Serj Sarkisyanın qardaşı saxlanıb

Baxış sayı:
3682

Yerevanda bazar ertəsi günü polis, daha çox Saşik kimi tanınan, Aleksandr Sarkisyanı saxlayaraq polis idarəsinə aparıb, lakin həmin gün də sərbəst buraxıb.
 
Alerksandr Sarkisyan sabiq Ermənistan prezidenti Serj Sarkisyanın doğma qardaşıdır.
Serj Sarkisyan kütləvi etiraz aksiyaları nəticəsində aprelin 23-də baş nazir vəzifəsindən istefa verməyə məcbur olub. Baş nazir vəzifəsini tutan etiraz hərəkatının lideri Nikol Paşinyan ölkədə korrupsiya ilə mübarizəni gücləndirməyi vəd edib.
Serj Sarkisyanın kiçik qardaşı üzü maskalı xüsusi təyinatlı polis əməkdaşları tərəfindənsaxlanıb.
Saşik Sarkisyan qeyri-qanuni silah saxlamaqda ittiham olunur. O, həmin gün bir neçə saatdan sonra sərbəst buraxılıb. Məlumata görə, silah müsadirə edilib, polis silahın qanuniliyi və əvvəllər istifadə olunub-olunmadığını yoxlayır.
Saşik 2003-cü ildən 2013-cü ilədək Ermənistan parlamentinin üzvü olub. Lakin Ermənistanda Saşik daha çox müxtəlif biznes sahələrində - meyvə-tərəvəzdən tutmuş gecə klublarına kimi - sahibliyi və şərikliyi ilə məşhurdur.
Aleksandr Sarkisyanın tutulub saxlanması Ermənistanda son günlər, əsasən, korrupsiya ilə bağlı bir neçə diqqət çəkən həbslərlə eyni vaxta təsadüf edir.
Bir həftə bundan əvvəl Ermənistan Milli Məclisinin üzvü, sabiq müdafiə nazir müavini, general-leytenant Manvel Qriqoryan həbs olunmuşdu.
General ordu üçün nəzərdə tutulan ərzaq, texnika, silah və başqa mənimsəmələrdə ittiham olunur.
Bazar ertəsi Serj Sarkisyanın sürücüsü və eyni zamanda Dövlət Keşikçi Xidməti rəisinin sabiq birinci müavini olan Vaçaqan Qazaryan da həbs olunub.
Qazaryan qeyri-qanuni varlanmaq, mülkü və gəlirləri haqda deklarasiyada yalan məlumat təqdim etməkdə ittiham olunur.
Daha əvvəl Milli Təhlükəsizlik Xidməti Vaçaqan Qazaryanın həyat yoldaşının adına qeyd olunmuş restoran və şirkət ərazilərində bahalı avtomobil və əşyalar, böyük məbləğdə nağd pul aşkar edib: 36 milyon Ermənistan dramı (75 000 dollar), 1 milyon 400 000 dollar, 230 500 avro.