MOBİL OPERATORLARIN SOYĞUNÇULUĞU – Qonşu ölkələrə nisbətən qiymətlər dəfələrlə baha olsa da, hansı əsasla durmadan artırılır?

Baxış sayı:
27130

“Son vaxtlar mobil operatorlar istər internet paketlərinin qiymətini, istər də danışıq tariflərini fantastik səviyyədə və heç bir səbəb olmadan bahalaşdırıblar”.
Hurriyyet.az xəbər verir ki, bu barədə oxucular tərəfindən daxil olan müracitədə bildirilir. Qeyd olunur ki, qonşu dövlətlərlə müqayisədə Azərbaycanda mobil danışıq taarifləri dəfələrlə baha olsa da, demək olar, hər ay qiymətlərin artırılması aşkar soyğunçuluqdur:
“Heç kimə sirr deyil ki, ölkəmizdə mobil danışıq və internet qiymətləri digər ölkələrlə müqayisədə dəfələrlə bahadır. Üstəlik, onsuz da baha olan qiymətlər bir də artırılır. “Antiinhisar” və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) isə qiymətlərin niyə heç bir səbəb olmadan artırılması ilə bağlı medianın ünvanladığı suala həmişəki kimi şablon cavab verir: "Qiymətlər tələb təklif və rəqabət nəticəsində formalaşır".
Maraqlıdır hansı rəqabətin? Bazarda faktiki olaraq iki mobil operator var: “Bakcell” və “Azerfon”. Hər ikisi də 2018-ci ildən eyni holdinqin tərkibindədir. Bütün dünyada fəaliyyət göstərən Vodafone, Orange, T-Mobile, MTS, Beeline və s. mobil operatorlar bazara buraxılmır. Nəinki, xarici mobil operatorlar, illərdir heç regional mobil operator olan Naxtel-in ümumrespublika operatoru kimi fəaliyyət göstərməsinə belə, imkan verilmir. Ümumiyyətlə, nəinki mobil rabitə, ümumilikdə İKT sektorunda inhisarçılıq və monopoliyanın səbəbi Rabitə Nazirliyidir. Nazirlik nə internet, nə də mobil rabitə sahəsində istər yerli, istər də xarici şirkətlərin fəaliyyət göstərməsinə imkan vermir. Əhalisi bizdən 3 dəfə az olan Gürcüstan və Ermənistanda 4 mobil operator fəaliyyət göstərdiyi halda, bizdə uzun illərdir sadəcə 2 mobil operator fəaliyyət göstərir ki, onlardan da biri - “Azercell” elə Rabitə Nazirliyinə məxsusdur.
Sadə bir müqayisə aparaq. Məsələn, digər ölkələrdə bizim pulla abunəçi ayda 6 manat 55 qəpik ödəməklə ölkədaxili bütün istiqamətlərə 1000 dəqiqə danışıq və 40 GB internet paketi alırsa, bizdə belə bir tarifi vətəndaş heç yuxusunda belə, görə bilməz.
Bu gündən etibarən Rəqabət Məcəlləsi qüvvəyə mindi. Ümid edək ki, bundan sonra nəinki İKT sektorunda, bütün sahələrdə inhisarçılıq və monopoliyaya son qoyulacaq”.
Hazırladı: Jalə FAMİLQIZI
Redaksiyadan: Aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.