İstehlak kreditlərinə niyə güzəşt edilmədi? – Ekspert şərhi

Baxış sayı:
3514

Nazirlər Kabinetinin koronavirusun iqtisadiyyata təsirlərinin aradan qaldırılması ilə bağlı tədbirlər planının 19-cu maddəsində qeyd olunur ki, bank və sığorta bazarının peşəkar iştirakçılarının maliyyə bazarlarına nəzarət orqanına ödədikləri haqlar ləğv edilib. 

İqtisadçı Qubad İbadoğlu hökumətin bu barədə tədbirlərini şərh edib. Ekspert bildirib ki, birincisi, maliyyə bazarlarına nəzarət orqanına yalnız bank və sığorta bazarının peşəkar iştirakçıları haqq ödəmir:

“Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi Qaydalarına görə, bank olmayan kredit təşkilatları (BOKT), poçt rabitəsinin milli operatoru, fond birjaları, investisiya şirkətləri, mərkəzi depozitar, klirinq təşkilatları, investisiya fondları, investisiya fondunun idarəçiləri, investisiya fondunun depozitarı, kredit büroları, lotereya təşkilatçıları (stimullaşdırıcı lotereyalar istisna olmaqla) və idman mərc oyunlarının operatorları haqlar ödəyirdi. Sual olunur, nədən bu haqqı ödəməkdən yalnız banklar və sığorta bazarının peşəkar iştirakçıları azad olunur, digərləri, məsələn BOKT-lar azad olunmayıb?”

Q. İbadoğlu sual edir ki, banklar və sığorta bazarının peşəkar iştirakçılarının maliyyə bazarlarına nəzarət orqanına ödədikləri haqları ləğv edilirsə, bundan faydalananlar niyə istehlak kreditləri üzrə heç bir güzəşt (kredit tətilləri, kredit ödənişlərindən tam və ya qismən azad olunma və sair) təklif etmirlər. “Məlumat üçün qeyd edim ki, banklar kapitalından asılı olaraq maliyyə bazarlarına nəzarət orqanına ildə 300 mindən - 800 minədək haqq ödəməlidirlər. Koronavirusa görə irəli düşən banklar istehlak kreditlərinə görə niyə güzəşt təklif etmir? Hesab edirəm ki, Mərkəzi Bank Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə istehlak kreditlərinə güzəştlərə dair təkliflərini ən qısa müddətdə təqdim etməlidir”.