İQTİDARDAKI YAŞLI MƏMURLAR TƏLAŞ İÇİNDƏ! - Onlar prezidentin "artıq bəsdir, getməyin vaxtı çatıb" mesajına qulaq verməlidirlər

Baxış sayı:
6853

Bəzi məmurlar yalnız vəzifədən azad olunmamalı, həm də korrupsiya və digər əməllərinə görə həbs edilməlidir Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, ölkə başçısı oktyabrın 15-də keçirilən iqtisadi müşavirə zamanı müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrların işə cəlb edilməsinin vacibliyini vurğulamaqla yanaşı, köhnə təfəkkürlə irəli getməyin mümkünsüz olduğunu bildirib. Prezident həmçinin, bu gün iqtidarda olan bəzilərinin islahatlara qarşı çıxış etdiyini və bu islahatların onların şəxsi maraqlarına toxunduğunu da söyləyib: "Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur". Dövlət başçısı onu da qeyd edib ki, əgər kim bu yolun yolçusudursa işləyəcək: "Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz". Nəzərinizə çatdıraq ki, yaşlı məmurlardan olan baş nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbov prezidentin çıxışından bir neçə gün sonra vəzifədən azad edilmələri ilə bağlı istefa ərizəsi yazıb. Məhz bu səbəblə onları qəbul edən dövlət başçısı Əli Həsənov və Hacıbala Abutalıbovun qərarlarının hakimiyyətdə təmsil olunan digər yaşlı məmurlar üçün də nümunə olacağına inandığını bildirib. Belə ki, prezident Əli Həsənovu qəbul edərkən, həyatın yerində durmadığını, yeni baş nazirin, o cümlədən Nazirlər Kabinetinin qarşısında yeni vəzifələrin qoyulduğunu vurğulayıb: "Bir də ki, siz pensiya yaşına çatmısınız, 71 yaşınız var və əlbəttə, gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz. Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaqdır". Hacıbala Abutalıbovu qəbul edərkən isə ölkə başçısı onun işdən azad olunmasıyla bağlı ərizə ilə müraciət etməsini yüksək dəyərləndirdiyini deyib: "Həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraicətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm". Ölkə başçısının qeyd etdiyi kateqoriyaya aid, yəni yaşı 70-i keçən məmurların siyahısı... Qeyd edək ki, yeni baş nazirin yaşlı müavinlərinin istefasından bir qədər sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, 85 yaşlı akademik Akif Əlizadə də səhhəti ilə bağlı istefa ərizəsi yazıb. Şübhəsiz ki, Akif Əlizadənin istefa verməsi prezidentin Əli Həsənov və Hacıbala Abutalıbovla təkbətək görüşü zamanı səsləndirdiyi fikirlərlə bağlıdır. Maraqlıdır, görəsən iqtidarda təmsil olunan və 70 yaşını keçən digər məmurlar, vəzifə sahibləri də onlardan örnək götürərək eyni addımı atacaqlarmı? Media orqanı olaraq bizim bu sualı cavablandırmağımız bir qədər çətin olsa da, prezidentin aşağıda siyashısını tədqim etdiyimiz yaşlı məmurlara dolayısı ilə "artıq bəsdir, getməyin vaxtı çatıb" mesajını verdiyini də qeyd edə bilərik. Beləliklə, "Hürriyyət"in apardığı araşdırma zamanı məlum oldu ki, hazırda ölkə başçısının qeyd etdiyi kateqoriyaya aid, yəni yaşı 70-i keçən çoxlu sayda məmur var. Odur ki, həmin şəxslərin siyahısını təqdim edirik: 1. Baş nazirin birinci müavini Yaqub Abdulla oğlu Eyyubov - 74 yaş 2. Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi Ramil İdris oğlu Usubov - 71 yaş 3. Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Valeh Feyruz oğlu Ələsgərov - 73 yaş 4. Milli Məclis sədrinin köməkçisi Aydın Məmməd oğlu Cəfərov - 71 yaş 5. Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Ziyat qızı Abasova - 77 yaş 6. Milli Məclisin Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiri İbrahim Yusif oğlu Yusifzadə - 72 yaş 7. Milli Məclisin İşlər müdiri Firudin Süleyman oğlu Hacıyev - 72 yaş 8. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Cuma oğlu Əhmədzadə - 74 yaş 9. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Aparat rəhbəri Cahan Cahangir oğlu Məmmədov - 70 yaş 10. Mərkəzi Seçki Komissiyasının üzvü Şaitdin Əliyev - 72 yaş 11. Mərkəzi Seçki Komissiyasının üzvü Validə Kazımova - 70 yaş 12. Mərkəzi Seçki Komissiyasının üzvü Nizami Nadirxanlı -72 yaş 13. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Bağı oğlu Yusifzadə - 89 yaş 14. SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Rəhman Əlisgəndər oğlu Qurbanov - 73 yaş 15. İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova - 81 yaş 16. Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyev - 82 yaş 17. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev - 80 yaş 18. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı İbrahim oğlu Qocayev - 72 yaş 19. Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Cuma oğlu Əhmədzadə - 72 yaş 20. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov - 76 yaş 21. Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Həsən oğlu Eldarov - 92 yaş 22. Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov - 74 yaş 23. Bakı Slavyan Universitetinin rektoru Nurlana Müzəffər qızı Əliyeva - 73 yaş 24. Bakı Musiqi Akademiyasının rektoru Fərhəd Şəmsi oğlu Bədəlbəyli - 72 yaş 25. Bakı Xoreoqrafiya Akademiyasının rektoru Timuçin İlyas oğlu Əfəndiyev - 74 yaş 26. Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Bahadur oğlu Hüseynov - 71 yaş. "Hakimiyyətdəki yaşlı nəsil yerini tərpətməmək üçün yenidən sabotaja keçməyi planlaya bilər" Bu arada, mövzu ilə bağlı fikirlərini bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Nazirlər Kabinetində dəyişikliklər, hökumətin yaşlı üzvülərinin istefaya getməsi ardıcıl olarsa, müəyyən dəyişikliklər ola bilər: "Amma hakimiyyətdəki yaşlı nəsil öz razılığı ilə getməyəcək. Prezident Əli Həsənov və Hacıbala Abutalıbovu qəbul edərkən hökumətin digər yaşlı üzvlərini də bu istefadan nümunə götürməyə çağırması onlara mesaj idi. Məncə, bu mesajdan sonra 70 yaşlı hökumət nümayəndələri könüllü surətdə getməli idi. Lakin görünür, onlar yerini tərpətməmək üçün yenidən sabotaja keçməyi planlaya bilər". Politoloqun fikrincə, onlar Qərbdən və digər beynəlxalq təşkilatlardan ölkəyə qarşı təzyiqlərin artmasında maraqlıdır: "Bununla öz kürsülərini və əvəzolunmaz olduqlarını saxlamağa çalışırlar. Qərbin islahatlar paketinin qəbul olunmasına məhz yaşlı komanda üzvülərinin bəziləri imkan vermir. Bundan əlavə, dövlət başçısının hakimiyyət daxilində qrupların olduğunu və onların sabotjla məşğul olmasını, bunu dözülməz hal adlandırmasından sonra yeni proseslərə start verib. Bunu elə həyata keçirməyə çalışır ki, mərkəzdən qaçma olmasın". "İslahatlar olmasa, müəyyən problemlər ortaya çıxacaq, köhnə metodla cəmiyyətin idarə olunması əks effek verəcək" Hazırda hökumət üzvlərinin 95 faizinin yaşlı nəslin nümayəndələri olduğunu qeyd edən Məhəmməd Əsədullazadənin sözlərinə görə, artıq prezident onların kifayət qədər problem yaratdıqlarının fərqindədir və onların istefasını açıq şəkildə cəmiyyətə çatdırır: "Prezident artıq dəyişikliklərin labüd olduğunu, komandasının yaşlı üzvlərinin onun siyasətinə qarşı gəldiyini ilk dəfə publika qarşısında çatdırmaqla dəyişikliklərin anonsunu verdi. Gələn il parlament seçkiləri keçiriləcək. Prezident üçün bu siyasi fürsətdir. Milli Məclisdə böyük dəyişikliklər edib, siyasi açılımla yeni dəyişikliklərə gedə bilər. Mobil və çevik hökumətə ehtiyac var. İslahatlar olmasa, müəyyən problemlər ortaya çıxacaq. İlk növbədə seçkilər demokratik keçirilməli, Avropa İttifaqı ilə çərçivə sazişi imzalanmalıdır. İqtidarla xalq arasında vəhdətin yaradılması siyasi-iqtisadi və sosial açılımdan asılıdır. Yeni dövr və yeni dəyişikliklər astanasındayıq. Köhnə metodla cəmiyyətin idarə olunması əks effek verəcək". "Bu gün Əli Həsənov və Hacıbala Abutalıbovdan da yaşlı, səlahiyyətli şəxslər var və onlar hələ də vəzifə kreslosundadırlar" Ölkə başçısının yaşı 70-i keçən məmurlarla bağlı dediyi fikirləri şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə oxu.az-a açıqlamasında qeyd edib ki, yeni baş nazir Əli Əsədovun da kadr islahatları ilə bağlı öz təklifləri ola bilər. Pensiya yaşına çatmış məmurların gənc kadrlarla əvəzlənməsi prosesinə çoxdan başlanıldığını iddia edən millət vəkili bildirib ki, kifayət qədər yaşı çox olan insanlar yüksək vəzifələrdə işləmək qabiliyyətinə malik deyillər: "Çünki yaş öz sözünü deyir. Yəqin ki, kadr islahatlarının davamı olacaq". Keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirli isə bu qənaətdədir ki, baş nazirin iki müavininin vəzifəsindən azad edilməsi fonunda "köhnə və yeni komanda" anlayışı nisbidir. "Onların belə yola salınması vaxtilə baş nazirin keçmiş müavini Abbas Abbasovun yola salınmasını mənə xatırlatdı" deyən sabiq deputat "Azadlıq Radiosu"na açıqlamasında vurğulayıb ki, bu gün Əli Həsənov və Hacıbala Abutalıbovdan da yaşlı, səlahiyyətli şəxslər var və onlar hələ də vəzifə kreslosundadırlar: "Dəfələrlə demişik ki, Nazirlər Kabineti çevik, dinamik vəziyyətə gətirilməlidir. Ona görə də Azərbaycanda baş nazir müavinləri postları ləğv olunmalıdır. Baş nazirin iki müavini olmalıdır, bunlar da nazirlərin içindən, bir il müddətinə təyin olunmalıdırlar". Nazim Bəydəmirlinin sözlərinə görə, belə yanaşma həm dövlət vəsaitlərinə qənaət edilməsinə, həm də qərarların çevik qəbil olunmasına şərait yaradacaq: "İndiki halda baş nazirin müavinlərinin nə işlə məşğul olduqları məlum olmur. Çox təəssüf ki, Nazirlər Kabineti funksional deyil, bu mənada Nazirlər Kabineti dediyimiz çərçivəyə salınsa, komitə və nazirliklər optimal vəziyyətə gətirilsə, bəlkə də islahatın "i" hərfinə başlanmış olar". "Prezident respublikasında Nazirlər Kabinetinə ehtiyac yoxdur" Respublikaçı Alternativ Partiyasının (REAL) sədrinin beynəlxalq məsələlər üzrə müavini Erkin Qədirli də bu qənaətdədir ki, prezident respublikasında Nazirlər Kabinetinə ehtiyac yoxdur. REAL sədrinin müavininin fikrincə, Nazirlər Kabineti əlavə xərclər və risklər yaratdığından onu ləğv etmək lazımdır: "Nazirlər Kabineti qalacaqsa, (gələcəkdə parlament respublikasına keçid baxımından) onda onun iç quruluşu dəyişməlidir. Birincisi, baş nazir hansısa sahənin naziri olmalıdır. Elə-belə baş nazir olmur. O, bərabərlər arasında birincidir, ona görə də onun birbaşa cavabdeh olduğu sahə olmalıdır. İkincisi, baş nazir müavinləri də elə-belə olmur. Onlar da hansısa sahələrin nazirləri olmalıdır. Əksər hallarda baş nazir müavinləri bu nazirlərin arasından təyin olunur: maliyyə naziri, ədliyyə naziri (bəzən xarici və ya daxili işlər nazirlərindən də kimsə baş nazirin müavini ola bilir). Önəmli olan ədliyyə və maliyyə nazirləridir. Niyə bu ikisi? Çünki Nazirlər Kabinetində hansısa məsələyə baxanda, iki açar sual olur: 1) qanun icazə verirmi? 2) büdcədə pul varmı? Qanun icazə vermirsə, onda iki seçim qalır - ya qanunu dəyişmək, ya da məsələni baxılmamış, qərarsız qoymaq. Bu sualları ədliyyə naziri cavablandırmalıdır. Qanunu dəyişmək üçün parlamentə baş vurmaq lazım gələcək". Erkin Qədirli qeyd edib ki, demokratik parlamentdə bunu etmək asan olmur, çünki orada müxalifət olur: "Qanunu dəyişmək üçün parlamentdəki müxalifətlə anlaşmaq ehtimalı yüksək sayılacaqsa, baş nazir buna, güman ki, gedəcək. Amma bunun da öz riskləri var. Çünki bir qayda olaraq, müxalifətə nəyisə güzəşt etmək lazım gələcək. Qanun icazə verirsə, onda ikinci açar sual yaranır - büdcədə pul varmı? Bu suala da maliyyə naziri cavab verməli olacaq. Burada da üç seçim olur: 1) pul var; 2) pul yoxdur; 3) pul var, amma maliyyə naziri vermir. Pul varsa və maliyyə naziri onu verməyə razıdırsa, onda hər şey aydındır. Pul yoxdursa, onda ya məsələ baxılmamış, qərarsız qalır, ya da pul büdcənin başqa yerlərindən götürülməlidir. İkinci halda parlamentin razılığı olmalıdır, orada isə müxalifət olur. Deməli, yenə müxlifətlə anlaşmaq ehtiyacı və belə bir ehtimaldan doğan risklər yaranır. "Pul var, amma maliyyə naziri vermir" necə olur? Demokratik hökumətlərdə, özəlliklə koalision olanlarda, bu ola bilir. Maliyyə naziri, bu sahəyə birbaşa məsul olan bir vəzifəli şəxs kimi, var olan pulu ayırmaqdan imtina edə bilər. Onda baş nazirin iki seçimi olur: 1) Maliyyə nazirilə razılaşmaq; 2) onu istefaya göndərmək". "Əli Həsənov və Hacıbala Abutalıbov yalnız vəzifədən azad olunmamalı, həm də korrupsiya cinayətlərinə görə Abid Şərifovla birlikdə həbs edilməlidir" Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu isə hesab edir ki, Əli Həsənov və Hacıbala Abutalıbovun vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizələrlə əlaqədar prezident tərəfindən qəbul edilməsi bir daha göstərdi ki, bundan əvvəl baş nazirin işdən çıxarılması çox ciddi səbəblərdən qaynaqlanıb: "Çünki Novruz Məmmədova hətta belə "xoşbəxtlik" də nəsib olmadı, o çox urvatsız yola salındı. Lakin Novruz Məmmədovdan fərqli olaraq baş nazirin hər iki müavini Azərbaycanda korrupsiyanın inkişafında xüsusi xidmətləri ilə olan yüksək vəzifəli dövlət məmurlarıdır. Əli Həsənov məcbur köçkünlərin mənzil-sosial şəraitinin yaradılmasına, Hacıbala Abutalıbov isə Bakı şəhərinin infrastrukturunun yeniləşməsinə ayrılan milyardlarla manat dövlət vəsaitlərinin mənimsənilməsinə görə cinayət əməlləri törədib. Odur ki, onlar yalnız vəzifədən azad olunmamalı, həm də korrupsiya cinayətlərinə görə Abid Şərifovla birlikdə həbs edilməlidir". "Hürriyyət"in Araşdırma Qrupu