“İlham Əliyevin ətrafı hər dəqiqə ona yalan məlumatlar çatdırır” – HAFİZ HACIYEV

Baxış sayı:
9301

"Xaricdəki "söyüş kampaniyası" hakimiyyətin daxilindən idarə olunur"

“Yaxın vaxtlarda onların da ölkə prezidentinə olan xəyanətlərinin üstünü açacam

Daim qalmaqallı çıxışları ilə yadda qalan, bir sıra nazirləri, icra başçılarını və digər məmurları kəskin şəkildə tənqid edən Müasir Müsavat Partiyasının sədri, prezidentliyə keçmiş namizəd Hafiz Hacıyevlə ölkədə baş verən siyasi-ictimai proseslər, hazırda gündəmin əsas mövzularından biri olan türk konfederasiyası ideyası, o cümlədən digər önəmli məsələlərlə bağlı söhbətləşdik.
- Hafiz bəy, sizin də namizəd qismində iştirak etdiyiniz prezident seçkilərindən sonrakı siyasi mühiti necə dəyərləndirirsiniz?

- Ümumiyyətlə, seçkilərdən sonra istər-istəməz arzuedilməz fikirlər ortaya çıxır, seçkilərdən sonra xalqın gözləntiləri çox olur. Xalq gözləyir ki, dünənki neqativ hallar təkrarlanmayacaq, müəyyən haqsızlıqlara son qoyulacaq. Biz prezidentliyə namizədlərdən də xalq çox şey gözləyirdi. Biz o etimadı doğrulda, verdiyimiz vədlərin heç birini yerinə yetirə bilmədik. Bizim özümüzün də aldanmağımız, xalqı aldatmağımız da ortaya çıxır. Əgər mən xalqımın, dövlətimin yanında ola bilmirəmsə, seçkilərdən sonra xalqımın ümidləri doğrulmursa, əlbəttə xalq arasında şayiələr yaranır, narazılıqlar olur. Yəni ümidlər tıxanır, divara dirənir. Düşünürəm ki, səbrli olmalıyıq, dözməliyik. Mən çox ümidliyəm, hər zaman da demişəm ki, dövlətçilik üçün həyatımdan keçməyə hazıram və bu, 4 prezident seçkilərində də göründü. 2003-cü ildən bəri etdiyim xidmətlər də Azərbaycan xalqının gözü qarşısındadır. Dövlətimin ayaqda qalması üçün nə lazımdırsa etmişəm. Bu yolda gəncliyimi itirmişəm. Prezidentliyə 4 dəfə namizəd olmuş biri kimi xalqın səsini istənilən yerə çatdırmışam. Amma bəzi məsələlər həll olunsa da, bəziləri həll olunmamış qalıb. Çox təəssüf hissi keçirirəm ki, seçkilərdən sonra xalqın gözləntilərinin əksəriyyəti yerinə yetirilmir. Qalib gələn prezident həmin gözləntiləri həyata keçirməkdən ötrü böyük iradə ortaya qoyub, lakin çox böyük maneçiliklər var. Bunu açıq şəkildə demək lazımdır.
Bəziləri düşünür ki, kimlərsə namizəd oldu, televizorda çıxış etdi və bununla da məsələ bitdi. Qətiyyən belə deyil. Şəxsən Hafiz Hacıyev Azərbaycan siyasətində öz sözünü deməyib. Deyən günlərim olacaq. Mən dövlətimi canımdan, həyatından artıq istəyirəm və istəyəcəm də. 2003-cü ildə Azərbaycan dövləti nə vəziyyətdə idi? Hansı təhlükə qarşısındaydı? Onda mən həyatımı ortaya qoydum, canımı qurban verməyə hazır oldum və dövləti təlatümlərdən qurtardım. Ancaq bunun qədri bilinmədi. Əgər kimlərsə fikirləşirsə bu yolla Hafiz Hacıyevi pisikdirəcəklər, səhv düşünürlər. Mən siyasətçiyəm, böyük partiyam var. Heç də naümid deyiləm. Seçkilərdə 5-ci yeri tutmuşam. Bu da mən üçün qanedicidir. Əlbəttə 10 milyonluq xalqın arasında verilən namizədlər arasında 5-ci yeri tutmuşamsa, səslərimi oğurlayıb bir özü, bir papkası olan Zahid Oruca yazıblarsa, bunu Azərbaycan xalqı görür. Onun nə partiyası, nə də özündən başqa bir kimsəsi vardı. Lakin Hafiz Hacıyevin və digərlərinin adı-sanı var. Odur ki, prezident seçkilərindən sonra şəxsən məni qane edən heç nə yoxdur. Köhnə hamam, köhnə tas. Heç kim də düşünməsin ki, bizim partiyaya vurulan zərbələri Hafiz Hacıyev və onun komandası bağışlayacaq. Kimlərsə gedib bizim işlərimizə qara yaxmaq istəyirlərsə, yaxın vaxtlarda onların da ölkə prezidentinə olan xəyanətlərinin üstünü açacam. Bundan sonra lazım olacaqsa öz ölümümə fərman verib siyasi mübarizəyə ayrı cür qoşulacam. Heç kim düşünməsin ki, Hafiz Hacıyevin 4 dəfə prezidentliyə namizəd olub dövləti canı və qanı ilə qoruması hədər gedəcək. Hafiz Hacıyev hələ cavandır, sözünü deməyi də bacarır, partiyasında çox ciddi fiqurlar var. Bunu ölkənin rəhbərliyi də bilir. Əgər ölkə rəhbərliyi mənim partiyamdan 1 nəfəri qıyıb bu hakimiyyətdə xidmətçi olmağa imkan vermirsə, bu partiya onlara bunu bağışlamayacaq. Bu nə hədədir, nə qorxudur. Mən dövlətimi, ölkə başçısını sevirəm, ona böyük hörmətim var. Onu axıra qədər müdafiə edəcəm. Amma onun ətrafında ona və onunla bərabər mənə xəyanət edənləri bağışlamayacam! Çox qısa müddətdə Hafiz Hacıyev bu seçkilərdən sonra oynanılan oyunları açıb ortaya qoyacaq. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə komandası tərəfindən hansı xəyanətlər olur, kimlər tərəfindən Avropadakı insanları İlham Əliyevin üzərinə qaldırırlar, hansılar pulu hansı və kimlər vasitəsilə çatdırır, Azərbaycanda qarışıqlıq yaratmaqdan ötrü insanları necə qıcıqlandırırlar və digər məsələlər ortada olacaq. Heç kim düşünməsin ki, onlar bu gün xaricdə milyardlar yığacaq, balaları kef edəcək, bizlərsə ac-yalavac küçələrdə gəzəcəyik. İlham Əliyevin ətrafı hər dəqiqə ona yalan məlumatlar çatdırır. Şəxsən mənim haqqımda da yalan məlumatlar çatdırırlar. Bunlar hamısı açılacaq. Bu dövlətə, vətənə xəyanət etmək olmaz. Biri gedir şəhidin evini uçurdur, biri gedir digərini qanunsuz şəkildə həbs edir, biri birini orda döyür. Belə olmaz, bu millət yiyəsiz deyil. Bunlar hamısı prezidentə qarşı olan işlərdir. Görürsünüz, Avropa Şurasında başımıza nə oyun açdılar, ABŞ Konqresi başımıza nə oyunlar gətirir. Biz bu dövləti qurmamışıq ki, 5-10 oğru, quldur talan etsin. Mən bugünkü vəziyyəti gördüyüm üçün hələ o vaxt koalisyon hökumətin qurulması təklifini irəli sürdüm. Bundan da pis vəziyyət yaranacaq. Bunu da görürəm.
- Bildiyiniz kimi, bu il prezident seçkiləri bir neçə ay öncəyə çəkildi. Sizcə eyni proses parlament seçkilərində də yaşana bilərmi? Ümumiyyətlə, parlament seçkilərinə qatılmağı planlaşdırırsınız?
- Partiya hər zaman seçkilərə hazırlaşmalıdır. Bu seçkilərdə də gücümüzü gördülər. Amma mən desəm ki, bu gün növbədənkənar parlament seçkiləri keçiriləcək, bu, birbaşa parlamentin və prezidentin səlahiyyətidir. Biz onun səlahiyyətinə qarışa bilmərik. Lakin ölkədəki bugünkü vəziyyət, gedən proseslər bizi qane etmir. Gördünüz, Ermənistandakı son hadisələr bu ölkəni artıq bir demokratik dövlət kimi dünyada önə çıxartdı. İndi bir erməni dığası - Paşinyan bizə meydan oxuyur, Azərbaycan torpaqlarında bizə ultimatum verir. Bu istər-istəməz xalq arasında qıcıq yaradır. Bunu səmimi demək lazımdır. "Hər şey əladır" deyib yalan danışmaq olmaz. Elə deyil axı. Buna görə də partiyamız parlament seçkilərinə də hazırlaşır. Hazırda partiyada müavinlərlə aramızda böyük narazılıqlar yaranıb ki, 4 dəfə prezident seçkilərində iştirak etmiş bir partiyanın haqqı nədir, sən bizi hara aparırsan? Ona görə də növbədənkənar qurultay çağırılıb. Təkpartiyalılıq ola bilməz. Azərbaycan xalqı tək Yeni Azərbaycan Partiyasından ibarət deyil. Əgər təkpartiyalı sistemdirsə, o zaman elan etsinlər. Daha bu partiyaların fəaliyyət göstərməsinə nə ehtiyac var?! Yenə deyirəm ki, gedən gizli proseslər məni qane etmir. Və mən istəmirəm ki, bu neqativ, çirkin oyunların içində yenidən çirkaba batım. Axşamatan hamı mənə söyür. Nə qədər əziyyət çəkən insanlar var mənə söyür. Xaricdə müsahibə verən insanlar birincə məndən yapışırlar. Hafiz Hacıyev niyə özünə söydürməlidir? Mən sizin var-dövlətinizi mənimsəməmişəm axı. 1 manatlarını yemişəmsə, burnumdan töksünlər. Deməli, mən əziyyət çəkim, başqalarının övladları isə xaricdə keflə yaşasınlar, Dubayda dollar vannasına bəzənsinlər. Mən əziyyət çəkim, Hacıbalanın (Hacıbala Abutalıbov nəzərdə tutulur-red.) oğlu vəhhabiliyi qəbul edib, Bakıda restoran açsın?! Partiyada bu məsələlər müzakirə olunur. Və mən qınaq obyektinə tuş gəlirəm ki, bir sədr kimi partiyamın üzvlərimin etimadını doğrulda bilməmişəm. Bunu edə bilmirəmsə, onda siyasi xəttimdə ciddi korrektə etməliyəm. Məni bu yola məcbur edirlər. Məcbur edirlər ki, Hafiz Hacıyev sən dillən. 2003-cü ili yadlarına salsınlar, xatırlasınlar ki, Hafiz Hacıyev olmasaydı axırları nə olacaqdı. Ona görə də bu partiyaya ögey münasibəti heç kimə bağışlamayacam! Kim istəyirsə, istənilən dəqiqə məni tuta bilər. İki dəfə türmədə oturmuşam, bu da üçüncü dəfə olar. Amma mən dövlətimə və onun başçısına xəyanəti bağışlamayacam. Bu gün prezidentə qarşı çox böyük xəyanətlər olur. Yersiz həbslər edirlər, şəhid ailələrinin evlərini sökürlər, camaatı incidirlər. Kəndlər, rayonlar batıb gedir. Yalandır, heç bir şey yoxdur ortada. Rəqəm üzərində hər şey var. Gördünüz, bugünlərdə pambıqçılar zəhərləndi. Niyə hamı deyir ki, prezident hara baxır? Niyə demirlər ki, o sahəyə cavabdeh olanlar hara baxır? Artıq üçüncü aydır ki, susmuşam. Amma bu dərəcədə vicdansızlıq olmaz. Biz partiya olaraq çox ciddi siyasi mübarizəyə başlayacağıq. İlham Əliyevin təklənməsinə imkan verməyəcəm. Avropadan, ABŞ-dan, sağdan, soldan döşüyürlər. Kimdir bunu edən? Onun ətrafındakılardır. Onlar çalışırlar ki, prezidenti təkləyib küncə sıxışdırsınlar. Dövlətin milyardlarını talan edib yeyənlər, onların balaları bizim şəkillərimizi Avropada tualetlərə vurdurdular. Düzdür, dedim, tədbir görüldü. Ancaq bu gün onlardan da pisləri var. Əziz qardaşıma çatdırmaq istəyirəm ki, ətrafın səni elə aldadır, elə yalanlar damışırlar ki, heç olamayan kimi. Mənim haqqımda da yalan deyirlər. Vicdanları yoxdur, şərəfsizdirlər, namussuzdurlar. Onların özlərinin mənim yanımda prezident haqda dediklərini ölkə başçısına çatdıranda Azərbaycanda 10 ballıq siyasi zəlzələ olacaq.
- Xaricdəki "söyüş kampaniyası"ndan söz düşmüşkən, sizə elə gəlmirmi ki, bu proses kimlərsə tərəfindən idarə olunur?
- Bu məsələlər daxildən idarə olunur və artıq araşdırıb bunun axırına çıxmışam. Orda mənim adamlarım, tanışlarım var. Hamısı Azərbaycan hakimiyyətinin daxilindən idarə olunur.
- Kimlərdir? Adlarını çəkə bilərsiniz?
- Hamıya bəllidir, kim edir. Burda məqsəd prezidenti təkləməkdir. Yəni hakimiyyət daxilindəki qüvvələr demək istəyir ki, biz olmasaq, sənə Azərbaycanda imkan verməzlər. Həmin insanlara (xaricdəki "söyüş kampaniyası"nda iştirak edənlər nəzərdə tutulur-red.) pul da burdan gedir, onlara faktlar da burdan verilir. Ona görə də xaricdə nəsə axtarmağa dəyməz. Çox ciddi faktlar var, istəmirəm onları açım. Hamı görür və bilir. Niyə burda tək prezidentdən söhbət gedir? Niyə digərlərinin adı çəkilmir? Nə üçün başqalarını söymürlər? Məgər, xaricdə adalar alanlar, milyardları olanlar, balaları xaricdə eyş-işrətdə yaşayanlar yoxdur? Deməli, hamısı burdan drijor çubuğu ilə idarə olunan insanlardır. O da hamısı prezidentin öz ətrafındadır.
(ardı var)
Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU