"MÜSTƏNTİQ DEDİ Kİ, HARA İSTƏYİRSƏN, ŞİKAYƏT ET" - Aprel döyüşlərinin qəhrəmanı həbs olunmasından danışdı

Baxış sayı:
4525

“Niyə həbs olunduğumu bilmirəm. İşin gedişində bildim ki, bu, sifarişdir. Müstəntiqin işi birtərəfli aparması məni özümdən çıxardı. Məndən şikayətçi olan Abbasəliyev Azər adlı şəxsdir. Mən bilirdim ki, şikayət olunacaq”. Bunu Aprel müharibəsinin azadlığa buraxılmış qəhrəmanı polkovnik Qadir Vəlişov unikal.org-a verdiyi müsahibəsində deyib. Onun sözlərinə görə, Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) müstəntiqi Həmid Həmidli işi qərəzli aparıb: “İlk gündən ona bu işi doğru araşdırmasını, əks halda bu işin sonuna qədər gedəcəyimi söylədim. Müstəntiq isə “get nə istəyirsən elə də et” dedi”. Qadir Vəlişovun dediyinə görə, onu Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə ittiham ediblər: “Məni bir gecə kamerada saxlayıb, səhəri gün məhkəməyə apardılar. Mən hərbçi formasında idim. Məhkəmənin sədri özü vəkilə dedi ki, bu işdə cinayət tərkibi yoxdur. Amma ayın 11-i məni həbs elədilər. Həbs qərarından sonra məni polis şöbəsində zirzəmiyə saldılar. Rəisə ərizə yazdıqdan sonra o məni qəbul elədi və dedi ki, işimə yenidən baxılacaq. Məsələ mətbuatda ictimailəşəndən sonra məni azad etdilər”. Qadir Vəlişov onu da qeyd edib ki, ona qarşı cinayət işi dayandırılmayıb və o hələ də bu məsələnin həllini gözləyir... Bundan əvvəl Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin yaydığı məlumatda deyilirdi ki, Beyləqan rayonunun Kəbirli kənd sakinləri İrfanə Eminova və əri İbrahim Alıyev Beyləqan RPŞ-yə müraciət edərək Qadir Vəlişovun onların yaşadıqları evə gələrək heç bir ciddi əsas olmadan onları ölümlə hədələdiyini, evdən çıxmalarını tələb etdiyini bildiriblər... Onu da qeyd edək ki, polkovnik Qadir Saday oğlu Vəlişov Lələtəpənin işğaldan azad olunması əməliyyatına rəhbərlik edib. Azərbaycan bayrağını Lələtəpəyə sancan hərbçi kimi tanınıb və həmin əməliyyat zamanı ağır yaralanıb.