son vaxtlar təkcə televiziya və mətbuatda deyil, eyni zamanda sosial şəbəkələrdə də vəziyyət ürəkaçan deyil. İnsanlar sosial şəbəkələrin verdiyi imkanlardan istifadə edərək ölkə rəhbərliyini, siyasiləri, ayrı-ayrı ziyalıları təhqir edir, hətta bəzi hallarda müxalifət nümayəndələri biri-birini çox aşağılayır, ailə sirrlərini cəmiyyətə açıqlayırlar. Bütün bunlar nə ilə bağlıdır və həlli yollarını görürsünüzmü? - Bu acınacaqlı vəziyyətdən bircə dənə çıxış yolu var: Azərbaycanda müstəqil medianın əhatə dairəsini genişləndirmək, sözə, tənqidi fikrə önəm verən bir mühit yaratmaq. Təbii ki, televiziyalar qapalı olunca, dövlət yazılı mətbuatı tamam məhv edincə, belə davam edəcək. Hansı ki, məhv elədi, müstəqil qəzetlər, televiziyalar sıradan çıxarıldı, müstəqil jurnalistlərin üzərinə dəhşətli hücumlar oldu. Təbii ki, bunun da nəticəsində yığılan bir enerji, kin, nifrət var. Böyük ədalətsizliklərə qarşı dirənc var, axı. Ona görə də bunlar həm sosial şəbəkələrə daşıdı, həm də insanlar başlarını götürüb ölkədən getdilər və onlara elə gəldi ki, hər kəs hər yerdə öz fikirlərini rahatlıqla söyləyə bilər. Bu da indiki durumu gətirib çıxardır. Yəni bütün bunların hamısı Azərbaycanda idarəetməyə, Administrasiyaya bağlıdır. Mətbuat əhatəsi daraldıqca, insanlar kini başqa yerdə açır. O, onu, bu, bunu söyür və böyük bir qarmaqarışıqlıq yaranır. Ona görə bir dənə yeganə çıxış yolu var, ölkədə müstəqil medianın inkişafı üçün zəruri imkanlar yaradılmalıdır və Azərbaycanda media inkişaf etdikcə, həm televiziyaların efirləri açıldıqca, həm də yazılı, müstəqil media fəaliyyətini bərpa etdikcə, hər şeydə daşlar yerinə oturacaq. Dünyanın heç bir yerində indi bizim mətbuatda olan vəziyyət yoxdur. Hər kəs əlinə bir telefon alır, canlı yayıma çıxır, bir-birini söyməklə məşğul olur. Niyə? Çünki ortada etibar olunası media orqanları yoxdur. Bunun qarşısını almaq və Azərbaycanda müstəqil medianın inkişafına nail olmaq lazımdır. - Deyirsiniz, müstəqil media orqanları yoxdur. Amma bu, o demək deyil ki, insanlar bir-birini aşağılamalı, ölkə rəhbərliyini, siyasiləri, ziyalıları təhqir etməlidir... - Ölkədə müstəqil jurnalistlər az da olsa var, fəaliyyət göstərir. Müəyyən efirlərimiz var, canlı yayınlar edə bilirik. “Müstəqil media orqanları yoxdur” deməyimin səbəbi odur ki, bir qurum olaraq müstəqil media mühiti Azərbaycanda yoxdur. - Müstəqil media orqanının olmamasının sosial şəbəkələrdə insanların bir-birinə söyüş söyməsinə bir dəxli varmı ki?.. - Təbii ki, birbaşa dəxli var. Müstəqil media orqanı, media mühiti olmayanda insan gedir sosial şəbəkədə özü oturur və özünü media kimi aparır və ağlına nə gəlir, onu danışır. Çünki onun inandığı müstəqil media orqanı yoxdur. Türkiyədə, Rusiyada problemlər yoxdur? Var. Amma orada belə şeylər yoxdur. Çünki nisbi olsa da orada böyük telekanallar var, insanlar sözlərini deyir, enerji çıxır. Azərbaycanda enerjinin çıxdığı yer yoxdur. Hə, “Hürriyyət” müəyyən şeyləri edir, “Pəncərə” açıb, tutaq ki, “Xural” bir “Pəncərə” açıb, o da müəyyən şey edir, amma nə qədər edə bilərsən? Sənin nə boyda gücün var? Ölkədə müstəqil media mühiti yoxdur, axı. Ölkədə bir “canavar mühiti” yaradılıb. Ona görə insanlar rahatçılıqla özlərini sosial şəbəkədə ifadə edirlər, həm də bir az məsuliyyətsiz hesab edirlər. Kimin ağlına nə gəlir, danışır. Çünki heç kim heç kimin kitabını oxumur, axı. Bu, birbaşa Azərbaycan hakimiyyətinin yaratdığı problemdir. Kim nə deyir, desin və bunu da Azərbaycan hakimiyyəti ortadan qaldırmalıdır, bütün qadağaları götürüb, yenidən müstəqil media mühitini yaratmaqla. Çünki müstəqil media mühiti ayrı, müstəqil media orqanı ayrı şeydir. - Sosial şəbəkələrdə aparılan “söyüş kampaniyası” haqda nə düşünürsünüz? Sizcə, iddia olunduğu kimi, bu proses hakimiyyət daxilindən idarə olunur, yoxsa... (Ardı var) Şamo EMİN, Hurriyyet.org