Görəsən, nə vaxtacan...

Avropanın demokratik təsisatlarının ölkədə mövcud olan insan hüquq və azadlıqları sahəsində dözülməz vəziyyətlə bağlı Azərbaycan hakimiyyətinə ünvanladığı çağırışlara, qəbul edilən qətnamələrə baxmayaraq hakimiyyət orqanlarının demokratik düşərgənin nümayəndələrinə qarşı davamlı olaraq apardığı diskriminasiya siyasəti davam etməkdədir. Ölkədə demək olar ki, hər gün insanların siyasi baxışlarına və fəaliyyətinə görə təqiblərə, təzyiqlərə və həbslərə məruz qalması ilə bağlı yeni hallar baş verir. Bu təzyiq, təqib və həbslərdən yaxa qurtarmaq üçün minlərlə ölkə vətəndaşı isə ölkədən didərgin düşərək, Qərb və Avropa ölkələrində mühacir həyatı yaşayır.
Təəssüflər olsun ki, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına, insanların siyasi əqidəsinə görə təhdidlərlə və şiddətlə üzləşməsinə görə Azərbaycan hakimiyyətinə qarşı beynəlxalq təpkilər də heç bir effekt vermir. Əksinə ölkədə siyasi fəallara, vətəndaş cəmiyyətinin üzvlərinə və azad mətbuata qarşı aparılan dözülməz siyasət daha da sərtləşdirilir. Təkcə son aylarda azad media mənsublarından 20 nəfərə yaxın şəxs saxta və qondarma ittihamlarla həbs olunub. Ölkədə ümumilikdə siyasi məhbusların sayı 300-ə yaxınlaşmaqdadır. Bu gün narahatedici hallardan biri də ondan ibarətdir ki, təqib və təzyiqlər üzündən ölkəni tərk etmiş müxalifətçilərin yaxınlarının da təqiblərlə üzləşməsi adi hal alıb. Hətta son zamanlar hakimiyyət orqanları mühacirətdə olan müxalifətçilərin ailə üzvlərinə və qohumlarına təzyiqlər edərək öz müxalifətçi övladlarından və qohumlarından imtinaya məcbur edirlər. Ailə üzvləri və yaxınları təqib və təzyiqlərə məruz qalan mühacirlərdən biri də Türkan Cəfərovadır.
2023-cü ilin əvvəllərindən başlayaraq Türkan Cəfərova ciddi təzyiqlərlə üzləşib, onun həbsi məsələsi gündəmə gəlib. Türkan Cəfərovanın həyatına yaranan təhlükələrdən qorunmaq üçün bir müddət yerini dəyişib və cəmiyyət içərisinə çıxmayıb, daha sonra isə Azərbaycandan getmək məcburiyyətində qalıb. Bundan sonra isə onun yaxınlarına təzyiqlər başlayıb. Hüquq-mühafizə orqanları onun yaxın qohumlarından Türkan Cəfərovanın harada olması ilə maraqlanırlar.
Belə ki, verilən məlumata görə, Türkan Cəfərovanın yaşadığı mənzilə naməlum şəxslər tərəfindən telefon açılaraq onun harada olması ilə maraqlanılır. Türkanın harada olması ilə bağlı məlumat ala bilməyən şəxs onun qohumlarına qarşı nalayiq ifadələr və təhdidlər işlədir. Verilən məlumata görə, bu yaxınlarda iki nəfər mülki formalı şəxs Türkanın yaşadığı mənzilə gələrək onun yenə də harada olmasını soruşmuşlar. Evdə olan Türkanın ailə üzvləri onun harada olduğunu bilmədiyini bildirdikdə həmin şəxslər evdə qanunsuz axtarış aparmağa cəhd etmiş, buna etiraz edən Türkanın ailə üzvləri təhdid edilmiş, təhqirlərə məruz qalmışdır. Həmin şəxslər Türkanı tapacaqlarını və zorla da olsa, polisə aparacaqlarını bildirib. Xatırladaq ki, bu təqiblər üzündən Türkanın anası da bir müddət əvvəl ölkəni tərk etmək məcburiyyətində qalıb.
Məlumdur ki, Türkan Cəfərovanın təqib olunması və onun qohumlarının təhdid edilməsi onun fəal siyasi mübarizəsi ilə əlaqədardır. Türkan Cəfərova keçirilən kütləvi aksiyalarda fəallıq göstərdiyinə görə polis və mülki geyimli şəxslər tərəfindən vəhşicəsinə döyülmüş, işgəncəyə və qeyri-insani rəftara məruz qalmış, qeyri-qanuni olaraq saxlanılmış və inzibati qaydada həbs olunmuşdur. Şübhəzis, Türkan Cəfərova kimi müxalifətçilərin fəallığı hakimiyyət orqanlarını narahat etdiyindən bu insanlara qarşı daim təqib kampaniyası davam etdirilir. Görəsən, nə vaxtacan...
Muxalifet.az