“Ölkə müstəqillik bərpa olunandan indiyə qədər heç vaxt bu qədər çıxılmaz vəziyyətə düşməmişdi” – QUBAD İBADOĞLU

Baxış sayı:
2722

“Bu iqtidar bir vaxtlar xəyallarında  neft pulları ilə ailəsinə rahat  mənzil və  yaraşıqlı maşın alan, övladını xaricdə oxutduran, özü isə hər il  dünya səyahətinə çıxan milyonçular səltənətinin dilənçi gününə düşən vətəndaşlarına həyatın hər üzünü göstərir: polis dinc sakini evindən alt tumanında çıxarıb, nümayişkərana surətdə həbs edir, Qarabağ qazisi Tofiq Yaqublu şərlənərək məhbəsdə çürüyür, evinə qayıtmaq istəyən həmvətənlilər aylarla  şimal sərhəddə  yarıac-yarıtox, girinc durumda gün keçirir, hərəkətə  gələndə də milislərin tapdağı altında qalır. “Get, pulunu qazan başını saxla, həm də xəracını ödəyib bizi də saxla” niyyəti  ilə  hər gün evdən çörək dalınca çıxan milyonlar isə  küçələrdə  virusa yoluxub, bu bəlanı məcburən ailəsinə daşıyır”.

Bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.

“Olmazdımı ki, ehtiyacı olan hər kəsə yaşayış minimunun dəyəri səviyyəsində – 190 manat birdəfəlik yardımı 1 ay da çox  verib, yoxsul əhalini  bu dəhşətli virus səngiyənədək evdə saxlayaydılar. Belə olsaydı, iqtidarın da, dövlətin də  hazırda  qazandıqları  itirdiklərindən çox olardı. Amma bunu 2 ay əvvəl iqtidara yazılı, şifahi – bir sözlə,  hər formada  çatdırsaq da,  orada xalqın və dövlətin xeyrini  başa düşən bir nəfər də tapılmadı ki, təkliflərin icrasını bu gün gətirəcəyi dividendləri əvvəlcədən hesablaya bilsin. Çünki burunlarından o tərəfi görmürlər, yalnız gündəlik gəlir-çıxarlarını hesablamağı bacarırlar. Ona görə də gül kimi ölkəni belə acınacaqlı duruma saldılar. Çətin durumdayıq. Ölkə müstəqillik bərpa olunandan indiyə qədər heç  vaxt bu qədər ümidsiz və çıxılmaz vəziyyətə düşməmişdir. Tanrı Azərbaycanımızı qorusun!”,-deyə ADR sədri əlavə edib.