"BOSNİYA QƏSSABI"nın TƏMTƏRAQLI DƏFNİ - Müsəlmanlara qarşı qətliam törədəni kimlər “qəhrəman” elan edir? / FOTOLAR

Baxış sayı:
112

Srebrenitsa soyqırımında, Sarayevo qırğınında və Bosniya müharibəsi zamanı törətdiyi digər çoxsaylı insanlığa qarşı cinayətlərdə ittiham olunan general Ratko Mladiç bir neçə gün əvvəl Serbiyada təmtəraqla dəfn edildi. Bu təmtəraq heç də bütün serblərin mövqeyini əks etdirməsə belə, dəfn mərasiminin yüksək səviyyədə təşkili, oraya minlərlə serbiyalının toplaşması və onun böyük izdihamla yola salınması, Serb Provoslav Kilsəsi başçısının dəfn mərasimində bu hərbi canini “qəhrəman” elan etməsi, ən əsası isə mərasimə hökumət, parlament təmsilçilərinin, eləcə də hazırda orduda xidmətdə olan yüksək rütbəli hərbçilərin, o cümlədən Serbiyanın müdafiə naziri Bratislav Qasiçin də qatılması təkcə Avropa deyil, dünya çapında qalmaqal yaradıb. 

Almaniyada çoxlarının Adolf Hitlerin mənəvi varisləri kimi təqdim etdiyi ultrasağçıların – AfD-nin seçkidə qazandığı sensasiyalı qələbə, Fransada və digər Avropa ölkələrində ultrasağçı, qatı millətçi partiyaların güclənməsi fonunda Mladiçin bu cür izdihamlı dəfni xüsusi hiddət, həyacan, ən əsası isə təhlükə doğurur. Bütün bunları Avropanın yenidən İkinci Dünya Müharibsəindən öncəki ab-havaya dönüşünün ilkin siqnalları kimi qəbul edənlər var və onları heç də haqsız saymaq olmaz…

Xatırladaq ki, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Haaqa Tribunalı Bosniya serbləri ordusunun sabiq komandiri Ratko Mladiçi rəsmən soyqırımda, insanlıq əleyhinə cinayətlərdə, həmçinin müharibə qanunları və ənənələrini pozmaqda təqsirkar bilib. Onun cinayətləri istintaq zamanı çoxsaylı dəhşətli faktlarla, eləcə də şahid ifadələrilə sübuta yetirilib. Tribunal 2017-ci ildə 74 yaşlı Mladiçi ömürlük həbs cəzasına məhkum edib. Ağır xəstəlikdən əziyyət çəksə də, Tribunal ölən günə qədər onu azad edərək Serbiyaya verməkdən imtina edib…

Serbiya tərəfi 2011-ci ildə onu həbs edərək Haaqa Tribunalına təhvil verib. Məhkəmə iclası 530 gün davam edib və burada yüzlərlə şahidin ifadəsi dinlənilib. Mladiç 1995-ci ilin iyulunda Srebrenitsa şəhərində təxminən 8 min bosniyalı müsəlmanın (kişi və oğlan uşaqlarının) qətlə yetirilməsinin baş təşkilatçısı və rəhbəri olub. Onun cinayətləri bosniyalıların yaddaşında elə bir dərin iz buraxıb ki, hətta Serbiyanın indiki Prezidenti Aleksandar Vuçiç qətliamın baş verdiyi Srebrenitsaya gedərək, qurbanların qarşısında baş əyərək barışıq əli uzatsa da, onun bu fədakar jesti qəbul olunmadı...

Özü şəxsən, nümayişkaranə şəkildə insanların qətlində, işgəncələrdə iştirak edən və “Bosniya qəssabı” kimi ad çıxaran Mladiç öz mənəvi simasını məhkəməyə və şahidlərə qarşı ədəbsizlik etməklə bir daha ortaya qoymuşdu. Bundan öncə isə onu məhkəməyə təhvil verən o vaxtkı Serbiya Prezidenti Boris Tadiç demişdi ki, Mladiçi təhvil verməklə “Serbiya bu biabırçı ləkəni öz üzərindən sildi”. Lakin Mladiçin dəfnində yaşanan izdiham belə qənaətə gəlməyə əsas verir ki, həmin ləkə yenidən geri qayıdır…

Bosniya və Herseqovina hakimiyyəti Mladiç üçün genişmiqyaslı dəfn mərasimi təşkil edilməsinə etiraz olaraq Serbiyadakı səfirliyindəki bütün diplomatlarını (səfir istisna olmaqla) geri çağırıb. Bosniyanın xarici işlər naziri Elmedin Konakoviç isə bildirib ki, Belqradın Mladiçin dəfn mərasiminə yanaşması “bütün qırmızı xətləri keçib”. 

Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen öz sosial media hesabında paylaşım edərək Mladiçin dəfn mərasimindən yayılan görüntülərin şokedici olduğunu vurğulayıb: "Ratko Mladiç müharibə cinayətləri törətməkdə təqsirli bilinmiş hərbi cinayətkar idi. O, soyqırım, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıyırdı. O, Srebrenitsa soyqırımı və digər cinayətlərə görə ömürlük həbs cəzasını çəkərkən vəfat edib. Dəfn mərasimində rəsmi dəstək elementlərinin olması və bəzi yüksək vəzifəli serb rəsmilərinin iştirakı dərin təəssüf doğurur".

Əslində, bütün dünyanın gözü qarşısında törətdiyi ağır bəşəri cinayətləri istintaqla da sübut olunan birisinin Avropanın “göbəyindəki” bir ölkədə bu cür təmtəraqla, “qəhrəman” kimi yola salınması bir daha bəşər tarixindəki müharibələrin, kütləvi qətllərin və soyqırımın niyə bu gün də davam etdiyini açıq şəkildə göstərir. 

Göstərir ki, cəmiyyətlər qatı millətçilik, irqçilik, dini ayrıseçkilik, imperiyaçılıq və s. xəstəliklərdən əziyyət çəkməkdə davam etdikcə, bəşəriyyət tarixi çoxsaylı ədalətsiz müharibələr, qətliamlar, soyqırımlar yaşamağa məhkumdur. İkinci Dünya Müharibəsi ərəfəsindəki alman cəmiyyəti də bu xəstəliyin ən bariz nümunəsi idi və Hitler həmin savaşda qalib gəlsəydi, onun da dəfninə milyonlar, on milyonlar toplaşacaqdı və o, öz xalqının “qəhrəmanı” kimi yola salınacaqdı...

Belə cəmiyyətlərdə “vətən uğrunda qəhrəmanlıq”la hərbi cinayət arasındakı ayırıcı xətt gözlə görünməyəcək həddə qədər nazilir və hakimiyyətlər də bu prosesə rəvac verdikdə, həmin xətt tamamilə yox olur. Belə hallarda qarşı tərəfdəki insanların kütləvi şəkildə məhv edilməsi “böyük tarixi məqsədin qaçılmaz qiyməti”, yaxud tibbi dildə desək, “yan təsirlər” kimi qəbul edilir və buna haqq qazandırılır. Necə ki, biz bunu hazırda Ukraynaya, yaxud Yaxın Şərqdə fələstinlilərə qarşı aparılan müharibələrdə də görməkdəyik...

Sanki insanlığın, bəşəriyyətin genetik kodunda özünüməhv tapşırığı yazılıb və bu qənaət Mladiç kimi hərbi canilərin əməllərinin və onlara öz xalqlarının əhəmiyyətli bir qismi tərtəfindən verilən qiymətlərin timsalında daha çox öz təsdiqini tapır. Təəssüf ki, belələri “qəhrəman” elan edildikcə, hörmət-izzətlə dəfn olunduqca, adları öz xalqlarının tarixinə layiq olduqları lənətlə deyil, ehtiramla yazıldıqca, bəşəriyyətin sonu da daha sürətlə yaxınlaşacaq…

Cəlal Məmmədli