Kaşıkçı cinayəti ilə bağlı 5 NƏFƏR EDAM EDİLƏCƏK - Baş konsul, baş müşavir və generala cəza verilmədi

İstanbulda yerləşən Səudiyyə Ərəbistanı Baş Konsulluğunda öldürülən jurnalist Camal Kaşıkçının cinayəti ilə bağlı mühakimə edilən şəxslərdən 5 nəfərinə edam cəzası, 3 nəfərə də ümumilikdə 24 il həbs cəzası verilib. Cinayətin “ev sahibi” olan baş konsul Məhəmməd əl Uteybi, cinayəti idarə elədiyi iddia edilən və vəliəhd şahzadə Məhəmməd bin Salmanın baş müşaviri olan Səud əl Kahtani və edam qrupunun rəhbəri general Əhməd əl Asiriyə cəza verilməyib. Səudiyyə Ərəbistanın Baş Prokurorluğu Kaşıkçı cinayətinin məhkəməsində 5 nəfər barəsində edam cəzası hökmü verildiyini açıqlayıb. Cinayətlə bağlı 3 nəfər müttəhimə isə 24 il həbs cəzası verilib. Vəliəhd şahzadə Məhəmməd bin Salmanın müşaviri Səud əl Kahtaninin Kaşıkçını vəhşicəsinə qətlə yetirən edam qrupu ilə “Skayp”(Skype) proqramı vasitəsi ilə danışdığı və “O itin başını mənə gətirin” təlimatını verdiyi iddia edilmişdi./Hurriyyet.org