Tibb məntəqəsinin tikintisinə ayrılan pullar yeyildi, tikinti yarımçıq qaldı - NAZİRƏ MÜRACİƏT / VİDEO

Baxış sayı:
103

Ağdam rayonu, Xıdırlı kəndinin bir qrup sakini tərəfindən Hurriyyet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə səhiyyə naziri Teymur Musayevə müraciət edən şikayətçilərin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Teymur Musayev!

Biz, Xıdırlı kənd sakinləri olaraq, Sizə müraciət edib, uzun zamandır kəndimizin həllini tapmayan ən ciddi problemlərindən biri ilə bağlı kömək istəyirik.

Belə ki, 750 ailənin yaşadığı kənddə bu günə qədər fəaliyyət göstərən tibb məntəqəsinin olmaması sakinləri olduqca ağır vəziyyətdə qoyub. Əslində, kənddə tibb məntəqəsinin binası tikilib. Lakin binanın daxili tam hazır vəziyyətə gətirilmədiyindən və müxtəlif səbəblərlə istifadəyə verilmədiyindən kənd əhalisi illərdir əziyyət çəkməyə məcbur qalır.

Xəstə insanlar, ağır vəziyyətdə olan yaşlılar, əlillər, şəhid ailələri, qazilər və körpə uşaqlar bu laqeydliyin əziyyətini çəkirlər. İnsanların əli-ayağı sındıqda, yaralandıqda və ya təcili tibbi yardıma ehtiyacı olduqda onları kilometrlərlə uzaqda yerləşən şəhər xəstəxanalarına aparmağa məcbur oluruq. Körpə uşaqlar yüksək hərarətdən əziyyət çəkəndə valideynlər çarəsiz qalır. Kənddə nə aptek, nə də ilkin tibbi yardım göstərə biləcək məntəqə var. Bu vəziyyət insanların həyatı üçün real təhlükəyə çevrilib”.

Şikayətçilər qeyd edirlər ki, tibb məntəqəsinin tikintisini həyata keçirən şirkət külli miqdarda yeyintiyə yol verdiyindən, səhiyyə ocağının tikintisi yarımçıq qalıb:

“Sakinlərin müraciətləri zamanı aidiyyəti qurumlardan bizə bildirilir ki, tibb məntəqəsinin tikintisini həyata keçirən şirkət tərəfindən külli miqdarda yeyinti hallarına yol verilib və məhz bu səbəbdən açılış gecikir. Əgər doğrudan da hansısa məsuliyyətsizlik və ya qanunsuzluq baş veribsə, bunun əziyyətini niyə sadə kənd sakinləri çəkməlidir?

Bu gün başqa bir xəstəxanaya çatmaq üçün insanlar təxminən 30 kilometr yol qət etməli olurlar. Maddi imkanı və şəxsi avtomobili olmayan ailələr isə çıxılmaz vəziyyətdə qalır”.

Kənd sakinləri onları narahat edən daha bir problemi də nazirin diqqətinə çatdırıblar: “Kənddə sahibsiz itlərin insanlara hücum etməsi halları da baş verir. Quduzluq əleyhinə peyvənd vurulması üçün sakinlər uzun məsafə qət etməyə məcbur olur. Bir sakinin ayağına paslı mismar batdığı halda, tibbi yardım olmadığı üçün primitiv üsullarla müalicə aparılır. Sabah həmin insanın vəziyyəti ağırlaşsa, qan zəhərlənməsi baş versə, bunun məsuliyyətini kim daşıyacaq?

Hörmətli Teymur Musayev!

Sizdən xahiş edirik ki, kəndimizin bu acınacaqlı vəziyyətini diqqətdə saxlayasınız və Xıdırlı kənd tibb məntəqəsinin qısa müddətdə tam hazır vəziyyətə gətirilərək istifadəyə verilməsi üçün aidiyyəti qurumlara ciddi tapşırıqlar verəsiniz. İnanırıq ki, vətəndaşların sağlamlığı və həyatı Sizin üçün də prioritet məsələdir.

Onu da qeyd edək ki, Xıdırlı kəndində yaşayanların hamısı insanlardır, onlar da  xəstələnə bilirlər”.

Jalə FAMİLQIZI

Hurriyyet.az