İlqar Həbiyev Əmlak Məsələləri Dövlət Xidmətini bazara çevirib

Baxış sayı:
8256

Strateji planlaşdırma şöbəsinin rəisi bütün planlşadırmaları ailə büdcə prizmasından həyata keçirir

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin strateji planlaşdırma şöbəsinin rəisi İlqar Həbiyev xidmətdəki mövqeyindən, nüfuz və səlahiyyətindən istifadə edərək çalışdığı qurumu sözün həqiqi mənasında bazara çevirib”.

Muxalifet.az xəbər verir ki, bu barədə redaksiyaya daxil olan məktubda bildirilir. Müəyyən səbəblərdən adının açıqlanmasını istəməyən müəllif daha sonra əlavə edir:

“Strateji planlaşdırma şöbəsinin rəisi olan İlqar Həbiyev bütün strateji planlaşdırmaları yalnız öz şəxsi maraqları və ailə büdcəsi baxımından həyata keçirir. Belə ki, tutduğu vəzifədən istifadə edərək milyonlarla manatlıq nəhəng sərvətə yiyələnən İlqar Həbiyev, bu gün də vətəndaşların haqlarını tapdalamaqda, onun maddi marağını təmin etməyən şəxslər üçün süni problemlər yaratmaqdadır.

Məlumat üçün qeyd edək ki, sabiq Komitə sədri Kərəm Həsənovun əsas kadrlarından biri olan ilqar Həbiyevin qanunsuz əməlləri ilə bağlı ölkə mətbuatında bugünə kimi bir sıra məlumatlar yer alıb. Buna nümunə olaraq 29 avqust 2016-cı il tarixində teref.az saytında yer alan “Kərəm Həsənovun tayfa klanı” sərlövhəli məqaləni göstərmək olar. (https://teref.az/manset/33395-kerem-hesenovun-tayfa-klan.html). Məqalədə İlqar Həbiyevlə yanaşı, onun qardaşı Adil Həbiyevin törətdiyi qanunsuzluqlardan ətraflı bəhs edilib. Məqalədə haqlı olaraq qeyd edilib ki, İlqar Həbiyev çalışdığı dövlət qurumunu ailə təsərrüfatı kimi idarə edir və bundan fantastik məbləğdə pullar əldə edir.

Maraqlıdır ki, Kərəm Həsənov dönəmi başa çatsa da, İlqar Həbiyev hələ də köhnə əməllərindən əl çəkmiş deyil. Əksinə, bu qurumda çoxdan çalışması səbəbi ilə özünü Əmlak Məsələləri Dövlət Xidmətinin ən qocaman əməkdaşı sayan İlqar Həbiyev hesab edir ki, bu qeyri-rəsmi status onun rəsmi qaydaları pozması, qanunun tələblərinə arxa çevirməsi üçün yetərlidir. Bu səbəbdən də Kərəm Həsənov dönəmində olduğu kimi bu gün də dövlət maraqları üçün deyil, yalnız və yalnız ailə büdcəsi üçün tər dökən İlqar Həbiyev vəətndaş pullarını eyni iştahla həzm etməkdədir.

Maraqlıdır ki, gecə-gündüz fərdi maraqları üçün çalışan İlqar Həbiyev həm də siyasi intriqa ustası və daha yüksək vəzifələrə hədsiz iddialı şəxs kimi tanınmaqdadır. Şöbə rəisi hesab edir ki, onun bu qurumdakı “çoxillik zəhmətləri” lazımınca qiymətləndirilməyib, onun “daha ciddi vəzifələrdə təmsil olunmaq haqqı” tapdanıb. Bu səbəbdən də Əmlak Məsələləri Dövlət Xidmətində özü üçün potensial təhlükə hesab etdiyi şəxsləri ləkəmə, gözdən salma kampaniyası həyata keçirən şöbə rəisi, bununla “yüksək vəzifəyə layiq yeganə namizəd” statusu formalaşdırmağa çalışır. Nəticədə, dövlətə vicdanla xidmət edən şəxslər əsassız iddialarla gözdən salınır, İlqar Həbiyevin qanunsuz əməllərinə etiraz edən, bu əməlləri ifşa edən şəxslər şöbə rəisi tərəfindən böhtanlara hədəf seçilir.

Hörmətli redaksiya!

İlqar Həbiyevin hansı vəzifəyə göz dikdiyi, kimlərə qarşı hansı böhtan kampaniyaları apardığı, dövlət vəsdaiti hansı üsullarla mənimsədiyi, sabiq komitə sədri Kərəm Həsənovla münasibətlərinin keçmiş və hazırkı vəziyyəti, sahib olduğu daşınmaz əmlaklar, Cəlilabad reyestrində müdir vəzifəsində çalışan qardaşının qanunsuz əməllərini necə ört-basdır etdiyi və s. ilə bağlı növbəti yazıda sizə ətraflı məlumatlar təqdim edəcəm”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.