İran rejimi etirazçıları “terrorçu” elan etdi - Və ölüm hökmü ilə hədələdi

Baxış sayı:
349

İranda etirazlar artdıqca, Tehran rejiminin hədələri və qəddarlığı da artır.

Belə ki, İran Dövlət Televiziyasında çıxış edən Tehran prokuroru Əli Salehi etirazçıları "terrorçu" adlandıraraq, onları ölüm cəzası ilə hədələyib.

O, mülkiyyətə zərər vurmaqda və ya təhlükəsizlik qüvvələrinə qarşı silah istifadə etməkdə iştirak edənlərin "dövlətə qarşı üsyan" maddəsi ilə məsuliyyətə cəlb olunacağını söyləyib: "Məhkəmə sistemi üçün qırmızı xətt ölkə vətəndaşlarının təhlükəsizliyidir. Terrorçulara yanaşmamız çəkindirici olacaq və onlara verilən cəza dövlətə qarşı üsyana uyğun olacaq".

İran qanunvericiliyinə görə, "dövlətə qarşı üsyan" ölümlə cəzalandırıla bilər.

Daha əvvəl, 9 yanvarda Ali Lider Ayətullah Əli Xamenei televiziya ilə yayımlanan çıxışında etirazçıları "ABŞ Prezidentini razı salmağa çalışan bir dəstə vandal" adlandırmış və hakimiyyətin geri çəkilməyəcəyini bəyan etmişdi.

Dövlət televiziyası isə öz növbəsində silahlı şəxslərin "panika yaratmaq" üçün damlardan etirazçılara və mülki şəxslərə atəş açmağa başladığını bildirmişdi.

İranda kütləvi etirazlar 28 dekabrda başlayıb və tez bir zamanda ölkənin böyük bir hissəsinə yayılıb. Əvvəlcə milli valyuta olan rialın tarixi minimuma qədər kəskin şəkildə düşməsi ilə başlayan sosial iğtişaşlarda tezliklə Əli Xameneinin istefası da daxil olmaqla siyasi tələblər səslənməyə başladı. Etirazlar şiddətləndikcə, hakimiyyət orqanları interneti tamamilə bağladı və ölkədə mobil telefon xidməti ciddi şəkildə pozuldu.

İnsan hüquqları təşkilatlarının məlumatına görə, etirazlar başlayandan bəri ən azı 42 nəfər həlak olub. “BBC” isə 21 ölüm hadisəsini təsdiqləyib. Təxminən 2200 etirazçı həbs edilib. Fars Dövlət Xəbər Agentliyi təxminən 250 polis məmurunun və 45 Bəsic döyüşçüsünün yaralandığını bildirib.

Ölkədəki qeyri-sabitlik fonunda Rusiya hərbi nəqliyyat təyyarələrinin İrana tez-tez uçması xüsusi diqqəti cəlb edib. “Air Cargo Week”-in məlumatına görə, uçuşların xarakteri kommersiya daşınmasından daha çox hərbi logistikaya uyğundur.

Britaniya Parlamentinin üzvü Tom Tuqendhat isə deyib ki, Tehrana gələn Rusiya yük təyyarələri silah və sursat gətirir, eləcə də ölkədən xeyli miqdarda qızıl çıxarır. Tuqendhatın sözlərinə görə, bu, İran rəhbərliyinin rejimin "süqutundan sonrakı həyata" hazırlaşdığını göstərə bilər. Hətta Qərb kəşfiyyatının məlumatına görə, Xamenei Tehrandan Moskvaya təxliyə planı hazırlayıb.

Tramp etirazlar zorakılıqla yatırılarsa, hərbi güc tətbiq etməyə hazır olduğunu bildirmişdi. Tehran bu açıqlamanı "ağılsızlıq" adlandırıb. Bundan əlavə, İran hakimiyyəti iğtişaşları təşkil etməkdə İsraili və ABŞ-ni günahlandırıb.

C.Məmmədli