Əlirza Həbilov DİN-in adından məhkəməyə qadağa qoyub - MHŞ NİYƏ SUSUR?

Baxış sayı:
3431

20 hakimdən heç biri DİN-in “nümayəndəsi və vəkilinin” etibarnaməsini tələb etməyib

Məhkəmə Hüquq Şurasının (MHŞ) hakimləri tənbeh etməsinə əsas verən hallardan biri və (bəlkə də) birincisi proses iştirakçısının, özəlliklə nümayəndənin, vəkilin  uyğun sənədi,  etibarnaməsi olmadan işdə iştirak etməsinin müəyyən edilməsidir. Hansısa dövlət qurumunun nümayəndəsinin işlə bağlı iclasa etibarnaməsi olmadan qatılması, hətta etibarnaməni iclasdan sonra təqdim etməsi hakim barəsində intizam icraatına başlamağa əsas verir.
Fərdi vəkil kimi fəaliyyət göstərən, Vəkillər Kollegiyasının intizam komissiyasının üzvü Əlirza Həbilovun özünü DİN-in səlahiyyətli nümayəndəsi və vəkili kimi təqdim etməsinin hüquqi əsaslarını, yəni  daxili işlər nazirinin imzalı - möhürlü etibarnaməsini və orderini yoxlamaq isə indiyədək heç bir birinci instansiya ,   apellyasiya və kassasiya instansiyası məhkəmələrinin hakimlərinin “yadına düşməyib”. Yadlarına düşsəydi , bilərdilər ki, Mülki Prosessual Məcəllənin  (MPM) 73.1 maddəsinə əsasən , NÜMAYƏNDƏNİN SƏLAHİYYƏTİ QANUNA UYĞUN OLARAQ VERİLMİŞ VƏ RƏSMİLƏŞDİRİLMİŞ ETİBARNAMƏDƏ ƏKS ETDİRİLMƏLİDİR. İnzibati Prosessual Məcəllənin  (İPM) 26.2 maddəsini qeyri-prosessuallıqda peşəkarlıq sərgiləyən hakimlərinin yadına salmağa da “əşhədü ehtiyac” vardır : “DÖVLƏTİN, BƏLƏDİYYƏLƏRİN VƏ YA HÜQUQİ ŞƏXSLƏRİN ADINDAN PROSESSUAL HƏRƏKƏTLƏRİ onların qanunlarla və ya digər hüquqi aktlarla xüsusi  səlahiyyət verilmiş ,  ƏSAS İŞ YERİ HƏMİN DÖVLƏT və BƏLƏDİYYƏ ORQANLARI və ya HÜQUQİ ŞƏXSLƏR OLAN İŞÇİLƏRİ həyata keçirirlər. RƏHBƏRİ İLƏ və ya həmin rəhbər tərəfindən səlahiyyət verilmiş İŞÇİSİ ilə təmsil olunmuş inzibati orqan da DÖVLƏTİN ADINDAN PROSESSUAL HƏRƏKƏTLƏRİ HƏYATA KEÇİRƏ BİLƏR “. Əlirza Həbilovun isə DİN-in səlahiyyətli nümayəndəsi olmasını doğrulayan etibarnaməsi yoxdur və ola da bilməz. Nədən vəkilin dövlət orqanının işçisi olmasını qanun qadağan edir. DİN-in saxta vəkili və nümayəndəsi Əlirza Həbilovun Qarabağ qazisinin DİN-ə qarşı iddiası üzrə işdə qanunsuz səlahiyyətlərindən sui-istifadə edərək həm məhkəmələr ,  həm də vəkillər ilə  qeyri -prosessual münasibətə girməklə vətəndaşın Konstitusiyanın 60-cı maddəsi ilə doğrulanan inzibati və məhkəmə təminatı hüququna qadağa qoymasına bu günədək hüquq qiyməti verilməyib.
Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi,  Əlirza Həbilovun keçmiş vəkil həmkarı İlqar Cabbarovun DİN-in “vəkili və nümayəndəsinin” etibarnaməsini görməzliyə vurması bir yana, hələ üstəlik 15.02.2019-cu ildə qərar qəbul edilmədiyini , iclasın növbəti tarixə təyin edildiyini “e-məhkəmə” portalının məlumatı doğruladığı halda, həmin tarixə  iddianı mümkün saymayan saxta qərardadını Şəki Apellyasiya Məhkəməsinin Gündüz Abbasov, Rövşən RəfiyevMübariz Hüseynovdan ibarət üçlüyü 15.04.2019 tarixli qərardadla qüvvədə saxlayıb. Yenə də DİN-in “nümayəndəsi və vəkilinin” nə etibarnaməsiz olmasına, nə də “e-məhkəmə” portalının 15.02.2019-cu ildə qərar qəbul edilmədiyi haqqında məlumatına baxılıb. Heç iddiaçı qazinin birbaşa Ali Məhkəməyə 30.04.2019 tarixli kassasiya şikayətinə və Ali Məhkəmənin şikayəti prosessual qanunvericiliyin tələbinə uyğun olaraq 16.05.2019-cu ildə  Şəki Apellyasiya Məhkəməsinə göndərməsinə də baxılmayıb. On günə şikayət verilməli qərardaddan kassasiya şikayəti vermək üçün vəkil 3 aydan sonra Bakıdan, Şəkidən yox,  İsmayıllı  (?-M.B.)  hüquq məsləhətxanasından ayrılıb və cavabdeh DİN-in saxta nümayəndəsinin , VK-nın intizam komissiyasının üzvünün  vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Nəvahid adlı vəkilin şikayəti yazmasına qadağa qoyması sonucunda şikayət 9 aydan (?) sonra Ali Məhkəməyə verilib. Ali Məhkəmənin hakimi Kəmaləddin Bədəlov da, Qarabağ qazisinin bu özbaşınalıqdan ziyan çəkməsinə, müddətin bərpasına ərizə verməsinə, ən başlıcası vaxtında özünün birbaşa Ali Məhkəməyə şikayət etməsinə baxmadan 12.02.2020 tarixli qərardadla “müddətin keçməsi” bəhanəsi ilə şikayəti mümkün saymayıb .İki ilə yaxındır bu “ali” qərardad da iddiaçıya verilmir. Ali Məhkəmə Plenumunun 10.04.2015 tarixli 5 saylı “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 8.3 maddəsinə  (“İddianın mümkün sayılmaması haqqında qərardad, mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə yenidən iddia qaldırılmasını istisna etmir”) əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə 2019-cu ilin avqustunda müraciət edən Qarabağ qazisinin iddiası məhkəmə ləğv edildiyindən beş aydan sonra Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyevin icraatına verilib. Və. ..Əlirza Həbilov yenə də özünü DİN-in nümayəndəsi və vəkili kimi sırıdığından ona edilən etiraza da hakim baxmayıb, əksinə bir ildən sonra gizlincə , iddiaçıya bildirmədən 25.02.2021 tarixli qərardadla iddianı mümkün saymayıb ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin saxta qərardadı Konstitusiyadan, Ali Məhkəmənin Plenumunun Qərarından da üstündür. Qeyri – prosessual münasibət hakimin  gözünü necə tutubsa , Əlirza Həbilovun etibarnaməsiz olmasını görməzliyə vurub. Bakı Apellyasiya Məhkəməsinin Yujdaq diplomlu hakimi Xəyalə Cəmilovadan, onun Mülki Kollegiyadan olan “inzibati” kolleqaları Namiq Cəfərov və Vahid Sadıqovdan heç danışmağa dəyməz. Bunlar nəinki Əlirza Həbilovun etibarnaməsiz basqılarına boyun əyiblər, hətta onun özü ilə gətirdiyi Munir Həsənovu etibarnaməsi olmadan 3-cü şəxs DSMF-in adından dinləyiblər. İddiaçı Qarabağ qazisinin təqdim etdiyi sənədləri və “e-məhkəmə” portalının məlumatını isə kamera görüntüləri ilə şantaj edərək görməzliyə vurub, danışmasına da qadağa qoyublar. Hətta 9 aya yaxındır 14.04.2021 tarixli qərardadı da verməyən Xəyalə Cəmilova, vəkillə bağlı ərizə verməyən (qərardad verilib ki, ərizə də verilsin? !) Qarabağ qazisinin adına özünə Əlirza Həbilovun məsləhəti ilə 0 il stajlı vəkil də ayırıb. Ali Məhkəmədə “siftəsini korlamayan” Səyyad Kərimov da Şəki İnzibati-İqtisadi Məhkəməsinin saxta qərardadını Konstitusiyadan ,  Ali Məhkəmədən,  qanunvericilik hakimiyyətindən də üstün tutaraq, etibarnaməsiz vəkilin DİN-in adından qeyri-prosessual “siftəsini” “həzmi-rabedən” keçirib. Hələ də hakim kimi etibardan düşən Səyyad Kərimov “Şəki dövləti” adından çıxardığı 06.10.2021 tarixli qərarını vermir.
20 hakimin Əlirza Həbilovun etibarnaməsi olmadan  DİN-in adından qeyri-prosessual hərəkətlər etməsinə göz yumması, vurğuladığımız kimi, hakimlər barəsində intizam məsuliyyətinə cəlb edilməklə icraata başlamağa əsasdır. Biz hələ başqa qeyri – prosessual hərəkətləri demirik. Onu da demirik ki, Konstitusiyanın 71-ci maddəsi  konstitusiya ilə doğrulanan əsas insan və vətəndaş hüquq və azadlıqlarını qorumağı icra, məhkəmə və qanunvericilik hakimiyyətinə borclu edir. Borca etibarsız çıxanların inzibati,  mülki və cinayət məsuliyyəti daşımaları da qanunla doğrulanıb. İndi söz Məhkəmə Hüquq Şurasınındır : 20 hakimin saxta qərardad ilə vətəndaşın məhkəmə təminatı hüququna qadağa qoymasına, etibarnaməsi olmayan Əlirza Həbilovun DİN-in adından qeyri-prosessual hərəkətləinə göz yumulmasına hüquq qiyməti verilməsinin təmin edilməsi birinci növbədə MHŞ-nın üzərinə düşür. Yoxsa, MHŞ da qeyri-prosessual münasibətə göz yumacaq? Hələ ki, MHŞ-nın “gözünün açılması” hiss olunmur. ..
Məğrur BƏDƏLSOY