“İcra başçısı dedi ki, məndən şikayət etmisən, ona görə sənə heç bir köməklik göstərməyəcəm” – QARABAĞ QAZİSİNDƏN PREZİDENTƏ MÜRACİƏT
Qazax rayon sakini Murğuzov Bəxtiyar Ramiz oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyəvə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edir:
“Cənab Prezident!
Hörmətli Birinci vitse-prezident!
Mən, Murğuzov Bəxtiyar Ramiz oğlu, bildirirəm ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin çağırış əsasında 21.01.2017-ci ildən 02.07.2018-ci ilədək Naxçıvan Muxtar Respubilkasının N saylı hərbi hissəsində xidmət etmişəm. Xidmətimi başa vurduqdan sonra, 05.08.2019-cu ildə Qazax rayonunun N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi qulluqçu kimi xidmətə başlamışam.
27.09.2020-ci ildə Azərbaycan Respubilkasının ərazi bütovlüyü uğrunda gedən döyüşlərə qatılmışam. 10.12.2020-ci ildə Fizulinin azad olunması uğrunda gedən döyüşlərdə 3 snayper gülləsiylə ağır yaralanmışam. Cənab Prezidentin verdiyi sərəncama əsasən, Fizulinin azad olunmasına və hərbi xidmətə görə, müharibə iştirakçısı medalları ilə təltif olunmuşam.
Müharibə zamanı ağır yaralandığıma görə, İkinci dərəcəli Vətən Müharibəsi əlili olmuşam.
Cənab Prezident!
Hörmətli Mehiban xanım!
Vəziyyətimlə əlaqədar olaraq Qazax rayonunun icra başcısı Rəcəb Babaşova kiçik sahibkarlıqla məşğul olmaq üçün 10-15 kvadrat metirlik torpaq sahəsinin verilməsi üçün xahiş etmişəm. Lakin İcra Hakimiyyəti mənə yalan vədlər verərək, aldadır. Məsələ ilə bağlı Sizə, Mehriban xanıma və Zeynal Nağdalıyeva məktub göndərdiyim üçün mənə deyirlər ki, “sənə kömək olunmayacaq”. Bir sözlə, Sizə müraciət ünvanladığıma görə, icra başçısı Rəcəb Babaşov əsəbləşib.
24.05.2024-cü ildə, saat 09:00-da qəbulda olan zaman mənə dedi ki, sən dəfələrlə şikayət ərizəsi ünvanlamısan, ona görə də mən sənə heç bir köməklik göstərməyəcəm. Eyni zamanda, mənə dedi ki, sən MAXE olmusan, dövlətdən maaş almısan, buna görə də Vətənə olan borcunu yerinə yetirmisən. Mən ona bildirdim ki, bəli, cənab başcı, mən Vətənə borcumu yerinə yetirmişəm və bununla da fəxir edirəm.
Hətta onu da dedim ki, bu yaxınlarda qəbula da yazılacam, şikayətimi bildirəcəm. Cavab verdi ki, “get nə istəyirsən et, kimə, hara yazırsan yaz, onsuz da kömək olunmayacaq”. Bundan sonra məni oaqdan qovdu
Onu da bildirmək istəyirəm ki, ümidimi üzməyib, Qazax rayonunun Bələdiyyə sədri Tofiq Orucovla da görüşüb, söhbət etmişəm. 3-4 gün bundan əvvəl Tofiq Orucovun təklifi ilə yenidən İcra Hakimiyyətində qəbulda oldum. Lakin görüş zamanı Tofiq Orucov səsini çıxarmadı. Halbuki mənə söz vermişdi ki, kömək edəcək.
Cənab Prezident!
Diqqətinizə çatdırım ki, atam Murğuzov Ramiz Bəxtiyar oğlu birinci Qarabağ müharibəsi veteranıdır. Hal-hazırda ürək və şəkər xəstəliyindən əziyyət çəkir. Mən sizdən xahiş edirəm ki, ailəmi, özümü dolandırmağım üçün mənə kömək olunsun, 10-15 kvadrat metirlik torpaq sahəsi verilsin”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.