BDU-da DEKAN SEÇKİSİ BAŞ TUTMADI – Tarix fakültəsinin dekanı olmağa iddialı namizədlər yetərli dəstək əldə edə bilmədilər / YENİLƏNİB

Baxış sayı:
10942

Xəbər verdiyimiz kimi, iyunun 14-də, saat 16:00-da Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində dekan seçkisi həyata keçirilməli idi. Universitet daxilindəki mənbələrdən əldə etdiyimiz məlumata əsasən, deyilən vaxtda seçki prosesi keçirilsə də, BDU-nun Tarix fakültəsinin dekanını seçmək mümkün olmayıb. Bu səbəbdən də seçki təxirə salınıb. Məlumata əsasən, seçkinin baş tutmamasına səbəb dekan vəzifəsinə iddialı olan şəxslərin fakültə əməkdaşlarının yetərli dəstəyini qazana bilməməsi olub. Hətta bu narazılıqlar səbəbindən rektor Elçin Babayev də namizədlərdən hansısa birinə dəstək verməkdə çətinlik çəkib. Muxalifet.az-ın xəbər verdiyi kimi, BDU daxilindəki etibarlı mənbədən daxil olan məlumata əsasən, Tarix fakültəsinin dekanı olmağa iki nəfər iddialıdır. Bunlardan biri 1999-cu ildən BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri vəzifəsini daşıyan professor İsgəndərov Anar Camal oğludur. Anar İsgəndərov İkinci namizəd isə BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə keçmiş prorektoru Hacıyev Sani Tofiq oğludur. Sani Hacıyev Muxalifet.az-ın əldə etdiyi məlumata görə, Tarix fakültəsi əməkdaşlarının 80 faizi Anar İsgəndərovun dekan vəzifəsinə seçilməsinə qarşıdırlar. Həmin şəxslər öz narazılıqlarını onunla əsaslandırırlar ki, A.İsgəndərov vaxtilə separatçı “Talış Muğan Respublikası”nın ilk iclasında “maarif naziri” seçilib. Bu baxımdan onun təkcə BDU üçün deyil, ölkəmiz üçün əhəmiyyətli bir vəzifə olan Tarix fakültəsinin dekanı seçilməsinə ciddi etirazlar var. Onu da qeyd edək ki, A.İsgəndərovla yanaşı, BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun ən yaxın kadrlarından biri olan Sani Hacıyevin də Tarix fakültəsinin dekanı vəzifəsinə seçilməsinə etirazlar az deyil. Bu baxımdan, BDU-nun Tarix fakültəsinin dekanı vəzifəsinə seçkilərin heç də asan keçməyəcəyi əvvəlcədən bəlli idi. Xatırladaq ki, Anar İsgəndərov 1956-cı ildə Masallı rayonunun Böyük Kolatan kəndində, Sani Hacıyev isə 1964-cü ildə Ermənistan Respublikası Basarkeçər rayonu Nərimanlı kəndində anadan olub. Muxalifet.az Redaksiyadan: Mövzuya qayıdacağıq. Yazıda adı hallanan şəxslərin mövqeyini də dərc etməyə hazırıq.