Oqtay Gülalıyevin vəziyyəti pisləşib - YENİLƏNİB

Baxış sayı:
3751

Bu gecə hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti pisləşib. Bu barədə Turan-a onun həyat yoldaşı Firəngiz Gülalıyeva bildirib.

"Turan" xəbər verir ki, bu gün səhər o, Citi Hospital-da O.Gülalıyevi müalicə edən həkimlə danışıb.

Həkim deyib ki, hüquq müdafiəçisinin vəziyyəti pisləşib. Beyinə qansızma genişlənib. Beyninin sol tərəfi işləmir. Hazırda süni nəfəs aparatına qoşublar, çünki özü nəfəs ala bilmir. Bundan əlavə MRT ediləcək.

Citi Hospital-da deyiblər ki, pasientin vəziyyəti barədə məlumatı ancaq baş həkim verir. Və bunu səhər saat 11:00-da edəcək.

Öz növbəsində Səhiyyə Nazirliyinin mətbuat xidmətində deyiblər ki, O.Gülalıyev ötən gün axşam Kliniki Mərkəzə aparılıb.

Ona kəllə sümüyünün sınığı və beyin zədələnməsi diaqnozu qoyulub.  Qohumlarının xahişilə özəl klinikaya köçürülüb.

***
​Oqtay Güləliyevin vurulması ilə bağlı cinayət işi açıldı - RƏSMİ

Oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyunadi Accent” markalı avtomobillə yolu keçən piyada, Bakı şəhər sakini Oqtay Gülaliyev vurulub.
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, sürücü qəza nəticəsində xəsarət almış piyadanı dərhal öz avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra O.Gülaliyev oradan “City Hospital”a köçürülüb. Hazırda həkimlərin nəzarətində olan xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və nəqliyyat vasitəsinə baxışlar keçirilib, sürücü K.Abdullayevin izahatı alınmış, sərxoşluq və narkoloji müayinələrdən keçirilib.
Faktla əlaqədar Nəsimi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.