İranda məktəblər bağlandı - KREDİTLƏRİN ÖDƏNİLMƏSİ DƏ TƏXİRƏ SALINDI

Baxış sayı:
2461

İranda yeni koronavirusa görə, məktəblərin fəaliyyətinin həftənin sonuna (İranda həftə sonu cümə günüdür) kimi dayandırılması qərara alınıb.

Bunu İran hökumətinin sözçüsü Əli Rəbii mətbuat konfransında deyib. Bu barədə Trend IRINN-ə istinadən məlumat verib.

Ə.Rəbiinin sözlərinə görə, məktəblərin gələn həftə fəaliyyəti ilə əlaqədar qərar veriləcək.

Rəbii əlavə edib ki, İran hökuməti vətəndaşların sağlamlığını nəzərə alaraq bir sıra fəaliyyətləri məhdudlaşdırıb. Çünki vətəndaşların həyatı əsas prioritetdir.

Hökumət sözçüsü bildirib ki, bununla əlaqədar vətəndaşlara təzyiqin azaldılması üçün addımlar atılıb və kreditlərin ödənilməsi 2 ay təxirə salınıb.

Rəbii deyib ki, aztəminatlı ailələrin koronavirusla bağlı xərcləri sığorta tərəfindən qarşılanacaq:

“İranda gündəlik 1,5 milyon ədəd maskanın istehsal edilməsi istiqamətində də addımlar atılmaqdadır. Həmçinin 300 min ədəd nano-maskanın istehsal edilməsi planlaşdırılır”, – deyə o qeyd edib.

İran hökuməti rəsmisinin sözlərinə görə, yeni koronavirusun yayılması İran iqtisadiyyatına zərbə vurur. Bununla əlaqədar İranın qonşu ölkələri ilə sıx müzakirələr aparılır:

“Bu istiqamətdə İraqla bütün sərhəd gömrükləri fəaliyyət göstərilir, Əfqanıstanla sərhədlər bu gündən fəaliyyətə başlayıb. Eyni zamanda Azərbaycanla sərhədlər də aktivləşdirilib”.

İran hökumətinin sözçüsü mətbuat konfransını videokonfrans vasitəsilə keçirib.

Qeyd edək ki, İranın Səhiyyə Nazirliyi ötən gün (1 mart) indiyədək 978 nəfərin yeni koronavirusa yoluxduğunu və bu virus nəticəsində 54 nəfərin öldüyünü təsdiqləyib. İranda bütün sahələrdə fəaliyyətlər ya dayandırılıb, ya da məhdudlaşdırılıb.